"Daha çox layihələrimiz var, amma reallıq odur ki, bəzilərini gerçəkləşdirmək üçün maddi vəsait lazımdır"
Yaşadığımız informasiya çağını mediasız təsəvvür etmək mümkün deyil. Bunun nəticəsidir ki, indi müxtəlif dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yüzlərlə KİV ictimaiyyətə xidmət edir.
Müəyyən mənada informasiya siyasətləri, profilləri fərqli olsa da, hər birinin məqsədi eynidir - daha çox auditoriyaya xitab edə bilmək. Kimisə bunun üçün əyri yollara üz tutur, kimisə də yaşana biləcək bütün çətinlikləri nəzərə alaraq əsl peşəkar kimi davranır.
Bu günlərdə bir yaşını qeyd edən "24 media" saytı media mühitinə yenicə qədəm qoymasına rəğmən, tez bir zamanda seçildi, sevildi. Sözsüz ki, ilk növbədə peşə dəyərlərinə sadiqliyi nəticəsində müvəffəqiyyət qazandı.
"Sherg.az" saytı olaraq bir il ərzində gəlib keçdiyi yolla daha yaxından tanış olmaqdan ötrü "24 media"nın baş redaktoru, BDU - nun Jurnalistika fakültəsinin müəllimi Anzulə Pərviz qızı ilə həmsöhbət olduq:
- Saytın yaradılması ilə bağlı təşəbbüs necə oldu?
- Mən ingilis bölməsində "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi" fənnini tədris etdiyimdən tələbələrin öyrəndiklərinə əsasən yazılar hazırlamaqlarını tələb edirəm. Həmin vaxt həm də "Bakı Universiteti" qəzetinin redaktoru idim. Dərs vaxtı nəzəri məsələləri öyrənməklə yanaşı yazıları da müzakirə edirdik. Hərdən tələbələr yazmaq üçün müraciət edirdilər. Amma rəhbərlik etdiyim mətbu orqan sahə qəzeti olduğu üçün çərçivədən çıxa bilmir, hər mövzunu dərc etmirdik, digər saytlara müraciət etməli olurduq. Bu isə məhdud yazıların yayımına səbəb olurdu. Odur ki, saytın yaradılmasının təşəbbüskarı elə özümüz olduq.
-Niyə məhz "24 media"?
- Adı da tələbələrlə müzakirə etdik. Hər qrupdan müxtəlif adlar təklif etmələrini və yazılan adların birini anonim səs çoxluğu ilə seçəcəyimizi bildirdim. Saytın yaranması təşəbbüsü irəli sürülən qrupda 24 tələbə təhsil alırdı. Bu həm də günün 24 saatı kimi də anlaşılır. Sonda elə bu adın daha məntiqli olduğu qəbul edildi.
- Maraqlıdır, media mütəxəssislərindən ibarət Jurnalistika fakültəsində bu addıma münasibət ilk vaxtlar necə oldu?
- Saytın yaradılmasının, həqiqətən, faydalı olduğu qənaətindəyəm. Doğrusu, mən həm də gələcəkdə tələbələrin hansısa saytda təcrübə keçmək, məzun olduqdan sonra iş həyatına başlamaq və s. kimi məqamlarda da çətinliklərlə üzləşməmələri, təhsil aldıqları müddətdə müəyyən təcrübəyə yiyələnmələrinə görə bütün enerjimi saytın yaradılmasına sərf etdim. Beləliklə, bu bir il ərzində tələbələr də kifayət qədər inkişaf etdilər, bildiklərini praktik formada təkmilləşdirdilər.
- İndi saytın peşəkarlıq meyarları haqda nə deyirlər?
- Saytın peşəkarlardan ibarət olduğunu demək obyektiv olmaz. Çünki saytımızla gənc jurnalistlər əməkdaşlıq edirlər, peşəkar olmaq üçün çalışırlar. Odur ki, saytımız peşəkarlıq baxımından ən öndə olandır deyə bilmərik, amma Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin də vurğuladığı kimi saytın çox yaxşı gələcəyinin olacağına ümid edirik.
- Sizcə, bu saytı digər KİV-dən fərqləndirən xüsusiyyətlər nələrdir?
- Digər saytlardan fərqli olaraq, saytın əməkdaşları heç bir maddi gəlir əldə etmirlər. (gülür) Belə bir söz var ki, zər qədrini zərgər bilər. Biz isə özümüzü hazırda zərgər hesab etməsək də, o məktəbi təmsil etdiyimiz üçün jurnalistikanın qızıl qaydalarına maksimum əməl etməyə çalışırıq. Artıq bir ildir ki, böyük enerji ilə cəmiyyətə faydalı olmaq, yerli və xarici olmaqla müxtəlif mövzularda yazılarla, yeni rubrikalarla oxuculara çatmaq üçün çalışırıq.
- Saytın qısa zaman ərzində bu qədər uğur qazanmasının, tanınmasının arxasında hansı "sirr" dayanır?
- Dəyər verdiyiniz üçün təşəkkür edirik. Amma biz hələ 1 yaşlı körpənin edə biləcəklərini etdiyimizi deyə bilərik. Saytımıza nəzər salsanız, rəngarəngliyin şahidi ola bilərsiniz, yəni jurnalistikanın əksər janrlarını əhatə edəcək yazılar hazırlanır. Əslində, daha çox layihələr var, amma reallıq odur ki, bəzilərini gerçəkləşdirmək üçün maddi vəsait lazımdır. Biz isə məhdud imkanlar çərçivəsində bacardığımızı etməyə çalışırıq.
- Əsas yaradıcı heyət tələbələrdən ibarətdir. Onların bu qədər dinamik, həvəsli işləmələrini təmin edən hansı məqamlardır?
- Başlıca səbəb inkişafa meyilli olmaq, nəzəri bilikləri tətbiq etmək ehtirasıdır. Təbii ki, tələbəlik dövründən imzalarını tanıtmaq hədəfləri də bu işdə mühüm rol oynayır.
- Siz kollektiv üzvlərinin əksəriyyətinin həm müəllimləri, həm baş redaktorlarısınız. Necə düşünürsünüz, hansı daha çətindir?
- Çox yaxşı sualdır. Jurnalistika fakültəsi univerisitetin digər fakültələrindən fərqlidir. Yəni burada müəllim kimi çalışmaq o qədər də asan deyil. Bu fakültədə dərs demək, auditoriyaya daxil olmaq üçün hər dəqiqə inkişaf etməli, dünyada baş verənlərdən xəbərdar olmalısan. Çünki texnologiyanın sürətli inkişaf etdiyi bir dövrdə əksər tələbələr daim axtarışdadırlar, məlumatlıdırlar və müstəqil fikir ifadə edirlər. Digər fakültələrdə seminar dərsləri nə qədər sakit keçirsə, bizim fakültədə bir o qədər səs-küylü olur. Hər bir tələbə müxtəlif mövzulara münasibət bildirir, razı və narazı məqamları əsaslandırmağa çalışır. İndi təsəvvür edin, belə tələbələrlə iş mühiti necə keçir. Bu, daha da çətindir. "24Media"nın whatsapp qrupu var, demək olar ki, günün çox hissəsini oradayıq. Bəzən olur ki, yazı müəlliflərinin fikirləri digər tələbə - həmkarlarını qane etmir, elementar səhvi də "bağışlamaq" istəmirik. Halbuki bu gün həmin səhvləri , təəssüf ki, əksər saytlar edirlər. Və bütün bunlarla yanaşı gənclər arasında lüzumsuz incikliklərin olmaması, münbit şəraiti qorumaq üçün mübarizə apardığım gecələr də az deyil.
- Anzulə xanım, bəziləri nəzəriyyəni bilməyənlərin praktikada uğur qazana bilməyəcəyini deyirlər. Bəziləri isə əksinin də mümkün olduğunu iddia edirlər. Ötən bir ilə əsasən sizin bu barədə fikirləriniz necədir?
- Gənclərin başlanğıcda "24Media"da fəaliyyətləri zamanı nəzəriyyənin onlara xəyal qırıqlığı yaşatdığı anlar da az olmayıb. Məsələn, oxucunu aldatmaq, çaşdırmaq məqsədilə xəbər başlıqlarının qəbuledilməzliyi və s. kimi məsələlərə tam riayət etdikdə yazıların oxunma sayının az olması onları məyus edirdi. Yəni nəzəriyyədə öyrəndikləri bəzən praktikada eynilə tətbiq olunmur. Ümumilikdə, isə məncə, nəzəriyyə insanı daha da güclü edir. Bu, yalnız jurnalistika sahəsinə aid deyil. Bütün peşələrə şamil edirəm. Geridə qalan müddət ərzində bir daha şahidi olduq ki, nəzəriyyəni yaxşı mənimsəyən gənc əməkdaşlar daha inamlı olmaqla daha tez professionallıq qazandılar.
- Media ilə bağlı gələcək üçün hansı planlarınız var?
- Yaş artdıqca təbii ki, planlar da böyüyür. Bu bizim saytımıza da aiddir. Əsas odur ki, bütün planları oxuculara sadiqliyimizlə reallaşdıraq. Yazdıqlarımızla insanları yanıltmayaq, aldatmayaq, yaxşıları yaxşı, yamanları yaman kimi təqdim edək. Şər-böhtandan uzaq, nüfuzun ləkələnməsinə səbəb olmadan, ilkin mənbələrə istinad etməklə qərəzsiz fəaliyyət göstərək.