Mediada müəllif hüquqlarının qorunması çətinləşib

Bəzən əldə olunan xəbəri başqaları götürüb "halal" mallar kimi istifadə edirlər


Mediada müəllif hüquqlarının qorunması kifayət qədər mürəkkəb məsələdir. Dövlət qurumlarının gündəlik verilən informasiyalarda müəllif hüququ qorunub-qorunmaması ciddi narazılığa səbəb olmur. Çünki dövlət qurumları bir xəbəri eyni anda bir neçə media quruluşuna göndərir. Məqsəd isə informasiyanı ictimaiyyətə çatdırmaq, oxunmasına nail olmaqdır.

Ona görə də bütün saytlar eyni informasiyanı tirajlaya bilərlər. Bu mənada müəllif hüququnun qorunması jurnalistin xüsusi araşdırma yazıları üçün keçərlidir. Əksər hallarda bu hüquqların pozulduğunun şahidi oluruq. Son zamanlar sürətlə çoxalan internet kanalları müəllif hüququnu kobud şəkildə pozurlar. Müxtəlif araşdırmalar, analitik yazılar, reportajlar internet kanallarında istinadsız təqdim olunur.
Sözügedən problemə politoloq Azər Rəşidoğlu da toxunub. Analitik feysbuk hesabında  müəllif hüquqlarının pozulduğuna dair status paylaşıb:
“Bəzi internet kanalları, ictimai fəallar və saytlar fikirlərimə toxunmadan öz adlarından verirlər. Son status-təhlilimə bir “youtube” kanalında 300 min baxış var. Lakin mənə istinad yoxdur. Bu, oğurluq və haqqa girməkdi. Etməyin belə”.

Müəllif hüquqlarını pozanlara qarşı mübarizə aparmalı, maarifçilik işi görməlidir

Televiziya verilişləri ilə bağlı da eyni məsələ keçərlidir

Media eksperti Zeynal Məmmədli isə  Azərbaycan qanunvericiliyində müəllif hüququnun qorunması ilə bağlı müəyyən problemlərin olduğunu deyib.  Onun sözlərinə görə, xüsusən, mediada müəlliflik hüququ və əqli mülkiyyət hüququnun  sərhədlərinin dəqiq müəyyənləşdirilərək hüququn təmini məsələsi tam tənzimlənmir: "Məsələn, Amerika qanunvericiliyində bu kimi məsələlər tam xırdalıqlarına qədər tənzimlənir. Musiqi, əsər, media materiallarından istifadə ilə bağlı məsələlər qanunvericilikdə  konkret olaraq əksini tapıb. Mediada xəbərlərin ictimai əhəmiyyəti və hər kəsin məlumat almaq hüququ əsas götürülərək onların təkrar istifadəsinə yol verilir.

Amma məzmundan istifadə yolverilən olsa da, müəllifin ifadə formasının eyni ilə təkrarlanmasına icazə verilmir. Televiziya verilişləri ilə bağlı da eyni məsələ keçərlidir. Burada sadəcə sosial şəbəkələr və medianı ayırmaq lazımdır. Özünü media hesab edənlərin fəaliyyəti həm də media qanunvericiliyi ilə tənzimlənir. Burada media olduğu həm könüllü bildirilə, həm də istifadəçi sayı ilə müəyyənləşdirilə bilər. Bizdə bununla da bağlı birmənalı natamamlıq var və internet resursları da media hesab olunur. Amma internet insanların özünü azad ifadə məkanıdır. Şəxs internetdən özünü ifadə kimi istifadə edirsə, fəaliyyət sərhədləri daha genişdir. Media olanda istər-istəməz sərhədlər daralır”.

Müəlliflər özü görünməsə də, onun araşdırma, veriliş və filmləri ayrı-ayrı media orqanlarını dolaşır

Media hüququ üzrə  ekspert Ələsgər Məmmədli isə deyib ki, Azərbaycanda əqli mülkiyyət Konstitusiya ilə qorunan təminat altındadır: “Müasir kommunikasiya vasitələrinin inkişafı və informasiyanın çox sürətlə kopyalanıb yayıla bilmə imkanlarının mövcudluğunda sistemli olaraq bu məsələlərə nəzarət olmursa, kobud hüquq pozuntularına gətirib çıxarır. Müəlliflər özü görünməsə də, onun araşdırma, veriliş və filmləri ayrı-ayrı media orqanlarını dolaşır. Dünyanın əksər  ölkələrində müəllif hüquqları ilə bağlı pozuntular olsa da, bizdə vəziyyət daha acınacaqlıdır. Halbuki, Azərbaycanda həm “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanun var, həm də ölkə “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasına qoşulub”. Qanunvericiliyin pozulması ilə bağlı yaranan məsuliyyət də  mülki qanunvericilikdə əksini tapıb. Detallar şaxələndirilməsə də, baza var. Amma Azərbaycanda problem qanunun olmaması ilə bağlı yox, onun tətbiqi ilə bağlıdır. Qanunvericiliyin tətbiqinə də baxsaq, bu  sahədə də ciddi sanksiyaların tətbiqini görə bilmərik. Bu bir tərəfdən də cəmiyyətdə məhkəməyə olan inamsızlıqla bağlıdır. Digər tərəfdən isə müəlliflər özləri də hüquqlarını məhkəmə vasitəsi ilə qorumaq istəmir. Çünki müəlliflik hüququnda iki aspekt var. Müəllifin adı ilə yanaşı, əqli mülkiyyət məhsulunun kommersiya dəyəri də var. Amma bizdə maddi təzminat ikinci dərəcəli olduğundan və daha çox mənəvi aspektlər qabardıldığından çox vaxt məhkəməyə gedilmir”.

... Jurnalistikada müəllif hüquqlarının qorunması etik məsələdir

Media eksperti Azər Həsrət onlayn resurslarda müəllif hüquqlarının qorunması məsələsinin günümüzdə ən çox müzakirə olunan sahə kimi diqqət çəkdiyini deyib.

Onun sözlərinə görə, jurnalistikada plagiat məsələsi problem olmaqdan da ötəyə keçib: "Təsəvvür edin ki, adamlar özəl mənbələrdən xəbər əldə edirlər, o xəbəri yayırlar, təbii ki, açıq resurslarda yayırlar. Burada yayılan xəbəri başqaları götürüb "halal” malları kimi istinadsız dərc edirlər. İddia edirlər ki, bu xəbəri özləri əldə edib. Bu həqiqətən çox ciddi bir problemdir və qarşısı alınması da çox çətin məsələdir. Jurnalistika ilə məşğul olan hər bir kəsin ən adi ifadəni belə götürdüyü zaman istinad etmə mədəniyyəti olmalıdır. Əslində jurnalistikada müəllif hüquqlarının qorunması etik məsələdir.

Təəssüflər olsun ki, bu gün ölkədə qeyri-ciddi dediyimiz, kimlərinsə məqsədlərinə xidmət edən onlayn informasiya resurslarının böyük əksəriyyəti nəinki istinad mədəniyyətinə sahib deyillər, ümumiyyətlə, bu mədəniyyəti inkar edirlər. Yəni "onlar”a görə özləri mövcuddurlar, yaydıqları xəbərlər ən yaxşı xəbərlərdir.

Əslində isə bu oxucuya, dinləyiciyə, tamaşaçıya hörmətsizlikdir. Artıq o zaman deyil ki, hansısa bir xəbəri oğurlayıb, oxuculara sırıyasan. Qanunlar, xəbərdarlıqlar öz yerində, amma insanlarımızın vicdanı öz yerində olmadıqca jurnalistikada müəllif hüquqları məsələsi öz həllini tapmayacaq. Təklif edirəm ki, mediada müəllif hüquqlarının qorunması istiqamətində keçirilən maarifləndirici tədbirlərlə yanaşı, jurnalistlərə istinad mədəniyyətini də aşılayaq. Özünə hörmət edən jurnalist başqasının beyninin məhsulunu özününküləşdirməz. Bəziləri hələ də anlamır ki, hansısa bir yazının, fotonun, videonun mənbəyini qeyd etmək ayıb yox, əksinə, baş ucalığıdır”.

İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib

Müşfiq Ələsgərlinin sözlərinə görə, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Kodeksinin əsas tələblərindən biridir:

"Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Biri digərindən köçürmə, başqasının ideyasını, informasiyasını mənimsəyib öz adından tirajlama halları o qədər çoxalıb ki, hətta "copy-paste” jurnalistikası deyilən anlayış da formalaşıb.

İnformasiyanın qanuna zidd olaraq özününküləşdirilməsi, əsl müəllifi göstərilmədən köçürülərək tirajlanması müəllif hüquqlarının pozulması ilə paralel olaraq, digər problemlərə də yol açır. Bəzən ilkin mənbə tərəfindən yanlış faktlar üzərində qurulmuş informasiya mahiyyətinə varılmadan digərləri tərəfindən də köçürülüb tirajlanmaqla, hətta ölkənin təhlükəsizliyini təhdid edəcək səviyyəyə qalxır.

Bu baxımdan, mətbuatda, elektron və onlayn mediada, sosial şəbəkələrdə müəllif hüquqlarının qorunması təkcə etik normaların təmin edilməsi üçün yox, həm də dövlət təhlükəsizliyinin qorunmasına yardımdır. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.