Təkcə dağ çayları bəsimizdir...

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan alternativ enerji mənbələrinə görə zəngin ölkədir

Əgər Yaponiya hökuməti alternativ enerji mənbələrinin işlənməsinə investisiya cəlbində maraqlıdırsa, bu, ölkəmizin iqtisadi inkişafına müsbət təsirini göstərəcək

Bakıda keçirilən Azərbaycan-Yaponiya İnvestisiya Forumunda regionların inkişafına müsbət təsir göstərəcək layihələrin icrası ilə bağlı mühüm razılıqlar əldə edilib. Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrasına 2003-cü ildən başlandı. 4 illik dövlət proqramlarının icrası regionların simasını tamamilə dəyişdi, sosial-iqtisadi inkişafın əsas təkanverici qüvvəsi oldu. 

Regionların iqtisadi inkişafına dair proqramların icrasına zaman keçdikcə daha çox investorlar cəlb olunmağa başladı. Hazırda isə işğaldan azad edilmiş ərazilərdə nəhəng tikinti-quruculuq, yenidənqurma işlərinə başlanılıb. Cənab Prezidentin dediyi kimi, Azərbaycan dövlətinin iqtisadi imkanları, maliyyə resursları işğaldan azad edilmiş əraziləri dirçəltmək üçün yetərlidir. Bu işlərə investisiya cəlbi ilk növbədə investorların maraqlarına xidmət edir. Təbii ki, uzaqgörən siyasət yürüdən Azərbaycan dövləti investisiyalardan imtina etməyi düşünmür. Azərbaycanla bu sahədə çoxillik təcrübəyə malik ölkələrdən biri də Yaponiyadır. Bunu dünən Bakıda keçirilən Azərbaycan-Yaponiya İnvestisiya Forumunun gedişatı və qəbul edilən qərarlar da təsdiq etdi. Yapon investorlar Azərbaycanda bir sıra yeni investisiya layihələri həyata keçirmək istəyir. Xüsusən də regionlarda. Onlardan biri də  bərpa olunan enerji mənbələri sahəsinə investorların cəlb olunmasıdır. Dünənki Forumda Qarabağ Dirçəliş Fondu İdarə heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Fond Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinə investorların cəlb olunması ilə bağlı danışıqlar aparılır. Bu istiqamətdə Fond tərəfindən xüsusi layihə hazırlanır: "Artıq bir sıra Yaponiya və digər ölkə şirkətləri ilə əməkdaşlıq təşkil olunub. Biz Qarabağda bərpa olunan enerji mənbələri sahəsində layihələrin reallaşdırılması üçün böyük potensial görürük və bu istiqamətdə bir çox layihələr reallaşdırılacaq". Yapon investorlar tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bir neçə obyektə maliyyə yardımının göstərilməsi ilə bağlı texniki işlərə də başlanılıb. Hazırda ayrılacaq vəsaitlərin məbləği müəyyən edilir. Bir neçə potensial investorla danışıqlar aparılır. Burada alternativ enerji ilə bağlı layihələr də var. Yaxın gələcəkdə iqtisadi strategiya təsdiq edildikdən sonra Fond olaraq investorlar üçün müəyyən xidmətlər də göstəriləcək. 

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, ölkəmizin alternativ enerji mənbələrinin miqyası Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən hesablanıb:

- Külək, günəş enerjisi, həmçinin dağ çaylarından alınacaq enerji proqnozlaşdırılıb. Məlumdur ki, Azərbaycan alternativ enerji mənbələrinə görə zəngin ölkədir. Təkcə elə dağ çayları kifayət qədər elektrik enerjisi hasil etməyə imkan verir. Nəzərə almalıyıq ki, yalnız işğaldan azad edilmiş ərazilərdə deyil, ümumiyyətlə, bütün ölkə ərazisində axan bol sulu, gur çaylarımız var. Əgər Yaponiya hökuməti alternativ enerji mənbələrinin işlənməsinə investisiya cəlbində maraqlıdırsa, bu, ölkəmizin iqtisadi inkişafına müsbət təsirini göstərəcək. Söhbət təkcə işğaldan azad edilmiş ərazilərdən getmir. Həmin ərazilərə yaxın coğrafiyada yerləşmiş bölgələr də bundan faydalanacaq. Bu da ümumilikdə regionların iqtisadi inkişafını daha da sürətləndirəcək. 

F.İbrahimov Prezident İlham Əliyevin dünən Tərtərdə 2 su elektrik stansiyasının açılışında iştirak etdiyini xatırlatdı:         
 
- Cənab Prezident Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını etdi. Açılış zamanı Prezidentə məlumat verildi ki, “Suqovuşan-1” Kiçik Su Elektrik Stansiyasında ildə 13,8 milyon kVt/saat elektrik enerjisi istehsal olunacaq. Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan-1” və “Suqovuşan-2“ Kiçik Su Elektrik Stansiyalarının ümumi gücü 7,8 meqavatdır. Suqovuşan erməni qəsbkarlarından azad ediləndə su elektrik stansiyalarına ciddi ziyan dəymişdi, yararsız vəziyyətə düşmüşdülər. Prezidentin göstərişi ilə bu su elektrik stansiyaları bərpa olundu. Hər iki stansiya əsaslı şəkildə yenidən quruldu, elektrik veriliş xətti tam yeniləndi. “Suqovuşan-2” stansiyasında ildə 8,7 kVt/saat elektrik enerjisinin istehsal olunması nəzərdə tutulur. Əsas məqama fikir verin  ki, bu su elektrik stansiyaları təkcə işğaldan azad olunmuş ərazilərin - Suqovuşan və Talış qəsəbələrini elektrik enerjisi ilə təmin etməyəcək, həm də digər istiqamətlərə - ətraf bölgələrə elektrik enerjisi ötürüləcək. Görülən hər hansı bir iş, icra olunan layihələr regionlarda iqtisadi inkişafa xidmət edir. Düzdür, bizim ənənəvi enerji mənbələrimiz - karbohidrogen yataqlarımız hələ 100 il də xalqa, ölkəmizə çatar. Amma ekoloji tarazlıq, ekologiyanın mühafizəsi baxımından alternativ enerji mənbələri əvəzsizdir. Azərbaycanın da təbii ehtiyatları buna imkan verir. Bir halda ki, bu işlərin icrası üçün xarici investorlar çıxış edir, niyə də yararlanmayaq? Həm də məsələ regionların təminatıdırsa. Bu cür layihələr həm sərfəli, həm də əlverişlidir.