Vaxta qənaət... - Məlumatların əldə edilməsi asanlaşdırılır

“Asan İmza”nın tətbiqində hər bir yenilik istifadəçilərin rahatlığının daha da artırılmasına xidmət edir

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi 
 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aparılan rəqəmsal transformasiya və vergi xidmətlərinin elektronlaşdırılması prosesinin davamı olaraq e-taxes.gov.az portalında “Asan İmza” şəxsi kabineti istifadəyə verilib. Məlumata görə, məqsəd rəqəmsal transformasiya ilə bağlı hökumətin təşəbbüslərini, istifadəçilərin “Asan İmza” xidmətinə artan marağını nəzərə almaq, bu xidmətdən istifadəçilər üçün məsafədən və rahat istifadənin təmin edilməsidir. Platforma şəffaflıq, elektron mühafizə (konfidensiallıq daxil olmaqla) və e-təhlükəsizliyi yaxşılaşdırmaqla effektli idarəçiliyi təmin etmiş olur. Beynəlxalq standartlara uyğun yaradılmış "Asan İmza" şəxsi kabineti istifadəçilərin vaxtına qənaət etməyə və əməliyyatları qısa müddətdə yerinə yetirməyə yönəldilmiş virtual köməkçidir. 

Müasir rəqəmsal köməkçi bütün qurğularda - həm kompüterlərdə, həm də planşet və smartfonlarda əlçatandır. Şəxsi kabinetdə "Asan İmza" istifadəçisinə bir sıra imkanlar təqdim edilir. Belə ki, burada istifadəçiyə məxsus olan bütün "Asan İmza" sertifikatlarının etibarlılıq müddəti barədə ətraflı məlumat almaq, əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün onlayn ərizə ilə müraciət etmək, qüvvədə olan sertifikatların etibarlılıq müddətini artırmaq, istifadəçilər tərəfindən İstifadəçi ID-nin, PİN-kodlarını dəyişdirmək və istifadəçi tərəfindən "Asan İmza" ilə bütün imzalanmış tranzaksiyaları (PIN 2) monitorinq etmək imkanı yaradılıb. “Asan İmza” şəxsi kabinetinin əsas funksiyalarından biri də yalnız müəssisə və təşkilat rəhbərləri üçün nəzərdə tutulmuş “icazələr”in idarə edilməsidir. Bu funksiya vasitəsilə işçilərin “Asan İmza” ilə elektron xidmətlərə əlçatanlığının idarə olunması barədə qərarlar verilə bilər. Bundan başqa, artıq istifadəçilərin "Asan İmza" sertifikatlarının etibarlılıq müddətlərini yadda saxlamağa ehtiyac yoxdur, sistem əvvəlcədən bildirişləri proaktiv formada göndərir. Şəxsi kabinetdə virtual köməkçi vasitəsilə qüvvədə olan “Vətəndaş” sertifikatı ilə “İş” və ya “Dövlət” sertifikatlarının əldə edilməsi üçün müraciət etmək də mümkündür. Həmçinin istifadəçilər “Asan İmza” İstifadəçi ID-sini əlavə proqram təminatı istifadə etmədən şəxsi kabinetdə dəyişdirə bilərlər. İnnovativ xidmətlərin siyahısı daim yenilənir. Qeyd edək ki, mobil rəqəmsal imza üçün bu qədər fərqli innovativ xidmətlərin birləşdiyi belə bir şəxsi kabinet unikaldır və indiyə kimi heç yerdə istifadə edilməyib. “Asan İmza” texnologiyası gücləndirilmiş elektron rəqəmsal imzanın dünya standartlarına uyğun yaradılıb və NIST (Milli Standartlar və Texnologiyalar İnstitutu, ABŞ), Avropa İttifaqı tənzimləyicisi - eIDAS kimi dünyanın aparıcı təşkilatları tərəfindən tanınıb və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) tərəfindən ən innovativ təcrübə kimi təqdim olunub.

Multimedia Mərkəzinin direktoru, elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın koordinatoru Osman Gündüz “Şərq”ə açıqlamasında qeyd etdi ki, “Asan İmza”nın tətbiqində hər bir yenilik istifadəçilərin rahatlığının daha da artırılmasına xidmət edir: 

- “e-taxes.gov.az” portalında “Asan İmza” şəxsi kabinetinin istifadəyə verilməsi müştərilər üçün əlçatanlığı təmin edir, məlumatların əldə edilməsini asanlaşdırır. Bu, bir menyüdür və istifadəçi “Asan İmza” şəxsi kabinetinə daxil olmaqla xidmətlərdən daha rahat istifadə edə biləcək. Zatən “Asan İmza”nın özü rəqəmsal texnologiyalardan asanlıqla, maneəsiz istifadəni təmin edən xidmət növüdür. Bildiyimiz kimi Azərbaycanın yeni rəqəmsal imzası SİMA artıq identifikasiya vasitəsi olaraq tətbiq edilməyə başlanıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzInTelecom”  qurumunun məhsulu olan SİMA ilk olaraq “PAŞA Bank”ın sisteminə  inteqrasiya olunub. Artıq bu bankda bir sıra əməliyyatları, sənəd imzalanmasını SİMA üzərindən reallaşdırmaq mümkündür. Atılan addımlar Azərbaycanda rəqabətli elektron imza mühitinin yaranması üçün olduqca faydalıdır. Xatırladıram ki, hazırda mobil imza sektorunda bizdə uzun illərdir ki, inhisarçılıq var. ASAN Xidmətə dəxli olmayan, xarici vətəndaşa məxsus olan ASAN İmza sistemi xeyli müddətdir Azərbaycanın rəqəmsal sektorunda hökmran mövqe tutub və hər il də bu imzadan istifadə ilə bağlı qiymətlər artmaqda davam edir. Ümid edirəm SİMA-nın tətbiqi ilə bağlı işlər sürətlənəcək. Bunun üçün rəqəmsal inkişafa cavabdeh olan RİNN, AzİnTelekom və e-Gov-un inkişafına cavabdeh olan VXSİ Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi birgə SİMA-ya keçid planı hazırlamalı, konkret vaxt müəyyən olunmalıdır. Daha çevik və effektiv sistem olan, daha əlçatan olan, biometrik identifikasiyaya əsaslanan  SİMA-nın təqdimatından ötən 2 ay müddətində yalnız bir quruma inteqrasiya etmək potensial imkanlar baxımından  elə də ciddi irəliləyiş deyil. SİMA-nın tez bir zamanda tətbiqi dövlət və özəl sektorda, vətəndaş cəmiyyəti sektorunda rəqəmsal transformasiyanı daha da sürətləndirə bilər. Düşünürəm ki, EHİM eGov sektorunun, ASAN Login Sisteminin, dövlət qurumlarının elektron xidmətlərinin SİMA-ya inteqrasiyası üçün səylərini gücləndirməlidir.