Ermənistan Azərbaycan təbiətinə qarşı ekoloji terror törədib


İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitə vurulan zərər və ziyan qiymətləndirilir

Təbiətə, ətraf mühitə, su ehtiyatlarına, çaylara zərər vuranlar mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər

Ekologiya və ətraf mühitin mühafizəsi

   İşğaldan azad edilmiş ərazilərdəki çaylarda transsərhəd çirklənmənin onlayn şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi davam edir və cari ilin II rübündə işlər tamamlanacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Zəngilana təşkil olunan səfər zamanı bildirib. Xidmət rəisi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 11 avtomat hidroloji stansiyadan 4-ü Ermənistanla sərhəddən 10.01 kilometr məsafədə Şayıflı kəndi ərazisində Oxçuçay, 2.65 kilometr məsafədə Zəngilan rayonunun Rəzdərə kəndi ərazisində Bəsitçay və 6.5 kilometr məsafədə Qubadlı rayonunun Əliquluuşağı kəndi ərazisində Bərgüşad çayları, o cümlədən 6.2 kilometr məsafədə Ağbənd qəsəbəsində Araz çayı üzərində quraşdırılır. Çayların çirklənməsi bundan sonra onlayn qaydada izləniləcək. Bəsitçay, Oxçuçay, Bərgüşad və Araz çaylarında quraşdırılacaq avtomat hidrometeoroloji stansiyalar keyfiyyət sensorları ilə təchiz ediləcək, çirklənmə barədə ilkin məlumatların əldə edilməsinə şərait yaradacaq. U.Tağıyeva bildirib ki, stansiyalarda suyun temperaturunun və su sərflərinin avtomat rejimdə ölçülməsi çirklənmənin mənşəyinin təyinində və çirklənmə yükünün hesablanmasında mühüm rol oynayacaq: “Əvvəllər hidroloji və suyun keyfiyyətinə dair monitorinq müəyyən edilmiş vaxtlarda aparılırdı, bu isə yalnız ölçmə zamanı su obyektlərinin hidrokimyəvi vəziyyətini qiymətləndirməyə imkan verirdi. Lakin ölçmə müddətləri arasında hər hansı bir fövqəl və qısamüddətli  çirklənmə baş verərkən onu qeyd etmək mümkün olmurdu. Quraşdırılacaq avtomat stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və vaxtlı-vaxtında lazımi tədbirlər görmək imkanı verəcək. İstər beynəlxalq qurumlar, istərsə də Azərbaycanın istənilən yerli qurumu həmin stansiyalar vasitəsilə çayın çirklənmə səviyyəsi barədə onlayn məlumat ala biləcəklər". Xidmət rəisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən su obyektlərində suyun keyfiyyətini müəyyənləşdirmək məqsədilə 2020-ci il dekabrın 25-dən başlayaraq mütəmadi monitorinqlər aparılır. Analiz üçün su və dib çöküntüsü nümunələri götürülür. Çayda ən çox çirklənmə halları yanvar-mart və iyun-avqust ayları, əsasən az sulu dövrlərdə müəyyən edilib. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhədə yaxın seçilmiş nöqtədə müəyyən edilib. Çayın çirklənməsinə səbəb Ermənistan ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis- molibden kombinatlarından atılan tullantı sularıdır. 

Xatırladaq ki, Oxçuçayla bağlı vəziyyətə Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də toxunub: “Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq? Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.

Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında Ermənistanın 28 ilə yaxın müddətdə işğal altına saxladığı torpaqlarımızda təbii sərvətlərə vurduğu ziyanın ödənməli olduğunu dedi. Professor qeyd etdi ki, hansı xarici şirkət işğalçı Ermənistan dövləti ilə işbirliyində olub, Azərbaycanın təbii sərvətlərinin talanması, ekoloji terrora məruz qoyulmasında iştirak edibsə, onlar da cavabdehlik daşımalıdır:  

- Məlumdur ki, işğal müddətində təbii sərvətlərimiz talan edildi, maddi-mədəniyyət abidələrimiz dağıdıldı. Cinayətkar Ermənistan dövləti və Qarabağdakı separatçılar xalqımıza qarşı soyqırım həyata keçirərək, təkcə insanları məhv etmədi, həm də təbiətə divan tutdular, maddi-mədəniyyət abidələrini dağıtmaqla tariximizi silməyə çalışdılar. Ermənistan tərəfdən çaylarımıza kimyəvi tullantıların, zəhərli maddələrin axıdılması bizə məlum idi. Amma işğal müddətində bununla bağlı mənbədə monitorinq aparmaq mümkün deyildi. Artıq torpaqlarımız işğaldan azad edilib və çayların, ekologiyanın çirklənməsi ilə bağlı dəqiq araşdırmalar aparmaq mümkündür. Adı çəkilən ərazilərdə, çayların üzərində quraşdırılan avtomat hidrometeoroloji stansiyalar buna imkan verəcək. Amma əsas məsələ ekologiyamıza zərbə vuranların məsuliyyətə cəlb edilməsidir. Hansı şirkətlər ki, cinayətkar Ermənistan dövləti ilə əlbir olaraq bu prosesdə iştirak edib, haram qazanc əldə ediblər, o şirkətlər də zəhmət çəksinlər zərəri qarşılasınlar. Bunun üçün həmin şirkətlər barəsində hüquqi müstəvidə lazımi işlər görülməlidir, beynəlxalq təşkilatlara bildirilməlidir. Ermənistan və onunla əməkdaşlıq edənlər təbiətimizə qarşı ekoloji terror törədib. Bunun cavabını da verməlidirlər.

“İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitə vurulan zərər və ziyan qiymətləndirilir, hər bir fakt sənədləşdirilir. Azad olunan ərazilərdə işğal müddətində qanunsuz fəaliyyətlə məşğul olan, təbiətə, ətraf mühitə, su ehtiyatlarına, çaylara zərər vuranlar mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər”.