İşçinin əlində mütləq sənəd olmalıdır

Əmək müqavilələrinin sayının artması müsbət haldır

Bütün hallarda əmək münasibətlərinin istənilən formada hüquqi tənzimlənməsi işçiyə güvən hissi verir. İşçi özünü sığortalanmış hesab edir

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 

"Son 3-4 il ərzində Azəbaycanda 400 min əmək müqaviləsi bağlanıb. Bu, 30 faizlik artım deməkdir. Ölkədə əmək haqqının minimum məbləği 2,3 dəfə, orta əmək haqqı isə 40 faizdən çox artıb. Əmək haqqı fondu 2 dəfədən çox artıb, özəl sektorda əmək haqqı fondu isə 2,2 dəfə artıb". Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Onun sözlərinə görə, bütün bu islahatlar cəmi 3 illik fəaliyyətin nəticəsidir: "Bu islahatlar təkcə dövlət tərəfindən aparılmır. Dövlət addımı atır, nəticəsi sahibkarlar və işəgötürənlərdən gəlir. Bu gün alıcılıq qabiliyyəti paritetinə görə və nominal ifadədə Azərbaycanda minimum əmək haqqı məbləği artıq MDB məkanında ikinci yerdədir. 

Azərbaycanda çox ciddi əmək münasibətləri bazası formalaşıb”. Sahil Babayev qeyd edib ki, yeni “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) mayın 1-dən istifadəyə veriləcək. Bununla da əmək müqavilələri tam elektron formatda imzalanacaq. Bu günə qədər yalnız bildirişlər sistemi idisə, bundan sonra tam əmək müqaviləsi elektron olacaq”. Nəzərdə tutulan yeniliklər haqqında danışan nazir bildirib ki, mərhələlərlə məşğulluq reyestri, ölkə üzrə məşğulluq xəritəsi və digər bu istiqamətdə yeniliklər təqdim olunacaq: 

“Düşünürük ki, ilin sonuna qədər artıq Azərbaycanda hər bir işəgötürənin, hər bir sahibkarın tam şəkildə çıxış əldə etdiyi ESPİ, İRP kimi sistemlərə bərabər elektron əmək inzibatçılığı sistemi olacaq”.
Məlumdur ki, ölkədə əmək hüquqları Əmək Məcəlləsinə görə tənzimlənir. Əmək Məcəlləsi hər bir vətəndaşın əmək hüquqlarını qoruyan hüquqi bazadır. Lakin bəzən işəgötürənlər xüsusən də vergidən yayınmaq üçün işçi ilə əmək müqaviləsi bağlamaqdan imtina edir. Bəzi hallarda isə vətəndaş özü əmək müqaviləsinin bağlanmasında maraqlı olmur. Ya bilərəkdən, ya da məlumatsızlıqdan. Ümumiyyətlə, əmək hüquqlarının nəzərə alınmadığı xidmət sahələri də mövcuddur.

 Fərdi evlərdə xidmət göstərənlər, şəxsi avtomobili ilə sürücülük edənlər, kiçik sahibkarlıq  obyektlərində çalışanlar əmək müqaviləsindən xəbərsiz işləyir. Ola bilsin, əmək müqaviləsinin bağlanması kiçik qazanclı işlərdə sərf etmir. Lakin təqaüd yaşı yetişdikdə bu insanlar hansı məbləğdə əmək pensiyası alacaq və ümumiyyətlə ala biləcəklərmi? Dövlət vətəndaşın normal yaşayış, gəlir əldə etmək hüquqlarını qoruyur, əmək müqaviləsi kimi hüquqi sənədi təsdiq etməklə vətəndaşın gələcəyini, qocalığını təmin edir. Lakin işəgötürənlərin səhlənkarlığı, məsuliyyətsizliyi və daha çox gəlir əldə etmək istəyi işçi ilə əmək müqaviləsinin imzalanmasını arxa plana keçirir, zərbə isə sonunda yenə də işçiyə dəyir. Vətəndaşın hüququnu bilməsi bu mənada vacibdir. Əmək müqaviləsi vətəndaşa hansı üstünlükləri verir?

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev “Şərq”ə açıqlamasında əmək müqaviləsinin işçinin gələcək təminatı üçün mühüm əhəmiyyət daşıdığını bildirdi: 

- Əmək müqavilələrinin sayının artması, əlbəttə müsbət haldır. Hər bir əmək müqaviləsi işçinin hüquqlarının qorunması deməkdir. Əmək Məcəlləsi artıq uzun illərdir ki, təsdiqlənib, qəbul olunub. Amma hələ də ƏM-dən yayınmağa çalışanlar var. Dövlət müəssisələrində, dövlət tabeliyindəki idarə və təşkilatlarda belə bir problem yoxdur. Problem əsasən kiçik müəssisələr, istehsal sahələri, sahibkarlıq subyektləri ilə, eyni zamanda fərdi çalışanlarla bağlı yaşanır. Əmək müqaviləsinin bağlanmaması bu deməkdir ki, çalışanın heç bir hüququ tanınmır.  Sabah-birisigün işçi xəstələnəndə, xəsarət aldıqda ona heç bir maddi yardım göstərilmir, təzminat ödənmir. Tikintidə çalışıb istehsalat xəsarəti almış insanlar olur, bəzən, təəssüf ki, fəhlənin hündürlükdən yıxılıb vəfat etməsi xəbərlərini oxuyuruq, məlum olur ki, əmək müqaviləsi, əmək münasibətləri hüquqi tənzimlənməsi yoxdur. Bu məsələdə ƏƏSMN-nin müvafiq strukturları ciddi monitorinqlər aparmalıdır. Lakin bu da hər zaman mümkün olmur. Ona görə də vətəndaş, işçi özü əmək müqaviləsinin bağlanmasında maraqlı olmalıdır. Əmək müqaviləsi əmək münasibətlərinin hüquqi tənzimlənməsidir. Bunun sayəsində işçi əmək haqqının ödənməsini tələb edə bilir, məzuniyyət hüququ əldə edir, bura analıq məzuniyyəti də daxildir, xəstə olduqda müalicə ala bilir, xəsarət aldıqda təzminat tələbi irəli sürür. Bundan başqa təqaüd yaşına çatdıqda artıq onun hesabında bəlli bir məbləğ toplanmış olur ki, bunun sayəsində də əmək pensiyası ilə təmin edilir. Bu gün əmək pensiyasının təyinində çətinliklə üzləşmiş vətəndaşlarımız var. Nəyin hesabına bu çətinliyi yaşayırlar, məhz əmək münasibətlərinin hüquqi tənzimlənməməsi səbəbindən. Bu mənada son illərdə əmək müqavilələrinin bağlanması artıbsa, əlbəttə, sevindirici haldır.

A.Quliyev qeyd etdi ki, formal əmək müqavilələri də olur. Bəzən işəgötürən işçi ilə əmək müqaviləsi imzalayır, lakin əslində bu, formal xarakter daşıyır, mahiyyətinə uyğun icra edilmir: 

- Vətəndaşlrın hüquqi savadlılığı da əsas məsələdir. Hər bir vətəndaş digər hüquqları haqqında məlumatlı olduğu kimi əmək hüquqlarını da bilməlidir. Bəzən işçi elə zənn edir ki, əmək münasibətləri  yalnız əmək müqaviləsi ilə tənzimlənir. 

Halbuki, Əmək Məcəlləsi bütün hallara şamil edilir. 2 növ əmək müqaviləsi var: Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi, bir də Mülki Məcəlləyə uyğun mülki əmək müqaviləsi. Mülki əmək müqaviləsi, məsələn, fərdi çalışanlara, müxtəlif layihə həyata keçirənlərə şamil edilə bilər. 

Bu müqavilə ilə çalışanlar qazanclarının 5 faizini Sosial Müdafiə Fonduna köçürür. Əmək müqaviləsində isə bu, 14 faizdir. Fərq bundadır ki, əmək müqaviləsi ilə işləyənlərin əmək pensiyası mülki müqavilə ilə çalışanlara nisbətən daha yüksək hesablanacaq. 

Amma bütün hallarda əmək münasibətlərinin istənilən formada hüquqi tənzimlənməsi işçiyə güvən hissi verir. İşçi özünü sığortalanmış hesab edir. Az və ya çox, o qədər də önəmli deyil. Əsas odur ki, zərurət yarandıqda işçinin əlində hüquqi sənəd olsun. Mən yenə də işçilərə, çalışanlara əmək hüquqları barədə məlumatları bilmələrini tövsiyə edirəm.