Qarşıdan Jurnalistika günü gəlir. İlk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektoruna dair xeyli ciddi addımlar atıldı.
1998-ci ilin avqustunda Heydər Əliyev tərəfindən senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verdi. Heydər Əliyev mətbuatın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin əhəmiyyətini qəbul edən siyasətçi idi. Atasının uğurlu yolunu davam etdirən Prezident İlham Əliyev ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıb.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Mətbuat həmişə, istənilən zaman kəsiyində, xalqın özünüdərk prosesinin, milli oyanışı aparıcı vasitəsi olmuş və bu gün də həmin vacib, taleyüklü funksiyanı daşıyır.
2021-ci il yanvarın 12-də MEDİA Agentliyinin yaradılması da mətbuat sahəsində həyata keçirilən institusional quruculuq prosesinin davam etdirilməsi həmin siyasətin tərkib hissəsidir. Prezident İlham Əliyev “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli fərman imzaladı. Ona əsasən audiovizual media sahəsində tənzimləməni Azərbaycan Respublikası Audiovizual Şurası (Şura) həyata keçirir.
Mətbuat günü ilə bağlı "Sherg.az"a danışan “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Azərbaycanda media sahəsində aparılan islahatlar ölkədə həyata keçirilən kompleks islahat prosesinin tərkib hissəsidir:
"Media sahəsində nəzərəçarpan müsbət dəyişikliklər məzmun, mahiyyət baxımından Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda plüralizmin, söz və məlumat azadlığının təmin edilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi, ölkəmizdə müasir çağırışlara cavab verən mətbuatın formalaşması və inkişafı istiqamətində həyata keçirdiyi siyasətin davamı kimi qiymətləndirilməlidir. İslahatların fəlsəfəsi və nəzərə çarpan dəyişikliklər, bir sıra yöndə əldə olunan nəticələr, keyfiyyət dəyişiklikləri, yaradıcı potensialın və peşəkarlığın əsas meyara çevrilməsi, hüquqi və mənəvi dəyərlər sistemi ilə söz və fakir azadlığının, dövlət və ictimai maraqların uzlaşdırılması belə düşünməyə əsas verir.
Media sahəsində ölkədə həyata keçirilən islahatların müsbət nəticələri özünü 44 günlük Vətən müharibəsindən etibarən büruzə verməyə başladı. Prezident İlham Əliyevin xalqımızın haqq səsinin dünyaya çatdırılmasındakı nümunəvi fəaliyyəti Azərbaycan mediası üçün yeni standartlar, yeni keyfiyyət ölçüləri müəyyənləşdirdi. Biz bu nümunəvi fəaliyyətin təzahürlərini artıq hər addımda hiss etməkdəyik".
E.Mirzəbəylinin qənaətincə, artıq Azərbaycan mediası üçün yüksək peşəkarlığın və vətənpərvərliyin milli standartları mövcuddur:
"Yalnız bu ölçülər çərçivəsində yüksək entuizazm, məsuliyyət və peşəkarlıq nümayiş etdirməklə islahatların qarşıdakı mərhələsində daha böyük uğurlara imza atmaq mümkündür.
Media sahəsindəki islahatlar uzunmüddətli və kompleks yanaşma tələb edən bir prosesdir. Dövlətin mediaya verdiyi dəstəyin maddi yardımdan daha çox, medianın öz potensialını üzə çıxarmasına, rəqabətə davamlı olmasına, öz ayaqları üzərində dayanmasına, ələbaxımlılıq və digər neqativ hallara son qoymasına xidmət etdiyini deyə bilərik.
Ötən zaman kəsiyində həm çap, həm də onlayn media resurslarının modernləşməsi, müasir çağırışlara cavab verməsi, peşəkarlığın yüksəldilməsi, ixtisaslaşma ilə bağlı problemlərin həlli, media savadlılığının artırılması, normativ hüquqi bazanın yenilənməsi kimi işlər görülüb.
Vergi yükünün azaldılması, bütün media mənsubları üçün əlçatan olan və subyektiv müdaxilələrə imkan verməyən və qanunvericilik çərçivəsində müəyyənləşən sosial dəstək paketlərinin nəzərdə tutulması qısa bir zaman ərzində böyük məsafə qət edildiyindən xəbər verir.
Əldə olunan nəticələr qarşıdakı dövrlərdə medianın inkişafı üçün möhkəm özül rolunu oynayacaq. Proseslərin daha da intesivləşdirilməsini stimullaşdıracaqdır".