“MEDİA il yarım ərzində 10-15 il gediləcək yolu qət etməyi bacardı”
“Jurnalistlər də, Agentlik də mediada ciddi problemlərin olduğunu başa düşür”
“Artıq növbəti mərhələyə addımlamalıyıq. Digər məsələlərin həlli üçün çalışmalıyıq”
“Yeni innovativ sahələr yaranır, bloqerlər, vloqerlər ortaya çıxır. Həm Azərbaycan mediası mürəkkəbləşir, həm də innovativləşir”
Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da azad mətbuatın inkişafı, mətbuat işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar hazırlanıb. Audiovizual Şura, Medianın inkişafı Agentliyi ( MEDİA ) yaradılıb. Ümumiyyətlə, Azərbaycanda müasir çağırışlara cavab verən mətbuatın formalaşması və inkişafı birbaşa Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün də MEDİA Agentliyinin həyata keçirdiyi dərin tədbirlər nəticəsində media sahəsindəki islahatlar uğurla davam etdirilir. 2021-ci il yanvarın 12-də yaradılan Agentlik indiyədək bir çox uğurlu layihələr həyata keçirib. Son yarım ildə media sektorunda müsbət dinamika nəzərə çarpır. Azərbaycan mediası beynəlxalq informasiya məkanında mövcud olan tendensiya və trendləri yaxından izləyir. Media fəaliyyəti sahəsində mövcud olmuş neqativ hallar aradan qaldırılır, “reket jurnalistikanın” əhatə dairəsi daralır. Bir çox saytların texniki problemləri aradan qaldırılıb, bəziləri tamam yeni tərtibata keçib. Əksər saytlar yeni rubrikalar yaradıb və ən əsası gündəlik 20 özəl material tələbini yerinə yetirmək artıq gündəlik işin adi normasına çevrilib. “Copy-paste” hallarının əsaslı şəkildə azaldığı müşayiət edilir. Azərbaycan dilinin ədəbi üslubunun tələblərinə ciddi əməl edilməsi diqqət mərkəzindədir.
Dəstək göstərilən nəşrlərdə və onların eyni adlı veb-saytlarında əsaslı dəyişiklik, müasirləşmə özünü büruzə verir. Bir sıra qəzetlər ənənəvi A3 formatı dəyişərək yeni tərtibatda B2 formata keçiblər. Qəzetlərin əksəriyyəti artıq tam rəngli nəşr olunur. Əksər qəzetin saytları ya yenidən qurulub, ya da əsaslı şəkildə dəyişib. Yazılı medianın müasir simasının formalaşması yönümündə konseptual yana gələcəyə hesablanıb.
MEDİA Agentliyi çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək verməkdədir. Çap mediasının onlayn formata keçidinin təmin edilməsi məqsədilə ilk dəfə olaraq müxtəlif qəzet və jurnalların elektron versiyasının yerləşdiriləcəyi “E-kiosk” platformasının yaradılması prosesini başa çatdırıb. “E-kiosk” platformasının əsas məqsədi ənənəvi medianın rəqəmsal mühitə uyğunlaşmasına və informasiya cəmiyyətinin inkişafına dəstək göstərməkdir.
Media sahəsindəki islahatların davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli Fərmanı ilə jurnalistlər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olan şəxslərin siyahısına daxil edilib. Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli Qərarı ilə qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışı ƏDV-dən azad olub. Veb-saytların reytinqinin və dəqiq oxucu sayının şəffaf müəyyənləşdirilməsi məqsədilə Azərbaycanın milli rəqəmsal media təhlili platforması “Metrix” layihəsi hazırlanaraq media ictimaiyyətinin istifadəsinə verilib. Jurnalistlərin ixtisaslaşması və sahəvi jurnalistikanın inkişaf etdirilməsi məqsədilə MEDİA Agentliyi dövlət qurumları və təşkilatlarla əməkdaşlıq edir. 2 il ərzində XİN, MN, BMTM, Baş Prokurorluq, İqtisadiyyat Nazirliyi , Dövlət Gömrük Komitəsi, Azərsu ASC, İqtisadi İslahatların Təhlili Mərkəzi, TƏBİB və digər qurumlarla birgə jurnalistlər üçün təlimlər baş tutub. Ali təhsil müəssisələrində media mərkəzlərinin inkişafını və təhsil prosesində ənənəvi medianın rəqəmsal mediaya inteqrasiyasının dəstəklənməsi istiqamətində addımlar atılır. Bu məqsədlə Bakı Dövlət Universiteti və Bakı Slavyan Universitetində 150-dən çox tələbənin iştirakı ilə görüş və mühazirələr təşkil edilib. Jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılması üçün il ərzində iki dəfə Fərdi jurnalist müsabiqələri reallaşır. Avropa ölkələrində geniş istifadə olunan təcrübələrə əsasən Media Reyestri formalaşdırılıb. Reyestrin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görülüb.
Qeyd edək ki, təkcə 2021-ci il ərzində Agentlik tərəfindən həyata keçirilən təlimlərə, seminarlara və digər layihələrə 60-dan çox təlimçi və 350-dən çox media nümayəndəsinin cəlb edilib.
Agentliyin fəaliyyətini Sherg.az"a dəyərləndirən internet-media eksperti Səbuhi Abbasovun fikirlərinə görə, MEDİA Agentliyində kifayət qədər peşəkar kadr mövcuddur:
"Heyət media sahəsində regionda və dünyada baş verən prosesləri izlədi. Bir neçə istiqamətdə layihələr gerçəkləşdirdi. MEDİA Agentliyi mətbu orqan rəhbərləri ilə görüşlər keçirdi. Onların təkliflərini, arzularını, şikayətlərini dinlədi. Hər kəsin verdiyi təkliflərin müəyyən qismi dəyərləndirildi.
MEDİA onlayn media subyektlərinə dəstək verməyə başladı. Beləliklə, əmək münasibətləri sağlam yol aldı. Çünki onlayn media qurumunda çalışan jurnalistlər rəsmi şəkildə qeydiyyata düşmürdülər. Vergidə daha az ödəniş tələbi üçün kiçik əməkhaqqı qeyd olunurdu. MEDİA Agentliyinin çap və onlayn media qurumlarına verdiyi dəstək əmək münasibətlərinin formalaşmasına, saytların maddi-texniki bazasının daha da güclənməsinə, reklam bazarına kimi yolu dəf etməsi ilə nəticələndi. Dəstəklərin qarşılığında müəyyən istəklər dayanır. Məsələn, mütəmadi olaraq ciddi, özəl, təhlil məqalələrinin yazılması, gündəlik özəl xəbərlərin verilməsi, həftəlik araşdırma yazıların dərci, qeyri-peşəkarlığın azalması, jurnalistlər arası müsabiqələrin keçirilməsi kompleks tədbirlərdəndir. Müsabiqələr "komsomol şərtləri" ilə reallaşmır. İnnovativ, obyektiv, yumşaq şərtlər ortaya qoyulur".
Ekspertin qənaətincə, MEDİA Agentliyi beynəlxalq sahəyə də çox önəm verir:
"MEDİA Agentliyi dünyanın qabaqcıl media təşkilatlarının və xarici ekspertlərin iştirakı ilə jurnalistlər üçün silsilə təlim və seminarlar keçirir. Son bir il ərzində ADA universitetində təlimlər baş tutur. Post- müharibə dönəmində qalib ölkənin vətəndaşları olaraq bizim sağlam mediamız, yeni nəsil gənc jurnalistlərimiz olmalıdır. Bu istiqamətdə də Agentlik bir sıra işlər görür. Xüsusilə, jurnalistika fakültəsində təhsil alan tələbələrdən ibarət MEDİA könüllülərinin yaradılması bunun örnəyidir. Artıq MEDİA könüllülərinin məzunları arasında redaksiyalarda çalışanlar da var. Son 15 ildə mediamız maneələrlə üzləşirdi. Maneələrin aradan qaldırılması qısa müddətin işi deyil. MEDİA Agentliyi də bir il yarım ərzində 10-15 il gediləcək yolu qət etməyi bacardı. Təbii ki, bu uğurla yekunlaşmamalıyıq. Jurnalistlər də, Agentlik də mediada ciddi problemlərin olduğunu başa düşür. Artıq növbəti mərhələyə addımlamalıyıq. Digər məsələlərin həlli üçün çalışmalıyıq. Yeni innovativ sahələr yaranır, bloqerlər, vloqerlər ortaya çıxır. Həm Azərbaycan mediası mürəkkəbləşir, həm də innovativləşir. MEDİA Agentliyinin böyük işlər görəcəyinə əminəm.
Sağlam və qalib ölkəyə layiq media görmək istəyirik. Bu mənada Agentliyin gördüyü işləri dəstəkləməliyik".