Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat elan edir.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən "Sherg.az"a verilən məlumata görə, media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübi biliklərini artırmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə “Media könüllüləri” Proqramına yenidən qeydiyyat başladılıb.
Proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramları, təlimlər və layihələrdə iştirakı nəzərdə tutulur. “MEDİA könüllüləri” proqramı medianın inkişafının gənclər tərəfindən təşəbbüs edilən müxtəlif layihələrlə dəstəklənməsini, gənclərin bu sahədə maarifləndirilməsini təmin edəcək.
Media könüllüsü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
− Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla)
− İntizamlılıq
− Təşkilatçılıq
− Kollektivdə işləmək bacarığı
− Operativlik
− Kompüter bacarığı
− Təşəbbüskarlıq
“MEDİA könüllüləri” Proqramı oktyabr ayından başlayaraq 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.
Müraciət üçün son qeydiyyat tarixi 20 sentyabrdır. Media könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər https://bit.ly/MEDİAkönüllü linkinə daxil olaraq qeydiyyatdan keçməlidir.