"Hər sektorda olduğu kimi media sahəsində islahatlar aparılır. Nəticə etibarilə cəmiyyətimizin mediadan çox böyük gözləntiləri var. Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması, onun həyata keçirdiyi uğurlu layihələr, Mətbuat Şurasının (MŞ) yeni İdarə Heyətinin formalaşması da islahatların tərkib hissəsidir. Media reyestri haqda fərman peşəkar jurnalist kimi fəaliyyət göstərən şəxslərin işini daha şəffaf formada qurmaları üçün yeni imkanlar yaradacaq".
Bu fikirləri "Sherg.az"a yeni təsdiqlənən MEDİA reyestri barədə münasibət bildirərkən Azxeber.com informasiya portalının baş redaktoru, MŞ-nın İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. O bildirib ki, sözügedən fərman Azərbaycan media tarixində yeni səhifənin açılmasıdır:
"Media reyestri Azərbaycan jurnalistikasında köklü dəyişikliklərə yol açacaq. Jurnalist kimi fəaliyyəti göstərən şəxslər haqqında məlumatlar vahid bazada toplanacaq. Ən çox isə cəmiyyətimiz fayda görəcək.
Məlumatların vahid bazada toplanması həm də jurnalistlərin akkreditasiya prosedurunu asanlaşdıracaq. Onların qeyri-peşəkarlardan fərqlənməsinə gətirib çıxaracaq, eyni zamanda ölkəmizdə həqiqi jurnalistika ilə məşğul olanların sayı müəyyənləşəcək.
Azərbaycan mediasına inam bərpa ediləcək, jurnalistika yeni mərhələyə qədəm qoyacaq.
Media Reyestrinə daxil edilmiş jurnalistlərə vəsiqələr veriləcək. Həmin media nümayəndələrinə jurnalist vəsiqəsinin verilməsi media mühitinin sağlamlaşması baxımından çox müsbət və vacib addımdır.
Bu işdə ən çox peşəkar media qurumları və jurnalistlər fəallıq göstərməlidir.
Reyestrə daxil edilmiş media subyektləri, jurnalistlər müxtəlif xarakterli güzəşt və imtiyazlardan yararlana biləcəklər.
Fərman vasitəsilə jurnalistlərin cəmiyyətdəki nüfuzu yüksələcək. Həmçinin onlar ictimaiyyət tərəfindən daha ciddi qəbul ediləcək".