"Media Reyestrinin qəbulu ölkə mediasının saflaşdırılması üçün atılmış önəmli, hətta inqilabi addımlardan biridir”.
Bunu "Sherg.az"a MEDİA reyestrinin əhəmiyyətindən danışarkən “Azxeber.com” saytının baş direktoru Əfsələddin Ağalarov deyib.
Baş yazar qeyd edib ki, bundan sonra ictimaiyyət də, dövlət də, ölkəmizdə nə qədər jurnalistin olduğunu biləcək:
“Reyestrin işlək vəziyyətdə olması jurnalistlərin sosial durumlarının aşkara çıxmasına və onların həlli istiqamətində işlərin görülməsinə də şərait yaradacaq. Dünənə qədər heç bir bank jurnalistlərə nəinki ipoteka, heç istehlak krediti vermirdi. Əmək müqavilələrinin olmaması, bankların jurnalistləri kredit verə biləcək etibarlı tərəfdaş hesab etməməsi jurnalistlərin durumunu ağırlaşdırırdı. İndi isə məsələ öz həllin tapacaq".
Ə. Ağalarov bildirib ki, "Media Reyestri" media subyektləri və jurnalistlər üçün məcburi deyil. Sadəcə media məlumat bazasının formalaşdırılmasıdır:
"Jurnalistlərin reyestrə düşməsi onların gələcək fəaliyyətləri üçün əlverişli imkanlar yaradacaq. Məsələn, uzun müddətdir, ölkəmizdə internet medianın öz maddi-texniki bazasının yaxşılaşdırılmasından ötrü maliyyə dəstəklərinin ayrılacağı müzakirə edilirdi. İllər keçdi, bir mexanizm təyin edildi və uğurlu nəticə də verdi. İndi aparıcı internet media subyektləri yardımlar alır. Dəfələrlə internet media subyektlərinin üzərində olan vergi öhdəliklərinin yumşaldılması, vergi tətillərinin verilməsi təklif edilir. Ciddi müzakirələr aparılır. Media Reyestri həmçinin ölkəmizdə konkret fəaliyyət göstərən media subyektlərinin gerçək sayını müəyyənləşdirəcək. Bu gün konkret şəkildə saysız-hesabsız media subyekti qeydiyyatdan keçib. Amma onların neçəsi fəaliyyətdədir, neçəsi işləyir?
Bunu bilmədən media subyektlərinə köklü yardımların edilməsi də müşkülə çevrilir.
Bizim sağlam, təcrübəli və peşəkar jurnalistikaya hər zamankından daha çox ehtiyacımız var. Media sahəsinin saflaşdırılması yönündə atılan bütün addımları media mənsubları dəstəkləməlidir. Bu, jurnalistikanın təməl prinsiplərinin yaşaması üçün önəmlidir".