İnformasiya "savaşı"nı uşaqlar üzərində aparmaq olmaz

Seymur Verdizadə: "Zorakılığa və ya hansısa xoşagəlməz hadisəyə məruz qalan uşaqlar cəmiyyətə şərti adlarla təqdim olunmalıdır"

Lalə Mehralı: "Cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklini yayımlayırlar"


  Daxili İşlər Nazirliyi (DİN) sosial media istifadəçilərinə və jurnalistlərə müraciət edib. DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymamağa çağırıb: "Bu, tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir.
  Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir. Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.
  DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatların mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur". 

  Qeyd edək ki, uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Uşaqlarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olmasını tövsiyə edən yetərli qədər etik qaydalar formalaşıb. Media zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, xəsarət yetirmə, öldürmə və başqa durumlarda zərərçəkmiş, təqsirli və ya başqa qismdə cəlb olunan azyaşlıları topluma necə təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər. Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən onların kimliyi, görüntüləri efirə verilir. DİN-in müraciəti də məhz bu problemlərin qarşısının alınmasına yönəlib.

  Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə “Şərq”ə açıqlamasında təəssüflə qeyd edib ki, uşaqların mənəvi-psixoloji durumuna mənfi təsir göstərən xəbərlərin yayılması intensiv hal alıb. KİV-lər arasındakı rəqabət peşəkarlığı arxa plana keçirib: 

“Əksər KİV-lər uşaqlarla bağlı xəbərlərin yayılmasıyla bağlı özlərinə məhdudiyyət tətbiq etmirlər. Vəziyyət o həddə çatıb ki, bəzi KİV-lər hətta təcavüzə məruz qalmış azyaşlıların adlarını açıq yazmaqdan, əllərinə düşdüyü təqdirdə fotolarını yaymaqdan belə çəkinmirlər. İnformasiya "savaşında” heç kim rəqibə uduzmaq istəmir. 

Qeyri-sağlam rəqabət mühiti cəmiyyətin müxtəlif kateqoriyalarına aid olan insanların, o cümlədən, uşaqların zərbələrə məruz qalmasına səbəb olub”. 

Azərbaycanda kriminal xəbərlərin hazırlanması ilə bağlı ciddi problem olduğunu vurğulayan S.Verdizadə bu sahədə ixtisaslaşmanın zəif getdiyini qeyd edib: 

“Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri özündə əks etdirən 
hadisələrin işıqlandırılması zamanı media nümayəndələri bir sıra yanlışlıqlara yol verirlər. Qaydalara əsasən uşaqlar haqqında məlumatlar onların özünün, valideynlərinin və ya himayəsində olduqları şəxslərin razılığı əsasında dərc olunmalıdır. 

Amma elə məsələlər var ki, hətta valideynlərin razılığı olsa belə, qanunvericilikdə uşaqların adlarının çəkilməsinə icazə verilmir. Buraya özündən asılı olmayaraq cinayət əməlinə cəlb olunmuş və ya başına açıqlanması məqbul olmayan hadisə gələn uşaqların mətbuatda adının hallandırılması məsələsi daxildir. 

Əks təqdirdə, uşaq haqqında pis reputasiya formalaşır və gələcəkdə ona zərər verə biləcək, onu cəmiyyətdə "gözü kölgəli” edəcək informasiyalar əslində data-bazalarda qorunub saxlanılır və istənilən şəxs istədiyi zaman həmin məlumatı əldə edə bilir. Buna görə də zorakılığa və ya hansısa xoşagəlməz hadisəyə məruz qalan uşaqlar cəmiyyətə şərti adlarla təqdim olunmalıdır. Amma uşaqların itkin düşməsi və ya oğurlanması haqqında informasiyalarda onların adını da, şəkillərini də tam şəkildə yerləşdirmək olar”.

  Sosioloq Lalə Mehralı isə hesab edir ki, əksər vaxtlarda mətbuat uşaqları müdafiə etməkdən daha çox onlara zərər verir, hüquqlarını tapdayır: 

"Məsələn, yetkinlik yaşına çatmayan uşaqlar haqqında material işləyəndə, habelə cinsi zorakılığa məruz qalmış, intihar etmiş uşaqlar barədə məqalə dərc edəndə, uşaqların şəklini yayımlayırlar. Bu, yolverilməzdir, yayımlasa belə, üzü görünməməlidir. Mətbuat kimsəsizlərin, çarəsizlərin silahıdır, zərərsiz, amma kəsərli silah. Uşaqlar bu siyahıda birincidir, onların müdafiəyə daha çox ehtiyacı var, istismara məruz qalan, döyülən, söyülən, zorakılıq görən uşaqları çox vaxt mətbuat aşkarlayır, lazımi orqanlara xəbər verir”.