Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, 8 televiziya kanalına xəbərdarlıq edilib. O bildirib ki, 4 dəfə efir dayandırılması sanksiyası tətbiq edilib: "Televiziyada aparılan monitorinq zamanı 323 pozuntu aşkar edilib ki, bunun da 184-ü reklamla bağlı olub. Radioda 78 pozuntu olub və bunun da 50-si reklamla əlaqəlidir. Hər aşkar olunan pozuntularla bağlı daxili bildiriş göndərilib. Məsələn, radiolarda Dövlət Himninin səsləndirilməsi ilə bağlı bəzən texniki problemlər də olur. Belə pozuntu üçün efirin dayandırılması nə dərəcə düzgün olar?. Əgər bu hal 1 həftə ərzində təkrarlansa o zaman ciddi sanksiya tətbiq edilə bilər".
Belə məsələlərin ictimaiyyətə çatdırılmasının çox yaxşı bir hal olduğunu söyləyən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli deyib ki, qanuvericiliyə əməl etmək və qaydaları gözləmək bütün televiziya kanallarının borcudur:
"Əvvəllər, xüsusən də "ATV" təcrübəsində reklamlar verilsə də, qeydiyyat aparılmırdı. Yəni müəyyən maliyyə söhbətləri var idi. Amma indi hə şey monitorinqlə aşkara çıxarılır. Audiovizual şuranın ortaya çıxardığı məsələlər gəldikdə isə, təbii ki şura reklamın məzmununa qarışmır. Lakin onun harada, nə vaxt, necə? verilməsi reklam və media haqqında qanunla tənzimlənir. Bu səbəblə də qanuvericiliyə əməl etmək və qaydaları gözləmək bütün televiziya kanallarının borcudur. Yəni onlar hansı vaxta alkoqollu, içkilərin, hansı zamanda tütün məmulatlarının reklamı veriləcəyini bilməlidir. Bunlar onsuz da müəyyən olunub və kanalların hər birində məlumatlar var. Onlar qaydalara əməl etməlidirlər. Etmədikdə isə pozuntular aşkara çıxarılır və bu barədə cəmiyyətə məlumat verilir".