“Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” adlı kitabın təqdimatı keçirilib.
Kitabın müəllifləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova ilə Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri Xatirə Hüseynovadır. Müəlliflər kitabda xəbəri təhlükəyə çevirən məqamlara toxunub.
"Sherg.az" xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli, “ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı və digər ictimai xadimlər, Jurnalistika fakültəsinin professorları və elm nümayəndələri iştirak edib.
BDU-nun Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlunun moderatorluğu ilə baş tutan tədbirdə ilk sözlə kitabın müəllifi Xatirə Hüseynova çıxış edib. O bildirib ki, cəmiyyətdə media savadlılığın artırılması labüddür:
“Saxta xəbərlər yayaraq insanlarda yanlış rəy yaradanlarla mübarizə üsullarından ən effektivi məsələnin hüquqi müstəviyə çıxarılmasıdır. Bu kitabda da sosial bəla kimi dünyanı bürüyən saxta xəbərlər mövzusuna toxunmuşuq. Eyni zamanda mövcud tendensiyaları təhlil etmişik”.
BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli hər iki müəllifə uğurlar diləyib. Professor kitabda mühüm məqamlardan söz açıldığını deyib.
Teletənqidçi jurnalist, professor, Qulu Mərərrəmlinin fikrincə, həmin kitab oxucuları elmi biliklərlə silahlandırdığı üçün xüsusi qiymətə layiqdir:
“Müəlliflər “Mediada saxta xəbərlər: yayılma səbəbləri və onunla mübarizə üsulları” kitabında proseslərin səbəbləri barədə məlumat verir, həmçinin ümumi mənzərəni də göstərir. Kitabda feyk xəbərlərə dair gətirilən nümunələr problemi bütün mahiyyəti ilə qavramağa kömək edir. Bu kitabın hər kəs üçün faydalı olacağına əminik”.
MŞ sədri Rəşad Məcid isə bildirib ki,”saxta xəbərlər”in təqdimatının Mətbuat Şurasında qeyd edilməsi gərəklidir.
“ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov kitabın müasir dövr üçün əhəmiyyət daşıdığını vurğulayaraq, müəlliflərdən “deepfake” ilə bağlı yeni araşdırma materialını hazırlamasını gözlədiyini qeyd edib.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “deepfake” mövzusuna toxunaraq kitabın vacibliyini diqqətə çatdırıb. N.Məmmədli deyib ki, bu kitabın təqdimatı bir neçə yerdə keçirilməlidir, daha geniş auditoriyaya çatdırılmalıdır. N.Məmmədlinin sözlərinə görə, saxta xəbərlərdən qorunmağın yolu media savadlılığının artırılmasıdır.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı saxta xəbərə qarşı mübarizənin önəmindən danışıb.
BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu müəlliflərin müasir nəzəri ədəbiyyatlara, Qərb və Türk mənbələrinə istinad etməsini müsbət qiymətləndirib.
BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli müəlliflərə medianın aktual mövzulardan olan saxta xəbərlər barədə araşdırma etdiklərinə görə təşəkkürünü bildirib.
Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu isə çıxışında informasiya müharibəsi haqqında fikirlərini bölüşüb.
Kitabın digər müəllifi Aynur Nəsirova feyk xəbərlərə qarşı tələbələrlə birgə mübarizə apardıqlarını da söyləyib.
Müəllif sonda təqdimatda iştirak edənlərə, kitabın ərsəyə gəlməsində dəstək olan Qeyri-Hökumət Təşkilatlarına təşəkkürünü bildirib.