XXI əsrin yeni mərhələsi kimi həyatımıza daxil olan rəqəmsal dövr terminini gün ötdükcə daha çox eşidirik. Cəmiyyətdə informasiya və bilik dövriyyəsinin sürətlənməsi ilə xarekterizə olunan dövr informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə dəstəklənir. Rəqəmsal dövrdə atılan fəaliyyətyönümlü addımlar rəqəmsallaşma prosesi adlanır. Rəqəmsal dövr ictimaiyyətin ilk dəfə internetə çıxış əldə etdiyi vaxt baxımından internet əsri kimi şərh edilir. Rəqəmsallaşan dünya yaşayış tərzimizi və dünyamızı dəyişdiyi kimi, bir sıra sahələrə də yeni baxış bucağı gətirib. Belə ki, texnoloji yeniliklər rəqəmsal media kimi yeni və innovativ sahəsinin inkişafına şərait yaradıb. Müasir dünyada rəqəmsal media nədir?
Rəqəmsal media dedikdə, data məlumatlarının onlayn formatda saxlanılması, ötürülməsi, üzərində işlənməsi proseslərinə imkan yaradan platforma başa düşülür. Bu növ medianı özündən öncəki formalarından ayıran ən böyük fərq kimi isə medianın müxtəlif kanalları arasında yaradılan qarşılıqlı əlaqə göstərilir. Rəqəmsal Media məhsullarının yaradılması texniki, bədii, analitik və istehsalat koordinasiyası daxil olmaqla müxtəlif bacarıqlara malik peşəkarlardan ibarət komandalar tələb edir. Rəqəmsal savadlılığın olması bu mühitin təməl daşı sayılır.
Xatırlamaq lazımdır ki, çap mətbuatının əsas məlumat mənbəyi olduğu dövrdə ənənəvi savadlılıq anlayışı məlumatı anlamaq və ünsiyyət qurmaq bacarığı idi. Lakin çap mediasının artıq əsas və yeganə məlumat mənbəyi olmadığı müasir dünyada onlayn media bu rolu mənimsəyib. Ənənəvi savadlılıq anlayışı da buna uyğun olaraq mütəmadi yenilənir. Texnoloji təkamülün media mühitinə kompleks təsiri və ənənəvi media məzmunlarının (mətn, qrafika, audio, video) rəqəmsal formaya inteqrasiyası medianın təsir dairəsini genişləndirmiş, məzmun istehsalı üçün tələb olunan vaxt, maliyyə xərcləri, media məzmunlarının yayımlanmasında məkan və zaman məhdudiyyətlərini aradan qaldıraraq medianı ictimai platformaya çevirib.
İngiltərəli jurnalist və vətəndaş cəmiyyəti fəalı olan Neil Vatson da rəqəmsal mühitin inkişafı və genişlənməsinin bir konsepsiya olaraq media savadlılığını dəyişməsindən danışıb. Onun sözlərinə görə, bu dövr mediada istehsal və istehlak anlayışında kəskin fərqlər yaradıb:
“Keçmişdə bütün ənənəvi medianın quraşdırma xərcləri, qaydaları və əlavə xərcləri var idi. İndi kompüteri, müəyyən biliyi və kifayət qədər vaxtı olan hər kəs jurnalist ola, öz fikirlərini internet və ya sosial media vasitəsilə təbliğ edə bilər. Bu, bir çox cəhətdən media istehlakçısının xeyrinədir. Çünki ənənəvi media uzun müddət müxtəlif rejimlərin və ya reklamçıların ehtiyaclarını təbliğ etmək üçün istifadə olunurdu. İndi isə bu vasitə ilə müxtəlif cür fikirləri oxumaq olar. Lakin hamının media yaratmaq və idarə etmək hüququ hər cür mif və dezinformasiyanı çox asanlıqla təbliğ etməyə imkan verir. Bu da öz növbəsində çox təhlükəlidir. Rəqəmsal media dövrü auditoriyanın diqqət davamlılığını da azaldıb”.
Aydındır ki, müasir media məkanında “informasiya bolluğu”nda hər bir istifadəçi gündəlik bir çox suallarla qarşılaşır. Bu şəraitdə düzgün, dəqiq, qərəzsiz məlumatlar əsasında qərar vermək, informasiya mənbələri və axını ilə səmərəli qarşılıqlı əlaqə qurmaq, məlumatlar üzrə axtarış aparmaq və təhlil etmək, doğru məlumatı yanlış məlumatdan ayırmaq üçün media savadlı olmağa xüsusi ehtiyac var. Media savadlılığı, ümumilikdə, geniş yayılmış media məhsullarına tənqidi yanaşma kimi başa düşülür. Media məhsullarının istehsalında istifadə edilən metodlar, texnologiyalar və subyektlərin, eləcə də verilən ismarıcların təhlili və bu təhlildə fərdi xüsusiyətlərin rolunu anlamaq da bu anlayışa daxildir. Sürətlə qloballaşan və interaktivliyin çox olduğu dünyada media təhsili düzgün cavablara malik olmaqla yanaşı düzgün suallar verməklə də bağlıdır. Hazırda bir çox ölkələrdə media və informasiya savadlılığı təməl insan hüquqları və dayanıqlı inkişaf anlayışları ilə demək olar ki, eyniləşdirilir. Qeyd edilənləri nəzərə alaraq, 21-ci əsrdə media savadlılığının həyati bacarıq kimi qiymətləndirilməsi təəccüblü deyildir.
Tanınmış media eksperti, əməkdar jurnalist Qulu Məhərrəmli də müasir dövrdə həm cəmiyyət, həm də media mühiti üçün media savadlılığını zəruri edir:
“Rəqəmsallıq, onlayn media, internetin hər yerə nüfuz etməsi, informasiya mənbələrinin çoxalması, əlçatımlılığın sürətlənməsi - bunlar hamısı informasiya həssaslığı yaradır. Media savadlılığı 10 ildən çoxdur ki, cəmiyyətin, təhsilin diqqət mərkəzindədir. Bu barədə tədris prosesi qardaş ölkə Türkiyədə orta məktəblərdən başlayır. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Ayrı-ayrı təşkilatlar, ictimai qurumlar bununla bağlı treninqlər təşkil edir. Eyni zamanda media qurumlarında mövzu barədə danışılır. Həmçinin Medianın İnkişafı Agentliyinin də bununla bağlı silsilə tədbirləri olur. Bunlar hamısı ona yönəlib ki, media qarşısına qoyduğu vəzifəni doğru, dürüst peşəkarcasına reallaşdırsın”.
Rəqəmsallaşan zaman kəsiyində media sənayesi süni intellekt texnologiyalarının təsirinin ən çox hiss olunduğu sahələrdən biridir. Mətn tipli məlumatların intellektual analizi, multimedia resurslarının avtomatik aşkarlanması, toplanması, müəyyən formata gətirilməsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə malikdir.
Bəzi nəşrlər artıq öz məzmunları üçün generativ süni intellektdən istifadə edir. İyun ayında dünyaca məşhur alman qəzeti olan “Bild” müxtəlif redaktor işlərini süni intellektlə əvəz edəcəyini açıqlayıb. Məşhur media agentliklərindən olan “Associated Press” uzun müddətdir ki, korporativ hesabatlar kimi mövzularda reportaj hazırlamaq üçün süni intellektdən yararlanır. Agentlik həmçinin xəbər arxivini süni intellekt modeli Chat GPT ilə paylaşacağını açıqlamışdı.
Nümunə çəkilən media orqanlarında bu vasitədən istifadə insan əməyinə olan ehtiyacın azalmasına zəmin yaradır.
Professor Qulu Məhərrəmli də texnologiyanın inkişafının və informasiyanın sürətinin insanların bilik səviyyəsindən qat-qat üstə çıxdığını diqqətə çatdırıb:
“Süni intellektin inkişafı insanlarda çaşqınlıq yaradır. Həmin texnologiya vasitəsilə “yoxdan” xəbər, eləcə də, bunu fakt kimi təsdiqləyən görüntülər yaratmaq mümkündür. Ona görə də, məlumatlı olmaq hər bir ölkə , hətta Avropa ölkələri belə üçün önəmlidir”.
Britaniyalı jurnalist N. Vatson süni intellektin media savadlılığı sahəsindəki mənfi cəhətlərini qabardıb. Onun sözlərinə görə, bu, insanların az və ya heç bir girişi olmadan surət yarada bilən böyük bir abstraksiya mexanizmidir:
“Təbii ki, bu, yuxu, ödəniş və ya tətil tələb etmir. Ancaq kompüterləşdirilmiş hər şey kimi, o, sadəcə mücərrəd məlumat qədər yaxşıdır. Nasistlərin təbliğat naziri Cozef Qebbels deyib: “Tez-tez təkrarlanan yalan həqiqətə çevrilir. Şübhəsiz ki, süni intellektdə də belədir. Vebsaytlarda təkrarlanan saxta xəbərlər kifayət qədər tirajlanarsa, süni intellekt bunu həqiqət kimi qəbul edəcək və onu sonsuza qədər təkrar istifadə edib həqiqət kimi irəli sürəcək. Rejimlərin süni intellektlə makrokosmik miqyasda öz xeyrinə manipulyasiya etmək imkanı var. Bunu tənzimləmək qeyri-mümkündür”.
Hazırda rəqəmsallaşan media fonunda informasiya bolluğuna görə insanların “feyk” xəbərlə doğru xəbəri ayırd etməsi problemə çevrilib. Adətən “şok” effekti yaratmayan real xəbərlərdən fərqli olaraq, “feyk” xəbər həmişə “partlayış” effekti yaradır. Araşdırmalar da göstərir ki, bir sosial media istifadəçisi adi xəbərlərə fikir vermir, lakin maraqlı başlıqlı və standart olmayan məzmunlu xəbərləri klikləyir. Bu isə informasiya məkanında qeyri-müəyyənlik yaradır, dezinformasiya ilə informasiyanın ayırd edilməsində çaşqınlıqla nəticələnir. Sosial Tədqiqatlar Mərkəzi 12 iqtisadi rayon üzrə (Şərqi Zəngəzur və Naxçıvan daxil olmur) 18 yaşdan yuxarı 384 nəfər arasında telefon vasitəsilə sorğu keçirib. Sorğu nəticələrinə görə, respondentlərin əksəriyyəti (67,2%-i) sosial şəbəkələrdən aldıqları məlumatın doğruluğu yoxlamağa ehtiyac duymur. Bu mənbələrdən aldıqları məlumatların doğruluğunu yoxlayanların nisbəti isə 26.8%-dir. Belə halda, saxta xəbərin sürətlə yayılması qaçılmazdır. Görəsən, media savadlılığı feyk-nyusun qarşısını ala bilərmi?
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı bildirib ki, yanlış məlumatlardan qorunmağın yolu təkcə media savadlı olmaqdan asılı deyil. Cəmiyyətin ümumi savadı, dünya görüşünün yüksək olması mühüm amillərdəndir:
“İnformasiyanın doğruluğunu anlamaq üçün insanlar peşəkar media qurumlarının tirajladığı xəbərlərdən agah olmalıdır. Həmçinin mənbələri bilməli və analiz bacarıqlarını artırmalıdırlar. Əgər insanlar sorğulamağa başlasalar, nəyə inanacaqlarını daha yaxşı bilərlər. Xüsusilə, mənbələri sorğulamalıdırlar. Əgər mənbə daimi olaraq dezinformasiya yayırsa, deməli, o etibarlı deyil”.
Rəqəmsal dövrdə media savadlılığının təmin edilməsi məqsədilə müəyyən hədəf qruplarına istiqamətlənən maarifləndirmə tədbirlərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Proseslərdən aydın olur ki, dünyada yeni tendenesiya halını almış media savadlılığı marafonunu davam etdirməkdə fayda var. Bu istiqamətdə aparılan sorğular da eyni fikri təsdiqləyir. Çünki tədqiqatlara əsasən, dünya üzərində orta məktəb şagirdlərinin 80%-i sponsorlu məzmunla real xəbər məqalələrini ayırd edə bilmir. Bu da gələcək nəsil və onların media ilə münasibəti üçün təhdid fonunu formalaşdırır. Azərbaycanda isə bu xüsusda MEDİA Agentliyi müasir texnologiyalar və kommunikasiya vasitələrindən düzgün, eləcə də, aktiv şəkildə istifadəni təbliğ etmək məqsədilə gənclər üçün media savadlılığı, dezinformasiya ilə mübarizə ilə bağlı müxtəlif təlimlər həyata keçirir. Bu istiqamətdə atılan addımlar gələcək perspektivdə Azərbaycan mediası, o cümlədən media mənsubları və istifadəçiləri üçün stimullaşdırıcı aktor rolunu oynayır.
Hazırladılar: Aygün Tahir, Çimnaz Şahlar, Xanlar Əlibəy.
P.s. Bu məqalə MEDİA Agentliyinin "Kreativ Media Bakı" məzmun müsabiqəsinə təqdim edilməsi üçün hazırlanıb.