“Yubiley medalı jurnalistikada həqiqətən əməyi olanlara veriləcək” - Rəşad Məcid

“Həmkarlarımızı bir-birinə qarşı ittihamlardan əl çəkməyə, jurnalist həmrəyliyi göstərməyə çağırıram”

“Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq  göstərməsini gözləyirik”

“Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalının təsis edilməsiylə bağlı qanun layihəsi Milli Məclisə daxil olub. Bununla əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik ediləcəyi gözlənilir. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Təbii ki, gözləntilər yubiley medalına milli mətbuatımızın inkişafında həqiqi xidmətləri olan şəxslərin layiq görüləcəyi yönündədir. Bu da qeyd edilir ki, yubiley medalı ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də təltif edilə bilər. Bu barədə yubiley medalı haqqında Əsasnamədə qeyd olunur. Əsasnamənin birinci maddəsində qeyd edilir ki, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər. 
Sosial şəbəkələrdə isə yubiley medalı “küləkləri” əsməyə başlayıb. Hələ təsis edilməmiş medalın kimlərə verilib-verilməyəcəyi sağa-sola dartışılır. Ehtimallar, ittihamlar səslənir.  

Məsələ ilə əlaqədar Mətbuat Şurasının sədri Rəşad Məcidə müraciət etdik: 

- Rəşad müəllim, “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalının təsis edilməsiylə bağlı qanun layihəsi Milli Məclisə təqdim edilib. Necə qarşıladınız bu xəbəri, gözlənilməz olmadı ki? 

- Əvvəla, Medianın İnkişafı Agentliyinin bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Bu il milli mətbuatımızın 150 yaşı tamam olur. Bununla bağlı müxtəlif tədbirlərin keçiriləcəyi gözlənilən idi. Yubiley medalının təsis edilməsi isə düşünürəm ki, jurnalistlərimizin peşəkarlığı, onların əməyinə verilən qiymət baxımından böyük stimul yaradacaq. Güman edirəm ki, bu medal müzakirələr nəticəsində haqqı, əməyi, jurnalistikamızda xidmətləri olan şəxslərə veriləcək. Amma təəssüf edirəm ki, medal məsələsi gündəmə gələn kimi bəziləri, jurnalist adına iddiası olanlar neqativ fikirlər bildirməyə çalışırlar. Məhz bu hal, jurnalistlərin və qeyri-jurnalistlərin bir-birilərinə qarşı əsassız ittihamları, ümumiyyətlə, jurnalist adına yaraşmayan halların yaranmasına səbəb olur, jurnalistlərə olan etimadı, etibarı azaldır. Bu baxımdan mən peşəkar jurnalistlərə arzu edərdim ki, bir-birilərinə qarşı əsassız ittihamlardan əl çəksinlər. Və mən əminəm ki, Media Agentliyinin bu təşəbbüsü media rəhbərlərinin, media ekspertlərinin və bu sahədə qərar verməyə haqqı çatan şəxslərin dəqiq anilizləri nəticəsində bu medallar jurnalistikada həqiqətən əməyi olan jurnalistlərə veriləcək. 

- Təxmin edirdiniz, yubileylə əlaqədar hansısa işlərin görüləcəyini? 

- Əlbəttə, biz gözləyirik ki, milli mətbuatın 150 illiyi yüksək səviyyədə keçirilsin. Dövlətimizin mətbuata dəstəyi, cənab Prezident İlham Əliyevin Azərbaycan mətbuatına verdiyi önəmi, mediaya hər zaman yüksək dəyər verməsini və dəstəyini hər zaman yüksək qiymətləndirmişik. Əminəm ki, cənab Prezidentin milli mətbuatımızın 150 illiyi ilə bağlı mühüm qərarları olacaq. Bu, mətbuatımızın qiymətləndirilməsi baxımından çox önəmlidir. Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik. Eyni zamanda özəl qurumların, şirkətlərin də milli mətbuatımızın 150 illiyinin qeyd edilməsiylə bağlı Mətbuat Şurasına müraciətləri var. Çox xoş hadisələrdən biri də bu oldu ki, “Azərsun” şirkəti milli mətbuatın 150 illiyi ilə bağlı təqvim, kitabça nəşr etdirib. Orada Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidən başlayaraq klassik mətbuatımızın inkişafında xidməti, əməyi olmuş şəxslərin şəkilləri və haqlarında məlumatlar var. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, milli mətbuatımızın 150 illiyi ölkəmizdə, ümumən ictimaiyyətin xüsusi diqqət ayıracağı bir yubileyə, bayrama çevriləcək. 

- Mətbuat Şurası da medala layiq gördüyü şəxslərin siyahısını təqdim edəcəkmi?  

- Bu məsələ həm Media Agentliyi, həm də Mətbuat Şurası tərəfindən yüksək səviyyədə təhlil olunacaq. Elə bilirəm ki, mətbuatımızda xidməti olan bütün şəxslər yubiley medalı ilə təltif olunacaqlar. Yenə də həmkarlarımızı bir-birinə qarşı ittihamlardan əl çəkməyə, jurnalist həmrəyliyi göstərməyə çağırıram. Təəssüf edirəm ki, bəzən jurnalistlər arasında məhz həmrəylik çatışmır.