Fransa dövləti iç üzünü, əsl simasını bir daha ifşa etmiş oldu
“Əlbəttə, Fransa hökumətinin bu davranışı cavabsız qalmayacaq. Demirəm biz də onlar kimi edəcəyik, fransız jurnalistləri ölkədən çıxaracaq, yaxud onlarla kobud davranacağıq”
Azərbaycanın dövlət informasiya agentliyi AZƏRTAC-ın əməkdaşının Yeni Kaledoniyaya buraxılmaması və “arzuolunmaz şəxs” elan edilməsiylə müstəmləkəçi Fransa dövləti iç üzünü, əsl simasını bir daha ifşa etmiş oldu. Avropada, okeanın o tayında guya ki, demokratik quruluş, insan haqlarının qorunması, söz, fikir azadlığının sadəcə mifdən ibarət olması artıq çoxdan bəllidir. Amma özünü super-demokratik hesab edən bəzi dövlətlər bu mifi hər dəfəsində öz davranışları ilə dağıdırlar. Dünya da onların riyakar simasını görür. İndiyədək Azərbaycanı söz, fikir azadlığının önünü kəsməkdə, plüralizmə imkan tanımamaqda əsassız yerə suçlamağa çalışan Qərbin bəzi dövlətləri çox zaman özləri qazdıqları quyuya düşür və bəd niyyətləri üzə çıxır. Bu dəfə də eyni hal yaşandı. Fransa hökuməti AZƏRTAC-ın əməkdaşını ölkəyə buraxmamaqla nə qədər “demokratik” olduğunu göstərdi. Baş vermiş hadisə ilə bağlı AZƏRTAC Dövlət İnformasiya Agentliyi və ictimai birliklər etiraz bəyanatı yayıb. AZƏRTAC-ın bəyanatında qeyd olunur ki, Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. “AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. AZƏRTAC-ın əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür. Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın “AirCalin” aviaşirkəti AZƏRTAC-ın əməkdaşına Sinqapurdan bu ölkəyə uçuşa icazə verərək, təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli “arqumentlər” gətirib. Hətta AZƏRTAC-ın əməkdaşını həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşımıza “arzuolunmaz şəxs” damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər. AZƏRTAC bu halı jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranış nümayişi kimi qiymətləndirir və bunu kəskin şəkildə qınayır. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi”.
Azərbaycan Mətbuat Şurası da AZƏRTAC-ın əməkdaşının jurnalist fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: “Fransız müstəmləkəsi Yeni Kaledoniyada yerli polisin oraya ezam olunmuş Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Aygün Həsənovaya münasibətdə nalayiq, qəddar rəftarı, ona qarşı qanunsuz davranışı – Şengen vizası olmasına baxmayaraq, əsassız tələblər irəli sürməsi Fransanın söz və ifadə azadlığına dözümsüzlüyünün aşkar göstəricisi, növbəti bariz nümunəsidir. Baş vermiş hadisə bir daha təsdiqləyir ki, özünü dünya demokratiyasının beşiyi sayan Fransa ali dəyər və prinsiplərə qətiyyən məhəl qoymur. Yeni Kaledoniya polisinin hərəkəti qəbuledilməzdir, tam yolverilməzdir. AZƏRTAC-ın əməkdaşının saxlanılması, həbslə hədələnməsi, “arzuolunmaz şəxs” kimi təyyarəyə mindirilərək digər ölkəyə yola salınması jurnalistin sərbəst fəaliyyətinin qarşısının qeyri-qanuni yolla alınmasıdır. Belə yanaşma yalnız diktatura rejiminə xas ölkələr üçün xarakterikdir. Düşünməyə əsas var ki, ümumən Prezident Emmanuel Makronun administrasiyası Yeni Kaledoniyada, belə demək mümkünsə, avtoritarizm ocağı qurmaqdadır. Bu isə Fransa adına da son dərəcə utancverici durumdur. Yeni Kaledoniya xalqının zülmdən qurtulmaq, azadlığına qovuşmaq uğrundakı mübarizəsini işıqlandırmaq üçün oraya səfər etmiş AZƏRTAC-ın əməkdaşı özünün peşə borcunu yerinə yetirmək istəyirdi. Azərbaycan Mətbuat Şurası hesab edir ki, ona qarşı aşkar qanunsuzluq bütövlükdə dünyanın media ictimaiyyətini düşündürməlidir. Nəzərə alaq ki, bu xoşagəlməz olay – jurnalistin fəaliyyətinin zorakı üsullarla məhdudlaşdırılması nəinki Yeni Kaledoniyadakı, ümumən digər fransız müstəmləkələrindəki, habelə Fransanın özündəki nümayiş və mitinqləri işıqlandıran xarici media təmsilçilərinin təhlükəsizliyi məsələsini aktuallaşdırmaqdadır. Mətbuat Şurası Yeni Kaledoniya polisinin AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı klassik diktatura quruluşlarının fəaliyyət dəst-xəttinə xas hərəkət və davranışını qətiyyətlə pisləyir, beynəlxalq təşkilatları, o cümlədən beynəlxalq media qurumlarını baş vermiş hadisəyə münasibətdə susqun qalmamağa çağırır. Şura bu qənaətdədir ki, azərbaycanlı jurnalistin üzləşdiyi antiinsani hərəkətə layiqli hüquqi qiymətin verilməməsi cəzasızlıq mühiti formalaşdırır. Belə bir mühitin mövcudluğu isə oxşar hadisələrin təkrarı üçün presedent yaradır. Ona görə də bütövlükdə Makronun rəhbərlik etdiyi fransız diktaturasının mediaya, jurnalistikaya münasibətdə qəddarlıqdan əl çəkməyə məcbur edilməsi şərtdir. Bu şərt isə yalnız mütərəqqi ictimaiyyətin səfərbərliyi, etirazı ilə yerinə yetirilə bilər. Azərbaycan Mətbuat Şurası AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı nalayiq rəftarı, onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasını bir daha qətiyyətlə pisləyir, baş vermiş olayın günahkarlarının tezliklə tapılmalarını və məsuliyyətə cəlb edilmələrini, ümumən hadisəyə müvafiq hüquqi qiymətin verilməsini tələb edir”.
Medianın İnkişafı Agentliyinin də sözügedən hadisəyə münasibəti gecikməyib. Agentliyin bəyanatında qeyd olunur ki, AZƏRTAC-ın əməkdaşının bu ölkənin rəsmi dairələri tərəfindən jurnalist kimi peşəkar fəaliyyətini yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədilməsi və polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılması jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılmasıdır və Agentlik bu hərəkəti qınayır: “Jurnalistin məhz Azərbaycandan gəldiyini əsas götürərək peşəkar fəaliyyətinə müdaxilə edilməsi və polis nəzarəti altında saxlanılaraq təyyarəyə minənədək müşahidə altında olması hadisənin siyasi sifariş olduğunu deməyə əsas verir. Bu, Fransada müxtəlif tədbirləri işıqlandıran jurnalistlərin, o cümlədən Azərbaycan media təmsilçilərinin peşəkar fəaliyyətinə maneçilik törədilməsi, onların informasiya əldə etmək hüququnun kobud, qeyri-qanuni üsullarla qarşısının alınmasına yönəlmiş növbəti addımdır. Biz dünyada ifadə azadlığının vəziyyətini qiymətləndirmək kimi kifayət qədər geniş və ciddi missiyanı öz üzərinə götürmüş beynəlxalq təşkilatların, jurnalistlərin hüquqlarının qorunması sahəsində ixtisaslaşmış QHT-nin məsələyə münasibət bildirməsini tələb edirik”.
Əməkdar jurnalist, media eksperti Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, 21-ci yüzildə Fransanın hələ də müstəmləkəyə sahib olması böyük utancdır:
"Hər şeydən öncə bunu vurğulamalıyıq. Özünü demokratiya, insan haqlarının keşikçisi, müdafiəçisi elan etmiş bir dövlət üçünsə ikiqat utancdır. Ərazisindən minlərlə kilometr ötədə - dünyanın o başında da, digər başında da müstəmləkə saxlayan bir dövlətin demokratiya və insan haqlarından danışmaq haqqı yoxdur. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi isə budur ki, azərbaycanlı jurnalistə göstərilən münasibət heç cür qəbul edilə bilməz. Jurnalist kobud davranışla üzləşıb, zorakılığa məruz qalıb, sərbəst şəkildə informasiya toplamaq hüququ əngəllənib, fəaliyyətinə imkan verilməyib. Əlavə olaraq bütün bunlarla bərabər onun həm redaksiya ilə, həm də yaxınları ilə əlaqə saxlaması əngəllənib. Bütün bunlar cavabı veriləcək suallar doğurur. Bu suallara Fransa hökuməti cavab verməlidir. Necə olur ki, dünyanın hansısa dövlətinin ərazisində jurnalistlərlə bağlı ən adi hadisə baş verdikdə, Fransa dövləti də, onun yedəyində gedən, onun idarə etdiyi beynəlxalq təşkilatlar da anında reaksiya verir, beynəlxalq təşkilatları ayağa qaldırır, amma azərbaycanlı jurnalistlə bağlı fərqli davranır, susqunluq nümayiş etdirirlər?! Dünən mən mərkəzi qərargahı Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatına, Nyu-Yorkdakı Jurnalistləri Müdafiə Komitəsinə, Brüsseldəki Beynəlxalq Jurnalistlər Federasiyasına, Vyanadakı Beynəlxalq Mətbuat İnstitutuna, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə xəbər göndərmişəm, onların reaksiyasını almaq üçün. Amma təəssüf ki, bu beynəlxalq təşkilatlardan hələ də bir reaksiya yoxdur. Sərhədsiz Reportyorlar Təşkilatı, hansı ki oxşar hadisələr zamanı operativlik yarışında digər təşkilatlarla həmişə “yarışa” girir və həmişə də “qalib” çıxır, amma bu hadisəni görə bilmir?! Bax bu, Fransanın, qərbin yalançılığıdır. İkiüzlülüyüdür. Sağ göstərib, sol vurmasıdır. Ona görə də bizim vətəndaşlarımız belə dövlətlərə inanmamalıdır. Əlbəttə, Fransa hökumətinin bu davranışı cavabsız qalmayacaq. Demirəm biz də onlar kimi edəcəyik, fransız jurnalistləri ölkədən çıxaracaq, yaxud onlarla kobud davranacağıq. Xeyr, biz onlar kimi davranmayacağıq, çünki o tərbiyənin sahibi deyilik, onlar kimi qərəzli deyilik. Amma bu hadisədən sonra Fransanın yedəyində sürünmək istəyənlər diqqətlə düşünməlidirlər".