Ailə tipli məktəbəqədər təhsil modeli hazırlanır

Elmi-Kütləvi, Mədəni-Maarif, Təhsil Proqramlarının Hazırlanması

Bu məsələdə də peşəkar kadrların olması mühümdür

“Niyə məktəbəqədər təhsil müəssisəsinə yalnız kollec məzunları təyin edilməlidir? Bakalavr, magistr pilləsini bitirənlər təyin edilsinlər, bununla məktəbəqədər təhsil müəssisəsinin səviyyəsini qaldırmış olarıq”


  Son illərdə məktəbəqədər təhsilə innovativ baxış müşahidə edilir. Məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, təlimin və tədris proqramlarının yenilənməsi, uşaqlarla iş yeni mərhələyə qədəm qoyub. Təhsilin ilk pilləsinin məhz məktəbəqədər təhsil müəssisələrindən başladığı reallığı bu sahədə yenilikləri və innovasiyaları labüd edir. Sevindiricidir ki, yeniliklərə  demokratik düşüncəylə yanaşma mövcuddur. Paytaxtda keçirilən “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfransda da bu məsələlərə toxunulub. Beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilib. Konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır.  Konfransda elm və təhsil naziri Emin Əmrullayev, digər qonaqlar, beynəxalq ekspertlər iştirak ediblər. Elm və təhsil naziri Emin Əmrullayev konfransda çıxışı zamanı qeyd edib ki, məktəbəqədər təhsil sahəsində alternativ modellərin tətbiqi ilə bağlı layihələr hazırlanır. Bununla bağlı UNICEF-lə əməkdaşlıq edilir. Nazir çıxışında vacib məsələlərdən danışıb. Bildirib ki, əsasən kəndlərdə təşkil olunacaq ailə tipli məktəbəqədər təhsil modelinin tətbiqi nəzərdə tutulur. Nazir qeyd edib ki, təhsilin inkişafının ən vacib mərhələsi erkən yaş dövrüdür. O qeyd edib ki, bu yaşda baş verən dəyişikliklər özünü ən az 15-20 il sonra göstərir. “Məktəbəqədər yaş dövründə olan dəyişikliklər o qədər də baha deyil. Söhbət hansısa çətin və ya mürəkkəb müdaxilələrdən getmir, oyunla öyrətmə, uşaqlarla vaxt keçirmə, kitab oxumaqdan gedir. Biz bu fikirləri səsləndirəndə hələ də cəmiyyətimiz buna birmənalı yanaşmır. Ailə ilə birgə axşam yeməyi yemək, uşaqdan təhsili ilə bağlı suallar vermək təsirlidir. Hər nə qədər buna ciddi yanaşılmasa da”, - deyə nazir əlavə edib. Nazir məktəbəqədər təhsil müəssisəsində çalışanların ali təhsil səviyyəsi ilə bağlı da fikir bildirib. “Orta təhsilli 20 yaşlı bir xanımı, sadəcə işlə təmin etmək üçün məktəbəqədər təhsilə götürmək olmaz. Bizim az qala gələcəyimizin məktəbəqədər təhsildən asılı olduğundan danışırıqsa, orada təhsilli, bacarıqlı insanların işləməsini təmin etməyimiz olduqca vacibdir”.  Nazir qeyd edib ki, biz adi orta məktəb attestatı kvalifikasiyası ilə uşaqları inkişafını təmin edə bilmərik. “Yenə deyirəm, mənim o insanların şəxsiyyəti ilə işim yoxdur. Məsələnin ancaq peşəkarlıq tərəfindən danışırıq. Çünki bu, olduqca vacib sahədir. Burada bizim mövqeyimiz kimisə qınamaq, pis vəziyyətdə qoymaq deyil. Uzun müddət biz məktəbəqədər və ibtidai təhsilə orta ixtisas təhsili kimi baxmışıq. Biz artıq ibtidai təhsil üçün uzun müddətdir orta təhsilli müəllimlər hazırlamırıq. Yəqin, eyni model məktəbəqədər təhsilə də tətbiq olunacaq. İndiyə qədər kim çalışırsa, işini davam etdirəcək. Onlara daha çox təhsil vermək və inkişaf etdirmək işimizin bir parçası olacaq. Amma növbəti mərhələlərdə məktəbəqədər təhsil səviyyəsi üzrə mütəxəssislərin minimum bakalavr pilləsində hazırlanmasına nail olmalıyıq. Qısa müddətdə bununla bağlı dəyişiklikləri diqqətinizə çatdıracağıq”. Nazir bildirib ki, 2026-cı ilə qədər 50 faiz uşaq məkətəbəqədər təhsilə cəlb ediləcək. O qeyd edib ki, bu zamana qədər heç vaxt uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi 50 faizə çatmayıb: “Bağçalara yalnız harasa getmək üçün uşaqları qoyduğumuz yer kimi baxmamalıyıq. Ora məktəbəqədər təhsil müəssisəsidir. Uşağa başqa insan da sevgi və qayğı verə bilər. Lakin o müəssisədə təhsil verilir. Bir çox hallarda məktəbəqədər təhsil müəssisələrində işləyənlər magistr pilləsi bitirən şəxslər olur. Həqiqətən bu sahədə işləmək peşəkarlıq tələb edir. Bizim gələcəyimiz məktəbəqədər təhsildən asılıdır. Bu səbəbdən o sahədə təhsilli, bacarıqlı şəxslər olmalıdır”. 
  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov  beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı qeyd edib ki, bu hesabatlar həm bağçaların özünün təhlili, həm də çətinliklərin aradan qaldırılması üçün zəruri addımlar atılması istiqamətində yol xəritəsi rolu oynayır. “Həmçinin bağçalarda idarənin təkmilləşdirilməsi üzrə qiymətləndirmə sənədləri hazırlanıb”, - deyə o əlavə edib.
  
Təhsil eksperti Elşən Ramizoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məktəbəqədər təhsilin ümumtəhsildəki əhəmiyyəti danılmazdır: 

"İbtidai sinfə, təhislin 2-ci pilləsinə addım atacaq uşağın təhsilini necə davam etdirəcəyi, məktəbə adaptasiyası, bilikləri mənimsəmə  səviyyəsi, sinif yoldaşlarıyla münasibətlərinin necə qurulacağı, müəllimlərə yanaşma tərzi böyük mənada məktəbəqədər təhsilidən asılıdır. Gələcəyin şagirdi məktəbəqədər təhsil müəssisəsində yetişməlidir, məktəbə hazırlıqlı olmalıdır. Burada uşağın biliklərə nə dərəcədə yiyələnməsindən daha önəmli olan o uşağın hansı dərəcədə sosiallaşmış olmasındadır. Məktəbəqədər təhsil müəssisəsinə gedən uşaq əgər sabah, birisigün məktəbə ayaq basanda susqun, süst olacaqsa, parta arxasında necə əyləşmək lazımdır bilməyəcəksə, hətta ilk dərs günü anasının, necə deyərlər, ətəyindən yapışıb sinfə daxil olmaqdan imtina edəcəksə, ağlayacaqsa, bu o deməkdir ki, həmin uşaq məktəbəqədər təhsil müəssisəsində heç nə öyrənməyib, ya da ona heç nə öyrədilməyib. Burada təhsil müəssisəsinin rolu nə dərəcədədirsə, valideynin də rolu bir o qədər böyükdür. Bəzən müəllim öyrətməyə çalışır, lakin uşaqların öyrənməyə meyilli olmadığı, bəzənsə ümumiyyətlə, öyrənmək istəmədikləri məlum olur. Təbii ki, müəyyən nitq qüsurlu, yaxud fiziki çatışmazlıqlı uşaqlar istisnadır. Amma artıq bu da sübut olunub ki, evdə valideynin diqqət ayırmadığı, ünsiyyət qurmadığı uşaqlar qaradinməz olur, sinif yoldaşlarıyla dostluq edə bilmir, sosiallaşmamış olurlar. Uşaqların sosiallaşmasında isə məktəbəqədər təhsil müəssisəsinin əhəmiyyəti və rolu çox böyükdür. Müasir dövrün tələbləri də başqadır, imkanlar da fərqlidir, uşaqların əyləncə vasitələri də 20-30 il əvvəlkindən köklü surətdə fərqlənir. Müasir uşaqlar mobil telefonlarla “dostdur”. Bu da onların nitq qabiliyyətinin zəifliyinə, düşünmə bacarıqlarının inkişaf etməməsinə gətirib çıxarır. İndi bir sıra internet oyunları var, hansı ki hamının əvəzindən insanı idarə edir.  O cümlədən də uşaqlara bu oyunların təsiri altında sərbəst düşünmə və fikrini ifadə etmək bacarığından uzaqlaşırlar. Müasir məktəbəqədər təhsil müəssisəsinin üzərinə düşən əsas vəzifə uşaqların zehni inkişafını təmin etməkdir ki, orta təhsil pilləsinə hazır şagird təqdim edə bilsinlər. Məktəbəqədər təhsil müəssisələrinin ailə tipli təhsil modelinə keçilməsi ideyası çox yaxşıdır. Bunu zaman tələb edir və biz zamanla ayaqlaşmağı bacarmalıyıq. Əlbəttə ki, bu məsələdə də peşəkar kadrların olması mühümdür. Niyə məktəbəqədər təhsil müəssisəsinə yalnız kollec məzunları təyin edilməlidir? Bakalavr, magistr pilləsini bitirənlər təyin edilsinlər, bununla məktəbəqədər təhsil müəssisəsinin səviyyəsini qaldırmış olarıq".