Rusiya daxili və xarici auditoriya üçün X sosial şəbəkəsinə bənzər öz platformasını yaratmalıdır.
Bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov deyib.
Ulyanov X sosial şəbəkəsini çoxtərəfli diplomatiyanın mühüm aləti adlandırıb:
“Sözügedən şəbəkə dəfələrlə aktual beynəlxalq problemlərin sülh yolu ilə həllinə kömək edib”.
O qeyd edib ki, sosial şəbəkədə bəzi alqoritmlər var ki, tvitləri geniş şəkildə paylaşmağa imkan vermir və abunəçilərin sayı məhduddur:
“Mən istərdim ki, Rusiya dövləti bu məsələ ilə maraqlansın, həm daxili, həm də xarici auditoriya üçün işləyən güclü platforma yaratsın. Əgər özəl bir şəxs Teleqram kanalı yaradıb və uğur qazanıbsa, yəqin ki, Rusiya dövləti də buna bənzər bir şey edə bilər. Amma bu, baş vermir, çünki bunun üçün görünür, müvafiq qərarların qəbul edilməsi lazımdır. Hələlik belə qərar yoxdur. Düzünü desəm, bu, adama təsir edir. Düşünürəm ki, bu problemi həll etsək, çox şey qazana bilərdik. O cümlədən ölkəmizin Qərbdəki imici baxımından".
Mövzu barəsində “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, sosial platformalar ölkələrin siyasi nüfuzuna birbaşa təsir göstərir:
“Sosial şəbəkələrin alqoritmləri dövlətə aid mesajların önə çıxarılması üzərinə qurulur . Sosial platformaların əhatə dairəsinin geniş olması səbəbiylə ictimai diskursa, seçkilərə, domokratiyaya və bir sıra digər vacib məsələlərə rahatlıqla təsir göstərə bilir. Onlar üzərində məqsədli şəkildə təbliğat işinin qurulması, manipulyasiya, dezinformasiya kimi alqoritmik sxemlər asanlıqla həyata keçirilir”.
Ə.Əzizbəyli söyləyib ki, sosial platformaların təsir etmə gücünü aydın şəkildə görmək üçün Amerikadakı seçkilər dövründə siyasi kompaniyaların manipulyasiyasında ondan necə məharətlə istifadə etdiklərinə baxmaq kifayətdir:
“Bəzi ölkələrdə sosial media vətəndaşları nəzarətdə saxlamaqda dövlət qurumlarının köməyinə çatır. Sosial şəbəkələr həm də qlobal problemlərin həllində və humanitar fəaliyyətin qurulmasında önəmli rol oynayır. Bir sıra dövlətlər beynəlxalq sosial media istifadəçilərinin təzyiqi əsasında addım atmağa məcbur olur”.