Müşfiq Ələsgərli: "Media orqanları Seçki Məcəlləsini və MSK-nın təlimatlarını öyrənməli və yerinə yetirməlidir"

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi


Seçki mediamızın peşəkarlığının səviyyəsini də müəyyənləşdirəcək



  İndiyədək ölkəmizdə bir çox seçki prosesi baş tutub. Bu seçkilərin hər birində ölkə mediası daha mütəşəkkil şəkildə iştirak edib. Şübhəsiz ki, müstəqilliyin ilk illərində seçkilərin mediamızda işıqlandırılması bu sahədə daha təcrübəli olan Qərb ölkələrinin KİV-indən geri qalırdı. Amma indiki halda Azərbaycan KİV-i müəyyən qədər təcrübə qazana bilib. Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən əksər media quruluşları seçki prosesinin yerli və beynəlxalq qanunlara uyğun şəkildə işıqlandırılmasında və vətəndaşların maarifləndirilməsində əsas vasitəyə çevrilə biliblər. Hətta son illər mətbuatın seçkilərə dair aktivliyi müşahidə olunur ki, bu da seçicilərdə maraq oyadır.
  Qeyd edək ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif istiqamətli maarifləndirmə layihələri intensiv şəkildə davam edir. Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə yanvarın 11-də Bakı şəhərində bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsasları mövzusunda müşavirə keçirilib.
  Müşavirədə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına toxunulub. Layihənin gerçəkləşdirilməsində başlıca məqsəd media subyektlərinin Prezident seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılıq səviyyəsinin yüksəldilməsindən ibarətdir.
  Müşavirədə qeyd edilib ki, seçkilərin mediada işıqlandırılması, səmərəli kommunikasiyanın qurulması üçün bütün imkanlar yaradılıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri  ölkənin siyasi həyatında əlamətdar hadisə olmaqla yanaşı medianın öz peşəkarlıq səviyyəsini nümayiş etdirməsi, cəmiyyəti ictimai məzmunlu məlumatlarla dolğun formada və operativ qaydada təmin etməsi üçün əhəmiyyətli fürsətdir: “Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər. İnanırıq ki, Azərbaycan mediası seçki prosesini işıqlandırarkən növbəti dəfə öz peşəkarlıq səviyyəsini nümayiş etdirəcək.
  Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində son illər həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının peşəkarlıq səviyyəsi daha da yüksəlib, jurnalistikamız keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Yeri gəlmişkən, dünən prezident yerli televiziya kanllarımızın əməkdaşlarına verdiyi əhatəli və konseptual xarakterli müsahibəsində növbədənkənar Prezident seçkilərini zəruri edən amillərlə bağlı öz dəyərli fikirlərini bildirib, bu mərhələni dövlətçilik tariximizidə yeni dövrün başlanğıcı adlandırıb. Təbii ki, 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyimizin tam bərpa olunması yeni dövrün başlanğıcıdır. Prezident seçkiləri ilk dəfə olaraq müstəqil Azərbaycanın bütün ərazisində keçiriləcək. Dövlət başçımızın da vurğuladığı kimi, prezident seçkiləri dövlətçilik tariximizin yeni dövrünə, yeni inkişaf mərhələsinə xeyir-dua verəcək”.
  Seçkilərin işıqlandırılmasında medianın rolundan danışan icraçı direktor qeyd edib ki, kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqeyinin gücləndirilməsi başlıca vəzifələrdən biridir: “Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşıyıb, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib”.

  “Sherg.az”ın "seçki prosesində Azərbaycan mediası necə davranmalıdır" sualına gəldikdə isə Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli seçki prosesində medianın rolunun kifayət qədər əhəmiyyətli olduğunu deyib. JuHİ sədrinin sözlərinə görə, medianın seçki prosesini işıqlandırmaqla yanaşı, həm də ayrı-ayrı namizədlərin reklamlarının dərc olunması, təbliğat-təşviqat kampaniyalarının təşkili  baxımından  müstəsna rolu var:

 “Ölkəmizdə ictimai-siyasi sabitlik hökm sürür. Əlbəttə ki, bu, seçki prosesinin demokratik dəyərlərə əsasən aparılmasında mühüm rola malikdir.
  Ölkəmizdə Seçki Məcəlləsinin tələblərinə uyğun azad və ədalətli seçkilərin keçirilməsi üçün lazımi şərait yaradılıb. Hesab edirəm ki, seçki prosesinin önəmli mərhələlərindən olan təşviqat kampaniyası da qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçiriləcək. 
  Cəmiyyətdə baş verən hadisələr, o cümlədən seçki prosesi ilə bağlı həm seçicilərə, həm namizədlərə, eləcə də, seçki prosesini izləyən digər insanlara həqiqətlərin çatdırılması sahəsində medianın rolu böyükdür. Əsas şərt ondan ibarətdir ki, media seçki prosesini tam obyektiv işıqlandırsın, məlumatlandırma funksiyasını qərəzsiz həyata keçirsin.
 Seçki prosesində həm müşahidəçi rolunu oynayacaq, həm də seçkinin gedişatını işıqlandıracaq media orqanları Seçki Məcəlləsini və MSK-nın təlimatlarını öyrənməli və yerinə yetirməlidir. 
  Seçki günündə KİV-in yalnız müşahidə aparmaq hüququna malik olduğunu xatırladan M.Ələsgərli deyib ki, onların hansısa prosesə müdaxiləsi yolverilməzdir. KİV bu barədə məlumatlı olmalıdır”.