“Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunanlar sırasında Azərbaycan mətbuatının inkişafında dəyərli xidmətləri ilə fərqlənən jurnalist dostlarımın- peşəkar taleyini uzun illərdir çalışdığımız “Xalq qəzeti” ilə bağlayan həmkarım İlqar Rüstəmovun, uzun illərdir jurnalist camesində hamımızın dostluq etdiyi Akif Cabbarovun adlarını görəndə xeyli sevindim. Həm də ona görə ki, onlara verilən bu mükafat əslində fədakar jurnalistikaya verilən qiymət idi. Amma bu sırada Fəxrəddin Ağamirzəyevin adına görmək isə...
Xəyal məni ötən və bizdən uzaqlarda qalan illərə apardı. 1990-cı ilin isti avqust günlərinin birində təsadüfən Naxçıvan şəhərində Fəxrəddin Ağamirzəyevlə rastlaşmağım mənim üçün bu “qərib diyarda” əsl bayram ovqatı yaratmışdı. AzərTacın (onda Azərinform) Naxçıvan müxbiri kimi fəliyyətimin heç bir ayı da tamam deyildi. Hesab edin ki, Naxçıvan blokadasının o ağır günlərində heç kəsin tanımadığı, ola bilsin ki, onda çoxlarının bir az da şübhə ilə baxdıqları Naxçıvan müxbiri üçün bu, ələ düşməyən fürsət idi. BDU-nun (onda ADU) Jurnalistika fakültəsində, təhsil illərimizdə başlanan tanışlığımız Fəxrəddini dəyərli bir dost kimi tanıtmışdı.
Naxçıvana gələndə Azərbaycan Kommunist Partiyası Saatlı rayon Komitəsinin orqanı olan “Dönüş” qəzetində şöbə müdiri işləyirdi. Hal-əhvallaşdıqdan sonra dedi ki, şəxsi təşəbbüsümlə Heydər Əliyevlə görüşüb ondan müsahibə almağa gəlmişəm. Düzü, onun həmin dövrdə atdığı bu addımın nə qədər riskli olduğunu xatirlatmağa belə imkan vermədən bildirdi ki, Heydər Əliyevin tərəfdarlarından və onun respublikaya qayıtmasının təşkilatçılarından olmuş Əjdər müəllimin (Əjdər Xanbabayev) yasının mərasiminin 40-cı günündən sonra fikrimi bir daha qətiləşdirdim. Heydər Əliyev də görüşə razılıq verib...
Az sonra Fəxrəddinin “Dönüş” qəzetinin ardıcıl 3 nömrəsində dərc olunan “H.Ə Əliyevlə müsahibə”si Azərbaycan mətbuatının gündəmində elə bir fırtına yaratmışdı ki, qəzetin bütün nüsxələrinin yığılması haqqında qərar verilmişdi. Müsahibədə Heydər Əliyevin həyat və fəaliyyətinin ən çətin məqamları açıqlanır, Azərbaycanın yaxın keçmişi, indisi və gələcək taleyi ilə bağlı dahi siyasətçinin fikirləri təqdim olunurdu. O vaxt "Dönüş" qəzetində şöbə müdiri işləyən jurnalistin bu müsahibəsi Heydər Əliyevin Moskvadan Vətənə dönüşündən sonra kommunist mətbuatında ona yaradılan ilk və yeganə çıxış imkanı olmuşdu. Sıravi bir jurnalistin bu addımı o vaxtkı hakimiyyət dairələrində çaşqınlıq yaratsa da, Əliyevsevərlərin əhvalına yeni bir bayram ovqatı qatmışdı.
Bu müsahibəyə görə həmkarımız o vaxt nəinki cəzalandırılmış, hətta bu məşhur müsahibənin dərcindən iki gün sonra dilindən iltizam alaraq “bir də əlinə qələm almaması şərtilə” “öz ərizəsinə əsasən” işdən qovulmuş və sevimli peşəsi olan jurnalistikadan didərgin salınmışdı. Amma nə təqiblər, nə də hədələr onu bu yoldan çəkindirmədi, əksinə Heydər Əliyev ideyalarına daha da dərindən bağladı. Naxçıvanda işlədiyim dövrdə Fəxrəddini Naxçıvan Ali Məclisinin binasında, o dövrün təlatümlü toplantılarında dəfələrlə gördüm. Onda ancaq hava yolları açıq olan və blokadaya salınmış Naxçıvana gedib-gəlməyin özü belə, əslində fədakarlıq idi.
Fəxrəddin üzun illər o müsahibənin əziyyətini çəkdi. Ona bu əziyyəti verənlər isə ermənilər deyildi, “canı-qanı” özümüzdən olan xəbislər və xainlər idi. Sonralar hüquqi təhsilə yiyələndi, ədliyyə orqanlarına təyinat aldı. Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Respublika Prokurorluğunun orqanı olan “Qanunçuluq” jurnalının ilk təşkilatçısı və naşiri, daha sonra ölkədə ilk olaraq üç dildə nəşr olunan “Beynəlxalq hjüquq” jurnalının təşəbbüskarı, yaradıçısı və baş redaktoru oldu. Sonra test imtahanından, müsabiqələrdən keçərək hakim təyin olundu. Fədakar jurnalist xidmətinin bəhrəsi olaraq daha rahat bir vəzifəni də tuta bilərdi. Amma uzun illərdir – 13 ildən xeyli artıqdır ki, ailəsindən, evindən ayrı düşərək (əslində ayrı salınaraq) Füzuli Hərbi Məhkəməsinin hakimi kimi fəaliyyət göstərir və vəzifəsinin öhdəsindən ləyaqətlə gəlməyə çalışır.
İllər əvvəl içtimaimaiyyətə təqdim olunan “Dönüşdən Qurtuluşa” kitabı Fəxrəddinin Heydər Əliyevlə, onun ailəsi ilə görüş və xatirələrinin bir hissəsi olsa da fədakarlığının təsdiqi idi. Yadımdadır ki, kitabın Azərbaycan Mətbuat Şürasında keçirilən təqdimatında (2012-ci il) mərhum Əjdər Xanbabayevin qızı Afət xanım Xanbabayeva çıxışında söylədi ki, Fəxrəddin Ağamirzəyevin o çətin günlərdə Heydər Əliyevdən aldığı və dərc etdirdiyi müsahibə əsl vətəndaşlıq və fədakarlıq nümunəsi idi. Atam bilmirdi ki, onu Heydər Əliyevlə münasibətinə görə öldürəcəklər. Fəxrəddin isə ölümü ilə üz-üzə durduğunu bilirdi. O, bunu bilə-bilə Heydər Əliyevlə görüşə getmişdi...
34 il əvvəl başladığı müqqəddəs iş Fəxrəddin Ağamirzəyev üçün ənənəyə çevrildi. Onun Ümummili Lider Heydər Əliyev və Heydər Əliyev yolunun layiqli davamçısı Möhtərəm Prezident və Ali Baş Komandan İlham Əliyevin xalqımızı xoşbəxt gələcəyə aparan, beynəlxalq nümunəyə çevrilən siyasət və fəaliyyətindən davamlı olaraq yazmaqdadır.
Sonda Ağamirzəyev Fəxrəddin Mansur oğlunu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunması münasibətilə ən xoş arzularla təbrik edirəm. 34 il əvvəl jurnaliskadan “qovulan” dostumuzun belə bir şərəfə layiq görülməsi gec də olsa onun fədakarlığının layiqli dəyəridir. Hər şeyin öz vaxtı var, - deyən Cənab Prezidentə təşəkkürümüz isə daha böyükdür. Onu da qeyd edim ki, bu, 34 ildə Fəxrəddinə verilən ilk mükafatdır.
Namiq Əhmədov,
BDU-nun Jurnalistika fakültəsinin müəllimi,
Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Jurnalist.