Vl Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sosial media: insanlar və mədəniyyətlər arasında körpü və sədd yaradılması" adlı panel keçirilib.
Sherg.az xəbər verir ki, paneldə İslam Əməkdaşlıq Təşkilatının Mədəni İşlər Departamentinin direktoru Luçin Rhazul çıxış edib.
O qeyd edib ki, sosial medianın yaratdığı əsas imkanlardan biri mədəni mübadilə və təcrübə paylaşılmasının asanlaşmasıdır.
“Sosial mediada insanlar arasında ünsiyyət, müxtəlif fikirlərin paylaşılması müsbətdir. Amma mənfi təsir ondan ibarətdir ki, bu məkan yanlış məlumatlar çatdıra, istifadəçiləri yanlış məlumatlandıra bilər. Bəzən də müxtəlif alqoritmlər sosial mediada insanların qarşısına uyğunsuz məzmun çıxarır. Buna xüsusən də azyaşlıların sosial şəbəkələrdən istifadəsi zamanı rast gəlinir. Hesab edirəm ki, sosial media vasitəsilə yanlış məlumatların çatdırılması qlobal səviyyədə münaqişələrin dərinləşməsinə səbəb olur".
Amerika Dövlətləri Təşkilatının antisemitizmin monitorinqi və onunla mübarizə üzrə komissarı Fernando Lottenberq çıxışında sosial şəbəkələrdə yayılan zərərverici kontentlərin yayılmasına vurğu edib.
"Sosial şəbəkələrdə nifrət nitqi ötən ilə nisbətdə 30 faiz artıb. Bu məsələdə neonasist hərəkatlarla birbaşa əlaqəsi olan səhifələr də xüsusi rol oynayır. Hesab edirəm ki, insanlar sosial şəbəkələrdən istifadə edərkən keyfiyyətli məlumatların onlar üçün daha əlçatan olmasını təmin etmək üçün tədbirlər görülməlidir. Onlar hazırda "Facebook" və ya "X" sosial şəbəkələri vasitəsilə nifrət nitqi yayır. Burada xüsusən də ifadə azadlığı anlayışının genişlənməsi xüsusi rol oynayır"
Pakistanın Strateji Elmlər İnstitutunun direktoru Soheyl Mahmud vurğulayıb ki, sosial şəbəkələrdə təbliği vacib elementlərdən biri dinlərarası sülh və əməkdaşlıq məsələləridir.
Spikerlər qeyd edib ki, sosial şəbəkələr dinlər arasında geniş vüsət alan nifrət xarakterli yanaşmanın əsas təhrikedici qüvvəsidir. Bu kimi halların qarşısı isə istifadəçiləri doğru yola istiqamətləndirməklə alına bilər.
Müzakirələr zamanı daha çox "X" sosial şəbəkəsində yayılan nifrət xarakterli nitq və bu qəbildən olan kontentlərlə mübarizə üçün cəmiyyətin maarifləndirilməsinə böyük ehtiyac olduğu vurğulanıb.