Afət Telmanqızı: LAF TV bizə doğma övlad kimidir

 “Onu itirmək təhlükəsi ilə üz-üzəydik və bu bizə çox böyük stress yaşatdı, çox əziyyət çəkdik”
 

 LAF TV yayımını bərpa edib. 
Kanalın həmtəsisçisi, peşəkar jurnalist Afət Telmanqızı “Sherg.az”a açıqlamasında  qeyd etdi ki, mayın 3-ü LAF TV canlı yayıma çıxacaq:
- Doğrusu, gözləmirdik ki, başımıza belə bir iş gələ bilər. Xaker hücumlarının nə olduğunu əlbəttə bilirik, təhlükə hər zaman var. Amma “təhlükə ola bilər” düşüncəsini uzaq tutmuşuq özümüzdən. Aprelin 30-u saat 15 radələrində canlı efir vaxtı yayım qəfil dayandı. Dərhal hesaba baxmağa çalışdım, amma hesaba artıq daxil ola bilmədim. Vaxt itirmədən mütəxəssislərlə əlaqəyə keçdik, dedilər ki, xaker hücumu olub. Zaman-zaman başqa kanallara da belə hücumlar olub, səhifələr oğurlanıb. Mərhum Hacı Şahinin adına olan sosial şəbəkə hesablarına xaker hücumu olmuşdu. Bizim də başımıza gəldi. İlk növbədə dövlət orqanlarına, tanıdığımız proqramçılara müraciət etdik. “Müsavat TV”-dən Məhəmməd Türkmən, sağ olsun, yutubla əlaqəyə keçdi, yazışmalar başladı. 2 sutka ərzində işlər tamamlandı. Çox narahat idik ki, videolarımız silinər, geri qaytara bilmərik. 7 min videomuz var. Amma şükür ki, belə olmadı. Videolar da bərpa olundu, yayım da. Həftənin 5-ci günü canlı yayıma çıxacağıq.

 A.Telmanqızı qeyd etdi ki, son 2 gün çox gərgin keçib:
- Bilirsiz ki, 4 ildir LAF TV yayımlanır. Bu kanalın ərsəyə gəlməsi, özünü təsdiqi üçün Ləman Ələşrəfqızı ilə birlikdə çox əziyyət çəkmişik. Bu kanal bizə doğma övlad kimidir. İndi isə onu itirmək təhlükəsi ilə üz-üzəydik və bu bizə çox böyük stress yaşatdı, çox əziyyət çəkdik. Dəhşətli idi... Bizə dəstək olan, köməyini əsirgəməyən dostlar sağ olsun.