Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda Forum öz işinə başlayıb.
Sherg.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Forum vasitəsilə Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. O, vurğulayıb ki, “İctimai proseslər media müstəvisində” mövzusuna həsr edilən Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təmin etmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb. İcraçı direktor deyib ki, Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, eyni zamanda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və s. ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.
Nazir deyib ki, 2021-ci ildə yaradılan Medianın İnkişafı Agentliyi müxtəlif istiqamətlərdə medianın inkişaf etməsinə töhfə verib:
“Agentlik həm də dövlət qurumları ilə media arasında münasibətləri təkmilləşdirən platforma yaradıb. Bu forum həmin təşəbbüsün yaxşı nümunəsidir. Biz nazirlik olaraq media ilə münasibətlər müstəvisində 10 milyondan çox insanı öz üzərimizdə ictimai nəzarətçiyə çevirmişik”.
Qeyd edək ki, Forum “Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə”, “Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgün işıqlandırılması”, “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” və “Yaşıl dünya naminə həmrəylik ili”ndə media gündəmi” mövzularında təşkil ediləcək panel sessiyalar ilə davam edəcək.