Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra, demək olar ki, bütün sahələrdə dünya çapında öz sözünü deyir.
Hərbdə çox ölkələr bizi öyrənir. Diplomatiya sahəsində ölkəmizin saysız uğurları var. Mədəni nümunələrimiz bu gün dünyanın dörd bir tərəfində təbliğ və qəbul olunur.
Diasporumuz erməni diasporunun qolunu büküb. Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycana etibar edilir.
Ölkəmiz bir sıra beynəlxalq əhəmiyyətli siyasi, iqtisadi, idman, texnolji, mədəni, sosial, ekoloji və s. tədbirlərin ev sahibliyini həyata keçirir.
Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə sözünü deyə biləcək media qurumunun olmasını vacib edir.
Belə bir media qurumu ölkəmizə nə qazandıra bilər?
Mövzu ilə bağlı Modern.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist, "Modern Media Qrupu"nun rəhbəri Elşad Eyvazlı bildirir ki, çağdaş dünyanın ən böyük silahı güclü informasiya alətlərinə sahib olmaq və alqoritmləri düzgün istifadə etməkdir.
Bütün möcüzələri İlham Əliyevin Azərbaycan davası yaradır...
“Qəbul etməliyik, ərazi böyüklüyü, əhali sayı, iqtisadi potensial və s. kimi xeyli məqamlara görə Azərbaycandan irəlidə çox ölkə var. Amma diqqət edək, Azərbaycanın Zəfər savaşındakı təcrübəsini elə həmin ölkələr mənimsəməyə, öyrənməyə çalışırlar. Azərbaycan əsgəri XXI əsrdə dünyada möcüzə göstərdi. Bütün bu möcüzələri İlham Əliyevin Azərbaycan davası yaradır.
Hərbçilərimiz qarşı tərəfin gözləmədiyi halda keçilməz qayalardan Şuşaya çıxdılar. Hər şeyi Azərbaycan davasının ruhu həll edir. Azərbaycan əsgəri ruhuyla düşməni çökdürdü.
Azərbaycan diplomatiyada da sözünü deyir. Dünyanın böyük dövlətləri Azərbaycanla hesablaşırlar. Diqqət edin, hansı ölkələrin rəhbərləri regiondakı vəziyyətlə bağlı zaman-zaman Azərbaycan Prezidentinə zənglər edirlər...
Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması da çox mühüm faktordur. Milli kimliyə sahib çıxmaq, onu dünyaya qəbul etdirmək böyük mücadilə istəyirdi. Bu işlərdə Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın xüsusi və əvəzsiz xidmətlərii var.
İllər öncəyə ekskursiya edək... Ulu öndər Heydər Əliyev Prezidentliyi dövründə xaricdə keçirdiyi demək olar ki, bütün görüşlərdə əlində qələm xəritədə Azərbaycanı dünyaya tanıtmaq mücadiləsində idi. O zaman Azərbaycan dünya tərəfindən tanınmırdı. Dünyanın umrunda deyildi ki, Azərbaycan kimi dövlət var, onun 20 faiz torpaqları işğal olunub, 1 milyondan artıq insanı qaçqın və məcburi köçkün düşüb, Xocalıda insanlıq əleyhinə cinayət aktı törədilib. Düzünü deyək, o zamanlar Türkiyədə belə kiçik bir kəsimi istisna etsək, elə də əhəmiyyətli görünmürdük".
Mediamız hərbimizə, diplomatiyamıza adekvat olmalıdır...
E.Eyvazlı vurğulayıb ki, Azərbaycan öz güclü mediası ilə də yuxarıdakı uğurlara adekvat olmalıdır:
"Burada söhbət yerli mediadan getmir. Bu gün dünya səviyyəsində Azərbaycan mediasının ordumuza, mədəniyyətimizə, diplomatiyamıza, Prezidentimizin həyata keçirdiyi siyasətə adekvatlığı zəruridir. Beynəlxalq diplomatiya, hərb sahəsində öz sözümüzü deyə biliriksə, beynəlxalq media sahəsində də öz sözümüzü deyə bilməliyik. Beynəlxalq səviyyəli media qurumunun yaradılması, qəbul etdirilməsi məsələsi, bəli, asan deyil. Çünki bütün sferalarda olduğu kimi bu sahə də dünyanın böyük gücləri tərəfindən zəbt olunub. Amma diplomatiya, hərb, mədəniyyət sahələri də zəbt olunmuşdu. Azərbaycan davası ilə böyük nəticə əldə edə bildik. Belə olan halda yüzə-yüz əminlik yaranır ki, dünya səviyyəli mediamızla da sözümüzü deyə, "Əl-Cəzirə", "BBC", "CNN" kimi bir media qurumumuzu yarada bilərik. Bu fikirlər bəziləri tərəfindən ironiya ilə qaşılana bilər. Deyə bilərlər ki, Azərbaycan bunu bacararmı? Məsələyə belə yanaşsaq, onda Azərbaycan hərbdə, diplomatiyada, mədəniyyətdə və s. sahələrdə də bacara bilməzdi. Deməli, mümkündür. Bu sahədə xarici təcrübədən də istifadə edib, irəliyə gedən möhtəşəm işlər görmək olar. Nəinki Cənubi Qafqazda, dünya çapında sözünü deyə biləcək Azərbaycan mediasına ehtiyac var".
Rəqabətə davam gətirəcək gənclərimiz var...
Əməkdar jurnalist qeyd edib ki, bu media qurumu birbaşa dövlətə bağlı olmalı deyil:
"Dünya bunu qəbul edə bilmir. "CNN", "BBC", "Reuters"və digərləri aysberqin görünən üzündə müstəqil media qurumlarıdır. Əslində isə belə deyil. Hər birinin arxasında bir güc və dövlət dayanır. Onlar rəsmi olaraq dövlətə bağlı media qurumu kimi təqdim edilmirlər. Bu mənada təlklif etdiyimiz media qurumu dövlətə bağlı yox, müstəqil olmalıdır. Bu media qurumunda kimlərin işləyəcəyi məsələsi də önəmlidir. Mənim yadıma düşür, FETÖ Türkiyədə dövlət çevirilişinə cəhd etdiyi zamanlarda "TRT World" kanalında çalışanlar Türkiyənin maraqlarını müdafiə etmədilər. Çünki o media qurumu əcnəbi kadrların öhdəliyinə verilmişdi. Bu, doğru idimi, zaman göstərdi ki, deyil. Bu baxımdan hesab edirəm ki, burada xarici kadrlardan istifadə olunsa da, söz sahibi olanlar mütləq azərbaycanlı jurnalistlər olmalıdır. Çünki milli maraqlar məsələsi var. Azərbaycanlı jurnalistlər təbii ki, beynəlxalq jurnalistikanı da yaxşı bilməlidirlər. Bu qurum yerli media kimi bir az da konkterləşdirsək, sırf Azərbaycanın problemlərini, Qarabağda aparılan möhtəşəm quruculuq işlərini, erməni vəhşiliyini göstərməməlidir. Çünki belə olduqda, qurum Azərbaycan mediası kimi dəyərləndiriləcək. Üstəgəl dünyanın media bazarında Azərbaycan kimi ölkələrin yeni və böyük media qurumları yaratmaq niyyəti, yumşaq desək, monopolistlərin marağında deyil”.
Azərbaycanlı jurnalistlərin belə bir işin öhdəsindən gəlmək potensialına toxunan E.Eyvazlı gənclərimizin rəqabətlilik gücündə olduğunu söyləyib.
Onun fikrincə, burada əsas məsələ gənc jurnalistlərin doğru yönləndirilmələri, tələbə vaxtlarında xarici təcrübəyə sahiblənmələrinə dəstək olmaqdır.