Hər yutub kanalını internet televiziyası saymaq doğru deyil- Lətif İsmayılov

"Sosial media internet televiziyasının işini çox asanlaşdırır"

"Hətta, deyə bilərəm ki, internet telekanalının aylıq, həftəlik statistikasını bir neçə dəqiqədə əldə etmək mümkündür. Ənənəvi telekanallarda isə bu çox uzun və çətin prosesdir"

İnternetin inkişafı ilə bir çox yeni texnologiyalar və platformalar meydana çıxmağa başladı. Bu da yeni medianın inkişafına müsbət təsir edən əsas məqamlardan oldu. Getdikcə internetin genişlənməsi sayəsində ənənəvi televiziyanın öz yerini internet televiziyasına verdiyinu görməkdəyik. Bu prosesə sosial media platformalarının da olduqca güclü təsiri var.
İnternet televiziyalar, onların fəaliyyəti və sosial media ilə qarşılıqlı əlaqəsi haqda Bakı Dövlət Universitetinin magistrantı və Baku TV internet televiziyasının Sosial Media Mütəxəssisi Lətif İsmayılova suallarımızı verdik. O, internet televiziyaların iş prinsipləri və digər mühüm məqamlar barədə suallarımızı cavablandırdı.
Müsahibəni təqdim edirik:

- İnternet televiziyası nədir? Onu ənənəvi televiziyadan nələr fərqləndirir? 

- İnternet televiziyası televiziya yayımı prosesinin məhz internet üzərindən təşkil edilməsinə deyilir. İnternet üzərindən televiziya yayımı prosesi müxtəlif platformalar (rəqəmsal platformalar daxil) vasitəsilə həyata keçirilir. Bu yayım növü Veb TV, İPTV, OTT TV və "YouTube" olaraq müxtəlif qruplara ayrılır. Ənənəvi televiziya ilə internet televiziyası arasında bir çox fərqlər mövcuddur. Ənənəvi televiziya yayımı yerüstü, kabel və peyk yayımı olaraq üç əsas yayım vasitələrinə əsaslanır. Bu vasitələr müxtəlif və qarışıq avadanlıqlar hesabına başa gəlir. İnternet televiziya yayımında isə bunlara ehtiyac yoxdur. Sadəcə server, internet və kompüterlərlə davamlı şəkildə fəaliyyət göstərmək mümkündür. Eyni zamanda internet vasitəsilə yayımda hansısa məkan və zaman məhdudiyyəti ilə qarşılaşmaq tez-tez real olan bir şey deyil. Ənənəvi televiziyada olan bir çox funksiyalardan internet üzərindən televiziya yayımında da istifadə etmək olur. Bu da internet televiziyasının heç də ənənəvi televiziyadan geri qalmadığını göstərir. Ənənəvi televiziyada efir yayımı vaxtları və standart canlı yayıma çıxma zamanı mövcuddur. Bu da hansısa təcili məqamlarda canlı yayıma çıxışı ləngidir. İnternet televiziyaları isə istənilən məqamda operativ fəaliyyətə hazır olur. Adi bir telefonla belə canlı yayıma çıxmaq və hadisələri göstərmək mümkündür. Bütün bunlarla yanaşı, ənənəvi televiziyada olmayan interaktivlik xüsusiyyəti internet televiziyada əsas sayılır. Elə məhz internet televiziyanın da əsasında interaktivlik, qarşılıqlı kommunikasiya durur. Bu da auditoriyanın müraciətlərini, fikirlərini və iradlarını eşitməyə imkan yaradır. 

- İnternet televiziyasının fəaliyyətində hansı faktorlar əsas yeri tutur? 

- İnternet televiziyası adından göründüyü kimi internetdə, virtual məkanda mövcud olan bir anlayışdır. Bu da onu deməyə əsas verir ki, biz artıq qəlibləşmiş və ənənəvi televiziyada olan bir çox vərdişlərdən qurtulmalıyıq. Kontent seçimi internetdəki yeniliklərə əsaslanmalıdır. Hazırda ənənəvi telekanallar belə internet kanallarının yayımladığı, trend etdiyi mövzulara istinad edə bilir, hətta, biz çox hallarda bunun şahidi oluruq. Məsələn, internet telekanalının redaksiyası bir mövzunu seçib, işləyir. O mövzu üzrə hazırlanan video materialdan hissələri sosial media platformalarında insanlara təqdim edirlər. Qısa müddətdə bu materiallar gündəm olur və ənənəvi televiziyada müzakirə olunmağa qədər gedə bilir. Bu da onu deməyə əsas verir ki, mobillik xüsusiyyətinə sahib olan və dinamik kontent yayımında iştirak edən internet televiziyası insanların müraciət etdiyi media subyektinə çevrilib. Bayaq qeyd etdiyim kimi internet televiziyasının fəaliyyətində internetdəki auditoriyanın zövqləri durur. Çünki, o auditoriya ənənəvi telekanalları izləmək istəmir. İnternetə müraciət edir. Deməli, zövqü müxtəlif kontentə yönəlməyinə imkan yaradır. Buna görə də biz interaktiv olan bu mühitdə auditoriyanı dinləyə bilirik. Nəticədə auditoriyanın nə istədiyini anlaya bilirik və istədiyini ona veririk. Bir növ internet televiziyası auditoriyanın söz tribunasına çevrilir. 


- Yeni medianın bir qolu sayılan internet televiziyasını digər media subyektlərindən fərqləndirən əsas xüsusiyyətlər nələrdir? 

- Yeni medianın inkişafı internetlə yüksək səviyyəyə çatdı. Ümumiyyətlə, internet yeni medianın əsasını təşkil edən əsas vasitə olaraq təyin olunur. Yeni medianın müxtəlif subyektləri var. Bunlara saytlar, virtual jurnallar, internet radiolar (podkastlar), sosial media və internet televiziyaları daxildir. Saytlar yazılı media və internet radiolar audio xüsusiyyətə sahibdir. Bu da audiovizual media subyekti olan internet televiziyalarını digər media subyektlərindən fərqləndirir. Burada bir çox məqam var. Hər bir media subyektinin özünəməxsusluğu, fərqli xüsusiyyətləri var. 

- İnternet televiziyalarının əsas yayım platforması hansıdır? 

- Əvvəldə qeyd etdiyim kimi internet televiziyası müxtəlif vasitələr hesabına fəaliyyət göstərir. Veb TV, İPTV, OTT TV və "YouTube" kimi texnologiyaların hamısı internet televiziyası adlanır. Lakin, onları bir-birindən fərqləndirən bir sıra məqamlar var. Veb TV veb-saytlar üzərindən televiziya yayımı prosesinə deyilir. Bu nə deməkdir?! Yəni, hansısa media orqanının saytında müəyyən keçid linki qoyulur. Bu link vasitəsilə telekanalın peyk yayımına  ya "YouTube" üzərindəki canlı yayımına birbaşa qoşulmaq mümkün olur. Buradakı internet şəbəkəsi daha çox ümumi xarakter daşıyır. Yəni, istənilən şəxs hansısa brauzerlə bu yayıma rahatlıqla qoşula bilir. Bunun üçün ödəniş etmir. İPTV (Internet Protocol Television) isə televiziya yayımının müəyyən internet protokolu əsasında baş tutmasına deyilir. Burada yayım üçün müxtəlif cihazlara ehtiyac yaranır. Smart televizor, tuner, player və pult. Bu vasitələrlə İPTV yayımına qoşulmaq mümkündür. İPTV-nin Veb TV-dən fərqi isə abunəlik sistemindədir. İPTV abunəliyə əsaslanan və xüsusi (qapalı) internet şəbəkəsi vasitəsilə xidmət təklif edən yayım vasitəsidir. Burada daha çox provayderlər iştirak edir. Yəni, bir şirkət qapalı internet şəbəkəsini, abunəlik paketini və İPTV avadanlıqlarını təmin edərək istifadəçiyə yayımı izləməyinə imkan yaradır. Veb TV-də isə bunların heç birinə ehtiyac olmur. Sadə bir brauzer və internetlə yayımlara qoşulmaq olur. Bu isə həm yayımda qopmalarla qarşılaşmağa, həm də ümumi internet şəbəkəsində müəyyən virtual təhlükələrlə qarşılaşmağa şərait yaratmış olur. OTT TV (over the top) deyilən anlayış da İPTV-də olduğu kimi abunəlik sisteminə və qapalı internet şəbəkəsinə əsaslanır. Lakin, onun İPTV-dən fərqi qlobla xarakterə sahib olmasıdır. İPTV yayımına qoşulmaq üçün istifadəçi yaşadığı ərazi üzrə təklif olunan şəbəkəyə qoşulmalı və cihazları həmin ərazidə istifadə etməlidir. OTT TV-də isə məkan fərqi olmadan yayımları izləmək mümkündür. İPTV üçün nümunə kimi CityNet, Ailə TV, CityLine kimi şirkətlərin xidmətlərini nümunə göstərmək olar. OTT TV platformalarına Netflix, Disney Plus, HBO MAX, Exxen kimi vasitələri misal çəkə bilərik. Bu platformalarla yanaşı, internet televiziyasının əsas yayım platforması sayılan "YouTube" da müəyyən xüsusiyyətlərə sahibdir. Bu platformanın ödənişsiz və ödənişli versiyaları mövcuddur. İstifadəçilər platformada ənənəvi telekanallarla yanaşı təməli məhz bu platformada qoyulan internet telekanallarının da yayımlarını izləyə bilirlər. Bu platformada canlı yayıma çıxmaq, xəbərləri paylaşmaq və izləyicilərin fikirlərini interaktiv şəkildə öyrənmək çox rahatdır. Hətta, biz internet televiziyasının fəaliyyətində "YouTube"un çox önəmli rola sahib olduğunu deyə bilərik. 

 - Sosial medianın internet televiziyasının fəaliyyətindəki rolu nələrdən ibarətdir? 

- İnternet televiziyası öz materiallarını sosial media platformalarında izləyicilərə çatdırır. Buna görə də sosial medianın internet televiziyasının fəaliyyətindəki rolu çox önəmli və vacibdir. Bu prosesdə bütün sosial media platformaları yer alsa da, bizim üçün başda "YouTube" olmaqla, "Facebook", "Telegram" və "Instagram"ın imkanları çox əsas sayılır. İnternet televiziyası yutubda xəbərlərini yayımlayır, canlı yayımlara çıxır və hətta, yayımlarını müəyyən zaman kəsiyi üçün planlaya da bilir. Digər platformalar vasitəsilə isə yutubda gedən materiallar paylaşılır, canlı yayımlar sinxron şəkildə OBS proqramı vasitəsilə həmin platformalarda da aparılır. Sosial media bu xüsusiyyətləri ilə yanaşı, interaktivlik xüsusiyyətinə də sahibdir. Bu da ənənəvi telekanallardan fərqli olaraq izləyicilərin fikirlərini öyrənmək üçün daha asan həll yolu təqdim edir. Eyni zamanda statistika və reklam baxımından da sosial media internet televiziyasının işini çox asanlaşdırır. Hətta, deyə bilərəm ki, internet telekanalının aylıq, həftəlik statistikasını bir neçə dəqiqədə əldə etmək mümkündür. Ənənəvi telekanallarda isə bu çox uzun və çətin prosesdir. Bunun üçün müəyyən qisim auditoriyanın zövqləri müəyyənləşdirilir və televizorlar üçün müəyyən cihazlar qoşulur. Həmçinin, reklam prosesi də sosial media platformasının xüsusi alətləri sayəsində daha asan və ucuz başa gəlir. 

- Vətəndaş jurnalistikası internet televiziyası anlayışı ilə nə qədər oxşar sayılır? 

- Bildiyimiz kimi, internet televiziyasının fəaliyyətində əsas yayım platforması kimi "YouTube"u nümunə çəkdik. Bu platforma istənilən şəxsin orada kontent paylaşmasına imkan yaradır. Elə bu məsələ də yanlış fikirlərin yaranmasına səbəb olur. Platformada kontent paylaşanların hamısı jurnalist və ya telekanal sayılmamalıdır. Eyni zamanda bir dönəm çox dillərdə olan vətəndaş jurnalistikası peşəkar jurnalistika sayılmır və yutubda hər xəbər paylaşan kanal da internet televiziyası deyil. Hazırda yutubda iki əsas tərəf var. Redaksiyası olan, etik kodekslərə əməl edən və müəyyən kadra sahib media orqanlarının yutub kanalı. Kor-koranə və tək və ya bir neçə şəxsin bir yerdə idarə etdiyi kanal. Hər iki tərəf də peşəkarlıq cəhətdən müəyyən fərqlərə sahibdir. Peşəkar internet televiziya kanalı dəqiqləşdirilməmiş və dezinformasiya xarakterli məlumatları paylaşmır. Yaşadığı ölkənin və cəmiyyətin maraqlarına diqqət yetirir. Qeyri-etik və şok effekti yaradacaq məzmunların yayılmasına imkan vermir. Qeyri-peşəkar, vətəndaş jurnalistikasında isə bu belə deyil. Doğrudur, bu növ fəaliyyətdə operativlik məsələsi ola bilər. Operativlik çox vacibdir, amma hər şey demək deyil. Çox hallarda dezinformasiyaların və etik olmayan xəbərlərin yayılması qeyri-peşəkarlara görə baş verir. Vətəndaş jurnalistikası internet televiziyalarının işində də özünü göstərir. Məsələn, bir vətəndaş yolda gedərkən hansısa yanğın hadisəsini operativ şəkildə çəkib paylaşa və ya hadisə yerindən birbaşa canlı yayıma çıxa bilər. Ancaq bir jurnalist bununla yanaşı, hadisə barədə ala bildiyi qədər məlumat almağa və digər ehtimalları fakt kimi təqdim etməməyə çalışacaq. Burada çox önəmli xətt var. Buna görə də hər yutub kanalını internet televiziyası saymaq doğru deyil. 

 - İnternet televiziyasının yayım prosesi zamanı əməl etməli olduğu qayda və standartlar varmı? 

- Bildiyimiz kimi, Azərbaycanda medianın fəaliyyətinin təşkili üçün bir sıra qanun və qaydalar mövcuddur. Bunlar əsasən son illərə qədər ənənəvi medianın işinə daha çox yarayırdı. Lakin, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi təkcə ənənəvi media yox, yeni medianın da tənzimlənməsinə təsir etdi. Bu da ondan xəbər verir ki, Azərbaycanda yeni media ilə bağlı mühüm irəliləyişlər var və bunun üçün də müəyyən tənzimlənmələrə ehtiyac yaranır. Bu ehtiyac yutubdakı kanallara belə təsir göstərdi. Belə ki, əvvəl hansısa kanalın yaydığı xəbərə görə cəzalandırılması çox nadir hadisə idi. İndi isə etik məqamlar daxil olmaqla bir çox məqamda jurnalistikanın prinsiplərini pozan materiallara qarşı tədbirlər görülməyə başlayır. Bu, tənzimlənmə prosesinin ölkə daxilindəki nümunəsidir. Bununla yanaşı, sosial media platformalarının özlərinin də daxili qayda və standartları var. Hansı ki, bunlar pozulduqda kanalın fəaliyyəti ilə bağlı platformalar tərəfindən bir sıra addımlar atılır. Demək olar ki, bir çox platformada oxşar olan və xüsusən də yutub üçün müəyyənləşən qaydalar arasında bir nömrəli qadağan edilən məzmunlar intiharla bağlıdır. İntihar, intihara təşviq və intihar prosesinin izahı ilə bağlı istənilən kontent qəbuledilməzdir. Bu kontentlər sırasına şiddət (insana və ya heyvana), zorakılıq, həssas görüntülər (qan, bədən parçası və s.), riskli təbii fəlakət görüntüləri, şəxsi məlumatların yayılması, soyuq silahlar, pornoqrafik məzmun və digər oxşar kateqoriyada olan məzmunlar aiddir. Bu məzmunların paylaşılması yutub tərəfindən məqbul sayılmır. 

- Azərbaycanda fəaliyyət göstərən hansı internet televiziyalar var? 

- Hazırda Azərbaycanda peşəkar səviyyədə fəaliyyətdə olan internet televiziya kanalları çox deyil. Lakin, onların bir çoxu bu boşluğu doldurmaq uğrunda daim rəqabət halında inkişaf edirlər. Azərbaycanda internet televiziya kanalları sırasında Baku TV, Səhiyyə TV, MediaTürk TV və Kanal S kimi kanallar daxildir. Eyni zamanda Real TV kanalı da ilk yarandığı dövrdə yutubda, sonra isə peyk yayımına keçid etdi. Baku TV də peyk üzərindən yayım həyata keçirən platforma yayımçısıdır.

Hazırladı: Səbinə Xeyirbəyova