Audiovizual Şura: "Alatava" serialının yayımını dayandıra bilərdik, lakin tövsiyələr verdik

Ölkə üzrə ümumi janrlı yayımçıların proqramındakı maarifləndirici verilişlərin miqdarı arzuolunan qədər deyil.
Sherg.az xəbər verir ki, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov "Audiovizual media: Normalar, reallıqlar və çağırışlar" mövzusunda onlayn media subyektləri ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, ümumi janrlı kanalların proqramında maarifləndirici verilişlərin həcmi 10-12 faizdir: “Bu rəqəm bizim üçün heç də arzuolunan deyil. Lakin biz yayımçıların seçiminə müdaxilə edə bilmərik”.

Fazil Novruzov vurğulayıb ki, bu yaxınlarda İctimai TV-də yayımlanan "Alatava" serialındakı müəyyən məqamlar ilə bağlı yayımçıya tövsiyələr verilib: “Bu kanal ictimai yayımçı olduğu üçün biz onun yayımını dayandıra bilərdik, lakin tövsiyələr vermişik".