
Azər Həsrət: Milli mətbuatın varlığı Azərbaycanın davamlı inkişafının əsas təminatlarından biridir
“Əkinçi”nin yandırdığı şam bu gün bizi zirvəyə aparır
Azərbaycan mediası elə bir səviyyəyə çatıb ki, həm dünyanı izləyə, həm də Azərbaycanın səsini dünyaya çatdıra bilir
Sizi və həmkarlarınızı yubiley münasibətilə təbrik edirəm.
Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə “APA Media Qrup"un baş direktoru Vüsalə Mahirqızının Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə bağlı sualını cavablandırarkən bildirib.
Dövlət başçısı Azərbaycan mediasının inkişafının onu çox sevindirdiyini deyib: “Mən çox şadam ki, bizim mediamız bu gün nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox”.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir: “Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə, faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin nə dərəcədə Azərbaycanın rəsmi mövqeyinə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan da böyük inkişaf yolu keçib”.
Dövlət başçısı media dedikdə ilk növbədə jurnalistləri nəzərdə tutduğunu söyləyib: “Çünki medianı nüfuzlu edən məhz əməkdaşlar, sizin kimi insanlardır, həmkarlarınızdır. Mən sözün əsl mənasında sevinirəm. Sizə yeni uğurlar arzulayıram”.
Qeyd edək ki, milli mətbuatımızın əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulub. “Əkinçi”nin cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.
Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli Liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Azər Həsrət Sherg.az-a deyib ki, sadəcə qısa bir müqayisə ilə mətbuatımızın haradan-haraya gəldiyini görmək mümkündür:

"İllər öncə, xüsusilə 10–20 il əvvəl elə bir vəziyyət var idi ki, ən sadə xəbərimizi belə dünyaya çatdıra bilmirdik. Çünki bu sahədə kifayət qədər təcrübəli və bacarıqlı jurnalistlərimiz yox idi. Digər tərəfdən, Azərbaycan mediası beynəlxalq əlaqələrini hələ qurmamışdı. Jurnalistlərimiz beynəlxalq platformalarda passiv idilər, iştirak etmirdilər. Şəxsən mən də 90-cı illərin sonlarından başlayaraq bu boşluğun doldurulması üçün çalışdım. Əlbəttə ki, bu işdə tək deyildim. Mənim kimi yüzlərlə jurnalist fəaliyyət göstərdi və nəticədə bu gün Azərbaycan mediası elə bir səviyyəyə çatıb ki, həm dünyanı izləyə, həm də Azərbaycanın səsini dünyaya çatdıra bilir. Bu gün Azərbaycan mediası faktiki olaraq beynəlxalq informasiya məkanına inteqrasiya prosesini başa vurub. O keçmişdəki sıxıntılı dönəmlər artıq geridə qalıb. İndi daha böyük hədəflərə doğru irəliləməliyik".
Ekspert köhnə və yeni mətbuat anlayışlarına gəldikdə isə qeyd edib ki, artıq “yeni mətbuat” ifadəsi belə aktuallığını itirir:
"Çünki klassik mətbuat anlayışı – qəzetlər, jurnallar getdikcə tarixə çevrilir. Onların yerini yeni texnologiyalar, rəqəmsal platformalar tutur. Bu prosesin 3, 5 ya da 10 ilə tam şəkildə başa çatacağını demək çətindir. Lakin fakt odur ki, artıq “mətbuat” anlayışının yerini getdikcə “media” anlayışı tutur. Bir zamanlar Həsən bəy Zərdabi üçün ən böyük arzu kiçik bir qəzet çap etdirib xalqı maarifləndirmək idi. İki il ərzində yalnız 56 nömrəsi çıxan “Əkinçi” ilə o, bacardığını etdi və bir şam yandıraraq bu gün 150 ildir irəlilədiyimiz yolumuza işıq tutdu. Onun arzuları və xəyalları, bu gün əldə etdiyimiz nailiyyətləri təsəvvür belə edə bilməzdi. Hazırda Azərbaycan mediası artıq yüksək zirvədədir. Həmçinin yeni texnologiyaları mənimsəmiş və tətbiq edən, dünya mediası içərisində öz səsini eşitdirən bir gücə çevrilib. Əgər əvvəllər bu sahədə ciddi çətinliklər var idisə, indi artıq həmin çətinliklərdən deyil, yeni hədəflərdən danışırıq. Media istənilən ölkənin həyatında vazkeçilməz bir seqmentdir. O olmadan nə azad cəmiyyət, nə də inkişaf etmiş ölkə qurmaq mümkündür".
Azər Həsrətin qeyd edib ki, insanların öz fikirlərini sərbəst ifadə etməsi, maariflənməsi və informasiya alması üçün median vacibdir:
"Medianın mövcudluğu, özü də milli və vətənpərvər ruhda mövcudluğu Azərbaycanın bir çox problemlərinin həllində vavib rol oynayır. Azərbaycan jurnalistikası milli maraqlara xidmət edir, dövlətin yanında dayanır və eyni zamanda azadlığını, müstəqilliyini qorumağı bacarır. Milli mətbuatın varlığı Azərbaycanın davamlı inkişafının əsas təminatlarından biridir".