"Azərbaycan Nəşriyyatı" boşalır, bəzi redaksiyalar hələ yer tapa bilməyib

"Azərbaycan Nəşriyyatı"nın binasının fevralın 1-dən etibarən istismarının dayandırılması ilə əlaqədar qəzetlərin harada və hansı formada fəaliyyət göstərəcəklərini öyrənmək məqsədilə Sherg.az bir sıra qəzetlər arasında sorğu keçirib.

Qeyd edək ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən binanın 9 mərtəbəli korpusunda aparılan vizual texniki baxış zamanı nəşriyyatın uzun müddət əsaslı təmir olunmaması səbəbindən əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində ciddi qüsur və zədələnmələr aşkar edilib.

Bundan əlavə, binada fəaliyyət göstərən liftlərin texniki vəziyyəti də qənaətbəxş hesab edilməyib. Sözügedən halları nəzərə alaraq fevralın 1-dən "Azərbaycan Nəşriyyatı" binasının istismarının dayandırılması barədə qərar qəbul olunub.

Sherg.az sorğunun nəticələrini oxuculara təqdim edir.

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev yer tapmadıqlarını söyləyib:

"Nəşriyyatdan hələ çıxmamışıq, yer axtarırıq. Beynəlxalq Mətbuat Mərkəzinin binasında bir yer deyiblər. Lakin ora işləmək şəraiti üçün uyğun deyil. Qapalı yerdir, havasızdır, pəncərəsi belə yoxdur. Hələ ki, bu cür vəziyyətdə qalmışıq. Fevralın 1-nə qədər çıxmağı çatdıra bilməyəcəyik. Özümüz də necə olacaq deyə fikirləşirik. Bir çarə tapa bilmirik. İşimizdə fasilə yarana bilər". 

"Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas mətbu nəşrin fəaliyyəti üçün yer tapdıqlarını deyib:

"Yer tapmışıq. Azneft-də bir evdə fəaliyyət göstərəcəyik".

"Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu yer tapa bilməsələr də, qəzetin fəaliyyətində problem yaranmayacağını bildirib:

"Bütöv Azərbaycanın adı gələndə sevənlər sevinir, sevməyənlər də deyir rədd edin bunları. Biz hələ yer götürməmişik. Amma problemimiz olmayacaq. Online fəaliyyət göstərməyi öyrənmişik. Yer tapana qədər online fəaliyyət göstərəcəyik. Qəzet çap olunacaq, çapı dayandırmayacayıq".

"Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan da hələ ki, yer tapa bilmədiklərini deyib:

"Hələ ki, yer tapıb, köçməmimiş. Yer axtarırıq. Bu gün ya sabah yəqin ki, yer taparıq".