Mirmöhsün Mahmudov: “Mənim o ailəyə hörmətim var”
“Kimdən soruşsan, hər kəs Mircəlal Paşayev haqqında müsbət fikirlər səsləndirəcək. Professor Aida İmanquliyeva Əbülfəz Elçibəylə eyni universitetdə, eyni fakültədə oxuyub”
Azərbaycanın Milli Azadlıq Hərəkatının öncüllərindən, sabiq prezident Əbülfəz Elçibəyin qayını Mirmöhsün Mahmudov “Şərq”in suallarını cavablandırıb. Onunla Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Əbülfəz Elçibəyin evini əsaslı təmir etdirməsi, məhz buna görə bəzi cəbhəçilərin Elçibəyin ailəsini qınaması, sabiq prezidentin oğlu Ərturqut Əliyevin siyasətə münasibəti və digər məsələləri müzakirə etdik.
- Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Əbülfəz Elçibəyin evini əsaslı təmir etdirib. Bu barədə nə deyə bilərsiniz?
- Mehriban xanım çox sağ olsun!
- Məlumatlar var ki, bu məsələ ilə bağlı bəyin həyat yoldaşı Həlimə xanım ölümündən bir müddət öncə Birinci vitse-prezidentə müraciət edilib.
- Həlimə xanım Birinci vitse-prezidentə cəmi bir dəfə müraciət edib ki, 2013-cü ilə qədər rəhmətlik Əbülfəz Elçibəyə prezidentlik statusu ilə bağlı verilməli olan pensiyasını versinlər. Bütün hallarda qeyd edim ki, 2013-cü ildən etibarən bəyin ailəsinə pensiya verildi. Bu da onların sosial şəraitinə çox müsbət təsir göstərirdi. Həlimə xanımın vəfatından sonra o pensiya dayandırıldı.
- Ola bilərmi ki, Həlimə xanım həmin məktubda evin təmiri ilə bağlı hər hansı bir qeyd yazsın?
- Mən Mehriban xanımın ailəsini tanıyıram. Onun rəhmətlik babası professor Mircəlal Paşayev mərhum Elçibəyə dərs deyib. Onların çox yaxşı ailəsi var. Mənim o ailəyə hörmətim olub və var. Onların içi və çölü birdir. Kimdən soruşsan, hər kəs Mircəlal Paşayev haqqında müsbət fikirlər səsləndirəcək. Mehriban xanımın anası professor Aida İmanquliyevaya Allah rəhmət eləsin. Aida xanım Əbülfəz Elçibəylə eyni universitetdə, eyni fakültədə oxuyub. Hər ikisi Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitiriblər. Yaxşı münasibətləri olub. Mən Aida xanımı şəxsən tanıyırdım, çox yaxşı insan idi. Mən nə varsa, onu deyirəm. Onların rəhmətlik Elçibəylə birgə fotosu da var. Biz hətta bir yerdə oturub çörək də kəsmişik. Çox ləyaqətli insan idi.
- Bəziləri iddia edirlər ki, Elçibəyin ailəsi evin təmirindən imtina etməli idi. Hətta elə adamlar da tapıldı ki, bir az da irəli gedərək bunu bəyin ailəsinin onun sağlığında tutduğu yola xəyanəti kimi dəyərləndirdi...
- Deyim ki, bəyin evi bərbad halda idi. Bu gün istənilən icra başçısının, bəlkə də 10 bağ evi var. Elçibəy də vaxtında istəsəydi, milyonlar yığardı. Amma bunu etmədi. Bir illik hakimiyyəti illərində elə effektiv işlər görüb ki... Elçibəy hakimiyyətə gələndə büdcədə milyon yarım pul vardı. Elçibəy gələndən sonra bu rəqəm 156 milyona yüksəldi. Bir sözlə, insanlar bilməlidirlər ki, bu iş Mehriban xanıma müraciət olunmadan həyata keçirilib. Sağ olsun Mehriban xanım. Bu da onun içindən, kökündən, daxili aləmindən irəli gələn təəssübkeşlik hissidir. O da məhz buna görə Elçibəyin ailəsinə bu yaxşılığı etdi. Elçibəyin ailəsini qınamağın mənası yoxdur. Biz xahiş etməmişik. Mehriban xanım adamlarını göndərib, onlar da gəlib evə baxış keçiriblər və sonra təmir ediblər. Bu ev çox pis vəziyyətdə idi, amma indi yaxşı təmir olunub. Elçibəyin ailəsi kirayədə qalınca, gedib elə bu evdə qalsın.
- Bu evdə Ərturqut yaşayacaq?
- Bəli...
- Ərturqutun toyu nə vaxta planlaşdırılır?
- Anasının ili çıxandan sonra...
- Bir neçə il öncə bəyin vəfatının ildönümü ilə bağlı Fəxri Xiyabanda reportaj hazırlayırdım. Bir qadın israrla Ərturqutun Fövqəladə Hallar Nazirliyinə işə düzəlməsinə etiraz edirdi. Və bildirirdi ki, Ərturqut bu işi qəbul etməməli idi. Orada həmin xanıma başqa bir xanım layiqli cavab verdi, bildirdi ki, Əbülfəz bəyin ailəsi işıq və qaz pulunu ödəyə bilmir, siz nədən danışırsınız?!
- O vaxt qaz pulunu verə bilməmişdilər, ona görə də qazı kəsmişdilər. Borcu ödəməyə pul yox idi. Sağ olsun, millət vəkili Qüdrət Həsənquliyev gəlib ödədi və qaz verildi. Bəs Elçibəyin ailəsi nəylə dolansın?!
- Ərturqutun işsiz olması ilə bağlı FHN-ə sizmi müraciət etmişdiniz?
- O vaxt “Şərq” qəzetindən zəng gəldi, jurnalist məndən, Elçibəyin oğlunun işləyib-işləmədiyini soruşdu. Mən də cavab verdim ki, heç bir yerdə işləmir, amma onu işlə təmin etsələr çox yaxşı olardı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bir gün sonra onu görüşünə çağırıb işlə təmin etdi. Ərturqut hazırda da işləyir, aylıq maaşı ilə dolanır.
- Bildiyim qədəriylə siz hazırda işsizsiniz. Sizə heç iş təklifi gəlibmi?
- Mənə hələ də iş vermirlər. Hara gedirəm, qapıları üzümə bağlayırlar. İmkan vermirlər işləməyə. Neyləməliyəm, ailəmi necə dolandırmalıyam?! Bu da var. Amma şükür ki, Ərturquta iş verdilər, şükür Allaha işləyir, dolanır. Vaxtilə Heydər Əliyev mənə iş vermək istədi, getmədim. Allah şahiddir, məni çağırdı ki, gəl, vəzifə verim, lakin mən imtina etdim. Bundan başqa 1995-ci ildə Rəsul Quliyev məni dəvət etdi ki, gəl deputatlığa namizədliyini ver, yenə də getmədim.
- Ərturqutun FHN-də vəzifəsi nədir?
- Tikinti işlərinə baxırlar. Yenə qeyd edirəm, indi dolanmaları yaxşıdır. 2000-ci ildən 2013-cü ilə qədər çox əziyyət çəkdilər. Amma indi şükür Allaha dolanırlar. Ərturqutun o təklifi qəbul etməkdən başqa çarəsi yox idi.
- Həlimə xanımın dəfn mərasimi və ümumən yas mərasimini də Mehriban xanım öz üzərinə götürdü...
- Bəli, Mehriban xanım bu işləri öz üzərinə götürdü. Hər şey çox layiqli şəkildə təşkil olundu. İstək olmasa idi, bu addım atılmazdı.
- Deyəsən, Ərturqut siyasətə meyil göstərmir?
- Xeyr! O, heç bir siyasi prosesə qoşulmur. Ləyaqətini qoruyan adamdı. Elçibəyə layiq formada davranır və bu da məni sevindirir. Günlərin birində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev mənə bildirdi ki, Ərturqutu da gətir yanıma gəl. Ərturqut da kənddə idi. Mən də ona dedim, lakin Ərturqut getmədi. Dedi mən heç bir prosesə qatılmıram. Halal olsun! Xoşum gəldi. Çünki özünü sındırmadı. O, atası ilə fəxr edir. Elçibəyin oğlu olduğu üçün hər kəs onu xoş qarşılayır. Elçibəyin ruhu şad olsun. Ərturqut da, mən də Elçibəylə qürur duyuruq. Elçibəy həm də əmimoğludur. Qürur duyuram ki, mənim belə bir qohumum var. O bu xalqın, ölkənin azadlığı uğrunda ciddi-cəhdlə mübarizə aparmış bir şəxsiyyətdir. O, Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə görə, 1975-ci ildə həbsə alındı. O adam azadlıq fədaisi idi. Elçibəy bir dəfə mənə söylədi ki, Əbülfəz Elçibəy adı gələndə hər kəsin gözü önünə bütöv Azərbaycan və bütöv Türk dünyası gələcək. O, Azərbaycanın, Turan elinin bütövləşməsini istəyirdi.
- Elçibəyin silahdaşları, cəbhədaşları onun ailəsinə baş çəkib maraqlanırlarmı?
- AXCP onun ailəsinə baş çəkmir. Sadəcə rəhmətliyin qəbrini ziyarət edirlər. Amma ailəsinə qarışmırlar. İnsanlar var ki, gözləmədiyin yerdən ondan insanlıq görürsən, insan da var ki, ondan bir insanlıq gözləyirsən, amma heç nəyin şahidi olmursan. Belə məsələlər var.
- Bəziləri Elçibəyi qətiyyətsiz prezident adlandırır...
- Elçibəy necə qətiyyətsiz prezident ola bilərdi ki, Qraçova zəng edib deyib ki, rus ordusu buradan çıxırsa, sən də çıxmalısan. Çünki rus ordusu Azərbaycanda qalardısa, ölkəmiz müstəqil ola bilməzdi. Bundan başqa Elçibəyin vaxtında BMT –də 4 qətnamə qəbul olundu. Bütün dünya gördü ki, Azərbaycanda demokratik bir hakimiyyət formalaşır. Nazarbayev Əbülfəz bəyə demişdi ki, sən bizi 10-11 il qabaqlamısan, amma ehtiyatlı ol! SSRİ-dağıldıqdan sonra ilk olaraq Azərbaycana test sistemi gətirildi. Rus ordusu ölkəmizdən çıxarıldı. Milli valyutaya keçid məsələsi reallaşdı. Dediyim odur ki, rəhmətlik 2 ay qala bilsəydi, Qarabağ azad olunacaqdı.
- Buna kimlər və ya nələr mane oldu?
- Rus, İran və bəzi Avropa dövlətləri və bir də Azərbaycan daxilində Rusiya kəşfiyyatına işləyənlər buna imkan vermirdi.
- Söhbət Sürət Hüseynov və ona dəstək verənlərdən gedir?
- Bəli, həm ondan, həm də digərlərindən...
- Əbülfəz bəy həmin məqamda Sürət Hüseynovla danışığa gedə bilməzdimi?
- Açığı, Sürət Hüseynov mənim yanıma adam göndərmişdi ki, Əbülfəz bəyə deyin ki, onunla görüşmək istəyirəm. Bəy də cavab vermişdi ki, gecə saat 12-dən sonra gəlsin. Sonra elə oldu ki, danışıqlar pozuldu və bəy məcbur olub çıxıb getdi. Bəy getməsə idi, Qarabağı alırdıq.
- Danışıqları kim pozdu?
- Rusiya kəşfiyyatına işləyənlər. Hər şeyi məhv etdilər. Yoxsa Dağlıq Qarabağ azad olunacaqdı.
Söhbətləşdi: Ayyət Əhməd