Səlcuq Elçin: ”Bir neçə dəfə zəng gəlib, dünyasını dəyişib deməyə adamın dili gəlmir”
Dekabrın 17-də tanınmış jurnalist Elçin Səlcuqun ölümündən düz 10 il ötdü. Əlbəttə, onun vəfatının hər ilində, mərhumun qələm dostları xatirələrini yazıb, bölüşlər. Belə analoji yazılardan birini də ötənlərdə tanınmış jurnalist Səbuhi Sədəf qələmə alıb, öz “Facebook” hesabında paylaşıb. Olduqca təsirli, sentimental və kövrək ovqatda yazılmış bir mətn idi. O yazını oxuyub, mütəəssir olmamaq, ən əsası bu vatxsız ölümə, nakam ömrə heyfislənməmək olmur. Şübhəsiz, belə halal qazanılmış çörək kimi adamların itkisi tək ailəsi, dostları və media cameəsi üçün deyil, bütün məmləklət üçün ağır olur. Elçin Səlcuq kimi qənimət adamlar evdən deyil eldən gedir axı. Amma bu qədər kədərin, hüznün içində bir sevinc də tapmaq mümkündür. Bu sevinc elə E.Səlcuqun özünün də ümidinə, gözünün nuruna çevrilmiş yeganə oğlu, varisi Səlcuq Elçindir. O Səlcuq Elçin ki, mətbuata atasının “Bağdan bağantılar” silsiləsini davam etdirmək üçün qədəm basıb. Biz də “Şərq” qəzeti olaraq mərhum həmkarımıza az da olsa, vəfa borcumuzu yerinə yetirmək üçün S.Elçinlə əlaqə saxlayıb, onun atası ilə bağlı xatirələrini, atasızlıq cəzasının nə demək olduğunu öyrəndik.
- Səlcuq, atanız dünyasını dəyişəndə neçə yaşınız vardı?
-18 yaşım vardı, univeristetin 1 kursunda oxuyurdum.
- Atanız sizin, siz də atanızın adını təxəllüs və ya imza kimi götürmüsünüz. Məqsəd hər yazıya imza qoyanda onu xatırlamaqdırmı, yoxsa...?
- Təbii ki, atamın adını təxəllüs götürməyim onun imzasını, özünü yaşatmaq istəyimdən irəli gəlib. Onu da qeyd edə bilərəm ki, 10 gündən artıqdır ki, atamın adını rəsmi olaraq soyadım kimi təsdiqlətmişəm. Daha Səlcuq Qulusoy yox, Səlcuq Elçinəm.
- Atanızın tanınmış imza olması, sizə bir impuls verirmi və hansı məqamda?
- Əlbəttə, atamın mətbuatda imzası mənə hər zaman impuls verir, hər hansı yazı yazanda onun imzasının məsuliyyətini, Elçinin oğlu olduğumu dərk edirəm.
- Bildiyim qədər, rəhmətlikdən qalan mobil nömrəni hələ də işlədirsiniz. Amma adam var, bunun əksini edir. Mərhumla bağlı xatirələrdən qaçır ki, tez-tez yadına düşməsin. Hər halda o ağrını yaşamaq istəmir. Amma siz...?
- Hə, atam dünyasını dəyişən gündən onun işlətdiyi mobil nömrəni işlədirəm. Düşünərəm ki, o nömrədə onun xatirələri var. Fikirləşirəm ki, həmin xatirələri yaşatmaq nömrəni kənara qoymaq deyil, onu işlətməkdir.
- Heç həmin nömrəyə zəng edib, sizə Elçin deyə müraciət edənlər olubmu və nə kimi hisslər keçirmisiniz?
-Bəli, bir neçə dəfə olub, dərin bir kədər bürüyür adamı. Adamın dili gəlmir, dünyasını dəyişib deməyə.
- Heç düşünmüsünüzmü ki, atanız yaşasaydı... Bax bu nöqtələrin yerinə nələri yazardı, nələri yazmaq olardı?
- Düşünmüşəm. Atam yaşasaydı həyatım başqa cür olardı. Başqa sahədə çalışardım, başqa mühitdə olardım. Çünki atam mənim jurnalist olmağımı istəməzdi.
-Bəs hansı sahədə çalşmağını istəyirdi?
-Hər zaman mənim iqtisadi bir sahədə çalışmağımı istəyirdi. Universitetə hazırlaşan zaman polis akademiyasına sənədlərimi vermişdim. Narazılıq etmişdi, sonradan qismət olmadı.
- Bu günlərdə tanınmış jurnalist Səbuhi Məmmədlinin atanızla bağlı yazısını oxudum. O yazıya yazılan şərhləri bir-bir gözdən keçirdim. Heyfislənməmək, mütəəssir olmamaq, kövrəlməmək olmur. Görünən odur ki, rəhmətlik çox dostcanlı olub?
-Bəli, atamın dostları ilə münasibəti çox fərqli olub. Ölümündən 10 il keçməyinə baxmayaraq dostları onu unutmur, yazırlar, yad edirlər. Dünyasını dəyişəndə xüsusi buraxılış çıxarıldı, müxtəlif qəzetlərdə dostları köşə yazdılar. Düşünürəm ki, atam fəxr olunası adam olub.
-Bəs, atanızın dostları onun yoxluğundan sonra sizi, ailənizi yada salırlarmı? Onlardan razısanızmı?
- Atamın dostlarından narazılığım olmayıb. Dünyasını dəyişəndən sonra da, məni və ailəmi yad ediblər. Toyumda inanırsan ki, öz dostlarımla yanaşı atamın dostları da çoxluq təşkil edirdi. Bəzilərini heç tanımırdım, toya da dəvət etməmişdim. Amma eşidib gəlmişdilər və çox yaxşı da iştirak etdilər. Burdan hamısına təşəkkür edirəm.
- Siz də rəhmətlik kimi medianı, yazı-pozunu seçmisiniz. Bu istək haradan qaynaqlandı?
- Jurnalistikaya gəlməyim atamın ölümündən sonra oldu. Atamla bağlı yazıları oxuyudum. Jurnalist Ramin Deko yazmışdı ki “Bağdan bağlantı kəsildi”. Atam son köşələrini Buzovnadakı bağımızdan yazırdı. Ona görə sərlövhəni “Bağdan Bağlantı” kimi qoyurdu. R.Dekonun bu yazısı mənə təsir etdi, düşündüm ki, çalışım, həmin “Bağdan bağlantı”nı kəsməyim. Atamın sahəsini, peşəsini davam etdirim.
-Bu məqamda kimlər sizə dəstək oldu, kimlər qolunuzdan tutub qaldırdı?
-Həmin vaxtı Bakı Slavyan Universitetində çalışırdım. Atamın dostları Kamal Abdulla, Aqşin, Salam Sarvan, “Azadlıq” qəzetindən Azər müəllim, Rövşən Hacıbəyli dəstək oldu. Yazılar yazmağa başladım. Bir müddətdən sonra “Azadlıq” qəzetində reportyor kimi çalışmağa başladım. Jurnalistikdan qazandığım ilk qazancım, elə atamın da ilk başladığı “Azadlıq” qəzetindən oldu. Daha sonra “Qanun” Nəşrlər Evində çalışdım, Şahbaz Xuduoğlu mənə həm müdir, həm də yaxşı dost oldu. Hərbi Xidmətə qədər “Qanun”da işlədim. Əsgərlikdən gələndən sonra “APA” holdinqin rəhbəri dəyərli Vüsalə Mahirqızı iş təklif etdi. Lent.az-da Qabil Abbasoğlunun yanında çalışmağa başladım. Peşəkar jurnalistika məktəbim “Lent.az”dır. Hazırda “APA” da çalışıram.
-Ailə qurduğunuzu söylədiniz. Allah xoşbəxt eləsin! Toyunuzda gözünüz atanızı axtardımı heç?
- Əlbəttə, axtardı. Pis olurdum, amma içimdə nəsə hissə edirdim ki, hardasa yaxınlarda, başımın üstündəydi.
- Mən də sizin kimi, atamı vaxtsız itirmişəm. Şübhəsiz, atanın quru nəfəsi insana bəs edir. Yəni, onun varlığı, onun quru kölgəsi elə bil adamın arxasında bir dağ kimi dayanır. Bax, hansı məqamlarda daha çox onun səsinə, nəfəsinə, kölgəsinə ehtiyac duyursunuz?
- Özünüz də dediniz ki, atanızı mənim kimi vaxtsız itirmisiniz. Onun çətinliklərini bilməmiş deyilsiniz. Bəzi məqamlarda atanın yoxluğunu çox hiss edirsən. Allah bütün ataları qorusun! Qıraqdan dostların, tanışların atalarını görəndə, hər hansı bir məclisdə onlar ata kimi qabaqda duranda adama təsir edir.