Deputatlığa iddialı həkim: “Parlament bütün dərdlərin dərmanı deyil, dərmanların ən vacibidir”

Vasif İsmayıl:  “Bütün imkanlarım əhalinin dərdlərinə sərf olunacaq”



Tanınmış həkim-cərrah Vasif İsmayıl da 2020-ci il fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd kimi iştirak edəcək. V.İsmayıl Sumqayıt şəhər 41 saylı 1-ci seçki dairəsindən namizədliyini verib. Tanınmış həkim növbədənkənar seçkilərinə ReAL Partiyasının yaratdığı “ReAL Cümhuriyyətçilər” Koalisiyasının tərkibində qatılacaq. Tibb üzrə fəlsəfə doktoru olan Vasif İsmayıl uroloq-androloq kimi fəaliyyət göstərir. Eyni zamanda ATV kanalında yayımlanan “Çox yaşa” verilişinin aparıcısıdır. 

İstanbul Universitetininin tibb fakültəsini bitirən V.İsmayıl Azərbaycanda ilk dəfə qapalı böyrək, sidik kisəsi əməliyyatları həyata keçirib. 30-dan çox elmi məqalənin müəllifidir. Hazırda Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalında işləyir. Bir çox beynəlxalq tibb cəmiyyətlərinin üzvüdür. 

Vasif İsmayılın “Şərq”ə müsahibəsini təqdim edirik:

 - Vasif  bəy, namizəd olmaq qərarına necə gəldiniz? Deputat mandatı sizə nə verəcək?

 - İllərdir şikayət edirik, narazılıq bildiririk. Ümumiyyətlə, ölkədə deyinənlər, giley-güzar edənlər çoxdur. Mən də o narazıların sırasında idim. Ancaq son illər düşündüm ki, parlamentə düşüm və sözümü orada deyim. İnsanların səsini çatdırım. Məncə, insanların dərdini çatdırmaq məndə yaxşı alınır. Parlamentə ona görə getmək istəyirəm ki, indiyə kimi dilə gətirdiyim problemlərin həll olunması üçün imkan əldə edim. Bütün imkanlarım əhalinin dərdlərinə sərf olunacaq. Mənim sözüm camaatın sözüdür. Hər zaman işim-peşəm insanların problemlərini həll etmək olub.
 
- Niyə Sumqayıtdan namizəd oldunuz?

- Sumqayıt mənim doğma şəhərimdir. Orada doğulmuşam, oxumuşam, boya-başa çatmışam. Sumqayıt uşağıyam. Sumqayıtlılarla birlikdəyəm..
 
- İndiyə kimi siyasi fəaliyyətiniz olubmu? Əgər olmayıbsa, həkimlikdən siyasətə keçmək sizə problem yaradacaqmı?

- Siyasi fəaliyyətim olmayıb. Heç bir partiyanın üzvü deyiləm. Hesab edirəm ki, siyasət bir peşə deyil. Bəziləri deyirlər ki, siyasətlə politoloqlar, jurnalistlər hüquqşunaslar məşğul olmalıdır. Bilirsiz, bir var adi iş adamı, bir də var iqtisadçı. Belə çıxır ki, bütün biznes sahələrində əsas işi iqtisadçılar görməlidir?! Bu gün sahibkarların çoxu iqtisadçı deyil, ümumiyyətlə bu sahədə təhsilləri yoxdur. Parlament fransızca “parle” sözündən yaranıb ki, bu da danışmaq deməkdir. Milli Məclis insanların danışaraq problemlərini həll etdiyi məkandır. Dünyanın harasında görünüb ki, həkimlər parlamentə seçilə bilməz. Təhsil aldığım İstanbul Tibb Universitetində tez-tez belə bir ifadə səslənirdi: - “Tibb fakültəsindən hər şey çıxır, aradabir həkim də çıxır”. Həkimlik də parlament kimidir. Səhərdən-axşama qədər insanların problemlərini həlli etmək üçün yollar axtarırıq, yanımıza yüzlərlə adam gəlir. Onları dinləyir, müayinə edir və optimal çıxış variantları tapıb onu icra edirik. Siyasət də buna bənzərdir. Sadəcə parlament insanların problemlərini həll etmək üçün əlavə vasitələr, imkanlar verir. İndiyədək insanların tibbi problemlərini həll edirdim. Deputat seçiləcəyim təqdirdə isə insanların daha çox gündəlik məsələlərini, sosial problemlərini həll etməyə çalışacam. Digər tərəfdən isə ümumən ölkənin problemlərini işıqlandırmaq üçün imkan qazanacam.

- Sizcə, indiki parlamentdə nə dəyişməlidir? Yeni tərkib necə formalaşmalıdır? 

- Yeni parlamentdən ən birinci gözləntim səmimiyyətdir. Bunun yanında isə bir az cəsarət və insaf görmək istəyirəm. Əgər seçicilər fəal olsalar, inanıram ki, parlamentə səmimi insanlar toplaya biləcəklər. Əlbəttə, parlamentdə müəyyən müzakirələr var idi, amma xalqın ciddi məsələləri müzakirə olunmurdu. Ziddiyyətli, fərqli fikir söyləyənləri parlamentdə görmək mümkün deyildi. Parlamentdə qızğın müzakirələr getməli, müxtəlif variantlar gözdən keçirilməlidir. Şübhəsiz, onu da qəbul edirik ki, parlament bütün dərdlərin dərmanı deyil, ancaq dərmanların ən vacibidir. Ona görə də ümid edirik ki, köhnə parlamentdən yeni parlamentə keçənlərin sayı az olacaq. Həm də gənclər hansı cinahda olmasından asılı olmayaraq, daha dinamik olur və danışmağı sevirlər. Yəni gənclər Yeni Azərbaycan Partiyasının namizədi olsalar belə parlamentdə sakit oturmayacaqlar. Bundan əminəm.

- Səhiyyəmizlə bağlı narazılıqlar çoxdur. Parlamentdə bu məsələni gündəmə gətirəcəksinizmi? 

- Parlamentə düşəcəyim təqdirdə görəcəyim əsas iş insanların səhiyyə sisteminə etimadını bərpa etmək olacaq. Son illər Azərbaycanda tibb sahəsində yaxşıya doğru dəyişikliklər var. Lakin bütün bunlara rəğmən insanların tibbə etimadında yüksəliş yoxdur. Bunun da subyektiv yox, məhz obyektiv səbəbləri var. Səhiyyəmiz yaxşı idarə olunmur. Son dövrlər tibb sahəsində problemləri aradan qaldırmaq üçün hökumət tərəfindən müəyyən adımlar atılır. Səhiyyə ilə bağlı problemləri aradan qaldırmağın yollarından biri icbari tibbi sığorta sisteminin tətbiq edilməsidir. İcbari tibbi sığorta birmənalı olaraq insanların maraqlarına uyğundur. İndiyədək üç bölgədə - Mingəçevir, Yevlax və Ağdaş şəhərlərində pilot layihələr həyarta keçirilib. Mən bu sahədə görülən işlərdən razıyam, çünki işin içindəyəm və oradakı insanlara həkim kimi xidmət göstərirəm. Əgər Azərbaycanın bütün bölgələrində bu cür xidmət göstərilsə, hər şey vətəndaşlar üçün yaxşı olacaq. Əlbəttə, icbari tibbi sığortanın tətbiqində problemlər də meydana çıxacaq. Həmin  problemləri yaxından izləmək və həll etmək üçün yaxşı komandaya ehtiyac var. Artıq belə bir komanda formalaşmaqdadır. İcbari tibbi sığorta ilə bağlı görülən işləri qənaətbəxş hesab etmək olar.