Elçin Əlibəyli:"Televiziyalarda maaş saytlardan belə aşağıdır" - MÜSAHİBƏ

“Bu əmək haqqı ilə kim işləyəcək? Əlbəttə, peşəkar adam gəlib bu əmək haqqına işləməyəcək”
 

Azərbaycanda bəzi telekanalların durumu arzuolunmaz səviyyədədir və bu cür televiziyalar tamaşaçıların maraqlarını ifadə edə bilmir. İzləyicilərin dünya görüşünün zənginləşməsi, maariflənməsi ilə bağlı bır sıra problemlər mövcuddur. Televiziya haqqında çoxsaylı qanunlar var. Amma həmin qanunların şərtlərinə məhəl qoyulmur. Ümumiyyətlə, televiziya yayımlarında insanları narazı salan ciddi qüsurlar mövcudur. Telekanallar cəmiyyətdə baş verən dinamik hadisələri tam şəkildə işıqlandırmır. Xəbər proqramları operativ, ürəkaçan səviyyədə deyil. Diskussiya proqramlarına isə demək olar ki, az rast gəlinir. Debatlar, tok-şoular və dialoqlar nadir hallarda təşkil olunur. Telekanallarımızda səviyyəsiz, bayağı şou verilişləri dəbdədir. Bunların hamısı da gələcək nəslin formalaşmasına çox mənfi təsir göstərir. Elə bu səbəblərdən də yerli telekanallar öz baxımlılığını itirməkdədir. Ona görə də, hazırkı dönəmdə Azərbaycan tamaşaçısı Rusiya, Türkiyə və başqa ölkə kanallarının izləyicisinə çevriliblər. Bu vəziyyət də məhz televiziyalarımızın və eyni zamanda teleməkanların baxımlılığının artırılmasında üzərinə böyük yük düşən teleaparıcıların buraxdığı ciddi nöqsanlar ucbatından yaranıb. Bununla yanaşı, qeyd edək ki, son zamanlar onlayn medianın durumu ilə bağlı da ciddi tənqidlər səsləndirilir. Yazıların keyfiyyətsizliyi, dil normalarının ciddi şəkildə pozulması, sifarişli məqalələrin yazılması və s. kimi məsələlər ictimaiyyətdə ciddi narazılıq doğurub.  Biz də “Şərq”qəzeti olaraq bu narahatçılıqları yaradan səbəbləri daha dəqiq öyrənmək məqsədilə  teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı  Elçin Əlibəyli ilə əlaqə saxladıq. 

Söhbəti təqdim edirik. 

-Son illər, telekanalların vəziyyəti, cəmiyyətə təqdim etdikləri verilişlər ciddi tənqid atəşinə tutulur. Sizcə, buna səbəb nədir və tənqidlərdə həqiqət payı nə qədərdir?  

-Telekanallar sosioloq və psixoloqlarla işləmirlər. Teleməkanlarda araşdırma departamenti olmalıdır. Bu departament  işini yaradıcı proseslərlə paralel davam etdirməlidir. Hər hansı bir veriliş və proqramın  təsiri, effekti sosial mesajı ölçülüb,  təhlil edilməlidir.Təəssüf ki, reytinq deyən kimi, bizdə yalnız AGB qrup yada düşür. Bu da transmilli şirkətdir. O şirkət də verilişlərin reytinqini 149 evdə quraşdırdığı “piplmetr” cihazı vasitəsilə ölçür. Həmin cihaz isə köhnə, lampalı televiziyalar üçün nəzərdə tutulub. İndi kimin evində belə televizorlardan qalıb? Əlbəttə, heç kimin. Üstəgəl, televiziyaya kabel və peyklə deyil, yalnız adi ev antenaları ilə baxanlar hesablanır. İndi adi ev antenaları ilə televiziyanı izləyən varmı və onların sayı nə qədərdir? Bu inandırıcı olmasa da, onun əsasında rəqəmlər hesablanır. Reklamverənlər də həmin rəqəmlərə görə, reklam verirlər. Kanallar da onun əsasında işləyirlər. Ona görə də hesab edirəm ki, hər bir televiziyada ən azı 3 nəfərlik ştatı olan sosial araşdırmalar departamentinə ehtiyac var. Yaxşı olar ki, həmin departamentdə psixoloq, sosioloq və kulturoloq da olsun. Televiziyaların həm psixoloji, həm sosioloji, həm də kulturoloji fəsadları var. 

-Bəzən peşəkarların televiziyalardan perik salındığı iddia olunur... 
 
-Öncə deyim ki, bəzi televizaya rəhbərləri televiziya işinə elə də yaxından tanış  deyillər. Jurnalistikada və ya yaxud da hansısa sahədə peşəkar olmaq hələ yaxşı  televiziyaçı olmaq anlamına gəlmir. Televiziya tamam başqa bir sahədir. Teleməkanın rəhbəri bu sahənin adamı deyilsə, heç olmasa, baş produser və yaxud da rəhbərlikdə olan başqa bir şəxs sırf peşəkar televiziyaçı olmalıdır. Televiziyanın əsaslarını, prinsiplərini bilən adam olmalıdır. Belə adamlar Azərbaycanda azdır. Faktiki olaraq televiziyaların rəhbərliyində yox səviyyədədirlər. 

-Peşəkar televiziyaçı formalaşdırmaq üçün hansı işlər görülməlidir, və ümumiyyətlə bu sahədə nə kimi addımlar atılır?

-Televiziya o qədər geniş sahədir ki... Bu sahə bir neçə elmin qovuşağında yaranıb. Televiziyaçı bir neçə elmi mükəmməl bilməlidir ki, telekanalla bağlı proqnozlar versin, yaradıcılıq siyasəti müəyyənləşdirsin, verilişlərin konsepsiyasını hazırlasın. Bunu da yetişdirən televiziya və radio akademiyası yoxdur. 
 
-Bəzən bildirilir ki, teleaparıcıların əksəriyyəti təsadüfi adamlardır. Bu, doğru yanaşmadırmı? Əgər doğrudursa, haqlı sual yaranır: niyə işə professionallar cəlb olunmur?   
 
-Sualınızın çox sadə bir cavabı var. Telekanallar gələn gəlirin çox az hissəsini yeni layihələrə və əmək haqlarına ayırırlar. Televiziyalarda orta aylıq əmək haqqı çox aşağıdır. Hətta saytlardan belə  aşağıdır. Bu əmək haqqı ilə kim işləyəcək? Əlbəttə, peşəkar adam gəlib bu əmək haqqına işləməyəcək. Ona yüksək maaş vermək lazımdır. Televiziyaların hamısının buna gücü çatmır.  Amma elə telekanallar var ki, onların imkanı çatır, lakin onlar bunu etmirlər. Peşəkara yaxşı əmək haqqı verib, ondan səviyyəli iş tələb etmək olar. Onda efir məkanı fərqli görünəcək, rəngarəng və çoxçeşidli olacaq. Az maaşla işləyən işçinin gözü yalnız rüşvətdə, qara kommersiyada qalır. Çalışır ki, sponsor tapsın, efirə ödəniş müqabilində qonaq çıxarsın. Bu qonaq da naşı olanda, aləm dəyir bir-birinə...

-Az qala bütün telekanalları  tibb verilişləri, dərman, xəstəxana reklamları bürüyüb. Nə məsələdi? 

-Bu televiziyalar, guya, xalqın, insanların sağlamlığınımı düşünür? Qətiyyən belə deyil. Əsas işləri ondan ibarətdir ki, tibb mərkəzlərini və həkimləri efirə dəvət edib, reklam etsinlər. Bu da ən asan gəlir mənbəyidir. Hətta bəzi müğənniləri də efirlərə ödənişlə çıxarırlar. İşçi düşünür ki, gərək, efirə bu ay bir neçə pullu qonaq dəvət edim ki, ayın sonunda evimə nəysə apara bilim. Əsas problemlər bundan qaynaqlanır. Əmək bölgüsü düzgün aparılmır. 

-Son 5 ildə Azərbaycanda internet televiziyaların sayı xeyli artıb. Hətta bəzilərinin rəhbəri çəkinmədən bildirir ki, bu gün internet televiziyaları ənənəvi tv-ləri kölgədə qoyub. Razısınızmı? 

-Ənənəvi televizaya anlayışı düzgün deyil. Burada faktiki olaraq ötürücülər dəyişib. İnsanlar həmin kanalların  verilişlərini artıq antena yox, internet üzərindən izləyirlər. Bizdə əksər telekanalın internet platforması yoxdur. Amma Rusiya telekanallarının hamısının internet platforması var. İnternet üzərindən verilişlərə baxmaq istəyənlər elə o platformadan izləyirlər. 

-İnternet televiziyası ilə ənənəvi telekanalın fərqi nədir?

-Ənənəvi televiziyada bütün ailə tv-nin qarşısında oturub, hansısa verilişi izləyə bilir. Onlayn televiziyada isə ilk növbədə buna görə, internet pulu ödəməlisən. O verilişə baxmaq üçün cihazın olmalıdır. İnternetin keyfiyyətli və keyfiyyətsiz verilməsi məsələsi də var. Üstəgəl, onlayn televiziyanı izlədiyin telefon sənin özünə məxsus olur. Bu cihaz təkcə sənə məxsusdur. Bu, bir nəfər üçündür. İnternet televiziyalara ailə ilə birgə baxmaq mümkün deyil. Onlayn televiziyanın estetikası, ənənəvi televiziyanın estetikası ilə eyni ola bilməz. Onlayn televiziyanın ayrı-ayrı süjetlərinə çox baxıla bilər. Amma bu, hələ böyük göstərici deyil. Burada da yanlışa yol verilir. Bu sahədə də peşəkarlara ehtiyac var. Təəssüf ki, yenə gəlib, maliyyə məsələlərinin üzərinə çıxırıq. Maliyyə bölgüsü düzgün aparılmır. Rəhbərlər peşəkarlarla işləmək istəmirlər. Peşəkar adam yüksək əmək haqqı tələb edir. Bizdə isə əksər rəhbər “Yola ver, getsin” prinsipi ilə iş görür. 

-Zaman-zaman şou-biznes nümayəndələri ilə də mübahisələriniz  olur. Nəyin davasını aparırsınız? 

-Mənim müğənnilərlə heç bir işim yoxdur. Nə mahnı oxumaq istəyirəm, nə də müğənni olmaq. Sosial mesajların dorğu-düzgün verilməsinə çalışıram. Sosial mesajlar dürüst olsa, onun faydası da çox olacaq. Bəz hallarda müəyyən saytlar o qədər qeyri-peşkarlıq edirlər ki... Ucuz və bayağı xəbərlər arxasınca qaçırlar. Hər şeydə sensasiya axtarırlar. Hansısa bir cümləni kontektsdən çıxarıb başlığa yerləşdirməklə işlərini bitmiş sayırlar. Bununla da günlərini yola verirlər. Ona görə də belələrini ciddiyə almıram. Gəlib, jurnalistikaya doluşublar. Təhsilləri məlum deyil, savadları məlum deyil. Özlərini hansısa bayağı müğənnidən asılı vəziyyətə salıblar. Onlardan  20, 50 manat alıb, yazı  yazırlar. Bu adamların nəyini ciddi hesab edim? Bunların mahiyyəti nədir ki, mən onları ciddiyə alım?! 

- Deyim ki, bəzi müğənnilər də onlarla işləməkdə maraqlıdırlar...

-Çünki həmin “jurnalistlər” endirimlə işləyirlər. Anlamırlar ki, bazar iqtisadiyyatı deyəndə normal bazar iqtisadiyyatı nəzərdə tutulur. Bunlar isə hər şeyi Şərq bazarı sisteminə uyğunlaşdırıb, qiyməti öldürürlər. Ona görə də dili söz tutmayan,  qələmi küt olan, pula satılan o qədər jurnalist var ki. Onlar Azərbaycan jurnalistikasını məhv ediblər, medianın prestijini öldürüblər. Müğənninin yanında jurnalist deyəndə müğənni düşünür ki, 20 manat verib, istədiyimi yazdıracam. Vəssalam, məsələ bu qədər sadədir. 

-Aparıcı olduğunuz “El bizim, Sirr bizim” verilişində cəmiyyəti narahat edən məsələləri gündəmə gətirirsiniz. Bu verilişdə verdiyiniz mesajlar hədəfinə çatırmı? Mesajların effekti olurmu?
 
-Yox, heç bir effekti olmur, olmayacaq da. Çünki ciddi mövzunu müzakirə edəndə heç kim baxmır. Belə ciddi verilişləri nə tamaşaçı izləyir, nə də jurnalistlər bunun keyfiyyətindən yazır. Amma bir qalmaqal olan kimi, saytlar da yazır, insanlar da izləyir. Ayda 26 verilişimiz efirə gedir. Onun, bəlkə, 1, 2-sində qalmaqal yaranır. Ondan yazırlar, amma digər 25-indən yazan olmur. Burada biz təhsil problemlərini qaldırırıq. MİQ imtahanlarında məntiqdən sualların yersiz olmasına dair məsələ qaldırdıq. Mövuz ictimailəşdi və MİQ imtahanında məntiqdən suallar yığışdırıldı. Bunun kimi yüzlərlə misal göstərə bilərəm. Amma bu, insanlara maraqlı deyil. Bəzi adamlar var, bütün günü Feysbukdan asılı qalıb, şou, qalmaqal axtarır. Belə geri zəkalılarla bir cəmiyyətdə yaşamağın özü “xoşbəxtlikdir”. 

-Jurnalistika tarixini vərəqləyəndə də şahidi oluruq ki, tarixən kütlə medianın arxasınca gedib. Yəni, mətbuat cəmiyyətin lokomativi rolunda çıxış edib. Cəmiyyətə, insanlara yön verib, onları maarifləndirib. Amma indi əksini müşahidə edirik. Media az qala kütlənin yedəyində gedir. Səbəb nə oldu?
 
- Saytlar İP axtarışındadırlar.  Bunu reklam əldə etmək üçün etmirlər. Onlara maliyyə verən ağalarına göstərirlər ki, baxın, bizi bu qədər adam izləyir. Bəs o adamlar kimlərdir? Məsələnin mahiyyəti bu sualın cavabında aydın olur. Azərbaycanda hər bir media quruluşu haradansa maliyyələşir. Uşaq deyil ki? Həmin saytın başında duran adam da ağasına aylıq hesabat olaraq rəqəm göstərməlidir. O da bu rəqəmi belə bayağı yolla qazanır. Səbəb bundan ibarətdir. Ona görə də kütlənin də arxasınca qaçırlar, bayağılığın da, şounun da. Hər yola əl atmağa hazırdırlar. Bunu eynəksiz də görmək, müşahidə etmək olur. 

-Teleaparcıların efirlərdə “ağlaşma səhnəsi” qurub, efir məkanını mərasim evlərinə çevirməsi də tənqid edilən mövzular sırasındadır. Sizin münasibətiniz necədi? 

1970-80- ci illərdə  Azərbaycan kinoteatrlarında görkəmli italyan kinorejissoru Federiko Fellininin çəkdiyi filmlər nümayiş olunurdu. Ona baxmırdılar, amma hind filminə baxırdılar. İnsanlar saatlarla ağlayırdı.  Doğrudan da, hamı başqasının problemini bölüşmək istəyir. Bu da psixoloji məqamdır. Bəzi televiziyalar bundan istifadə edirlər. Normal işdir. Hər kəs sözünü bir yerə qoysaydı, televiziyaların vahid konsepsiyası olsaydı, heç kim belə veriliş hazırlamazdı və buna da baxılmazdı. Amma indi vəziyyət elə deyil. Bir telekanal bunu hazırlayır, ona da baxılır, digəri də oxşar veriliş hazırlayır. 

-Verilişlərinizə gənc qələm adamlarını tez-tez dəvət edirsiniz. Arada onlarla razılaşmadığınız məqamlar da olur. Onların düşüncə tərzi, intellektual səviyyəsi və yaradıcılıqlarını bəyənirsinizmi?
 
-Yeni nəsil ədəbdiyyaçılarımızdan çox razıyam. Kifayət qədər proqressiv ədəbiyyatımız yaranıb. Yetərli sayda yaxşı imzalar, müəlliflər var. Onların arasında ortaya olduqca ciddi mətn qoyanlar az deyil. Açığı bu sahədən tam razıyam. Onların fikri müxtəlif ola bilər. Bu, normaldı. Amma olduqca orijinal mətnlər yaradan gənc ədiblərimiz yetişir. 

-Növbədənkənar parlament seçkilərinə sayılı günlər qalıb. Bəlkə də, seçki tariximizdə ilk haldır ki, bu dəfə namizədliyini irəli sürənlərin sayı olduqca çoxdur. Bu hal birmənalı qarşılanmadı. Kimi məlum vəziyyəti yüksək qiymətləndirdi, kimi isə əksinə lağ, gülüş predimetinə çevirdi. Siz necə düşünürsünüz? 
  
- Öncə deyim ki, namizədlərin seçkiqabağı təşviqatı ilə bağlı yazı da yazmışam. Kütləvi şəkildə seçkiyə qatılmaq çox yaxşı tendensiyadır. Cəmiyyət siyasi cəhətdən savadlanır, siyasi məsələlərə reaksiya verir. Özünü siyasətdə, parlamentdə  görən insanların sayının çox olması yaxşı göstəricdir. 

-Kifayət qədər tanınmış jurnalistsiniz. Siz niyə qatılmadınız?    

- Hərənin öz missiyası var. Hər kəs öz missiyasını yerinə yetirir. Parlamentdə olmaq, qanunvericilik təşəbbüsü ilə çıxış etmək deməkdir. Parlamentdə olmaq başqa bir yaradıcılıqdır, yəni, qanun yaradıcılığıdır. Mənim isə yaradıcılıq platformam başqadır. Milli Məclis mənim platformama uyğun gəlmir. Mənim platformam televiziya, internet resursları və öz kitablarımdır. 

-Yeri gəlmişkən yeni kitabınız  çap olunub, deyəsən...

-Bəli, doğrudur. Yeni kitabım işıq üzü görüb. "Müasir insan informasiya burulğanında: Özümüzü necə xilas edək?" adlı kitabda sosial şəbəkələr və orada verilən mesajların insan şüuruna, psixologiyasına təsiri təhlil olunub. Çox ciddi mesajlar,təhlillər və nümunələr var.