“BMT qətnamələrinin icrasını mütləq görəcəyik, ancaq...” - MÜSAHİBƏ


Səməd Seyidov:“...Bunun üçün  yeni sənədlər qəbul etdirmək lazımdır”

“Əlaqələrimizi nə qədər çox gücləndirəcəyiksə, beynəlxalq səviyyədə yeni sənədlərin qəbul olunmasına və ya qəbul olunmuş sənədlərin icrasına bir o qədər tez nail olacağıq” 

“Azərbaycan-İtaliya münasibətlərinin inkişafı gələcəkdə Avropa Birliyi ilə bağlanacaq müqaviləyə çox böyük təsir göstərəcək”




2020-ci ilin 15 fevral tarixində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N. Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub.  Debatın mahiyyəti barədə “Şərq”ə danışan Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, psixologiya elmləri doktoru, professor Səməd Seyidov bunları qeyd edib: 

- İndiyə qədər iki ölkə lideri arasında belə birbaşa və açıq polemika olmayıb. Ona görə də bu hadisə müəyyən mənada tarixi xarakter daşıyır və bu müzakirəni müxtəlif aspektlərdən nəzərdən keçirməyə ehtiyac var. 

-Məsələn, hansı aspektlərdən, rakursdan  nəzərdən keçirmək olar?

-Birincisi, sırf insani nöqteyi-nəzərdən bunu müharibə şəraitində olan iki ölkənin liderləri arasında ciddi və sərt bir dialoq kimi təhlil etmək mümkündür. İkincisi, psixoloji baxımdan bu müzakirə özünü idarəetmə səviyyəsinin, təfəkkür məntiqinin, danışıq tərzinin və iştirakçıların fərdi xüsusiyyətlərinin əyani göstəricisi ola bilər. Üçüncüsü, siyasi nöqteyi-nəzərdən Münhen debatı həm beynəlxalq, həm də milli səviyyələrdə hər iki liderin reytinqinə birbaşa təsir göstərir. Dördüncüsü, nəhayət, müzakirələri beynəlxalq münasibətlərə təsir və Dağlıq Qarabağ münaqişəsinin həllinə diplomatik yanaşma baxımından da təhlil edə bilərik.

-Bu görüşdən bir neçə saat əvvəl cəbhədə daha bir əsgərimizi snayper gülləsindən itirdik...

- Əlbəttə, bunu Prezidentə bildirdilər və görüşdən əvvəl onun hisslərini təsəvvür edirəm. Əminəm ki, əsgərimizin ölümündə birbaşa məsuliyyət daşıyan biri ilə debata o, ürək ağrısı, eyni zamanda haqlı mövqeyi, xalqına və öz gücünə inamla gedirdi.  "Mən həqiqəti söyləməyə gəlmişəm" – bu sözlər Prezident İlham Əliyevin çıxışının leytmotivinə çevrildi. Məhz bu sözlərlə o, öz gücünü həm zalda əyləşənlərə, həm Paşinyana hiss etdirdi.

-Bu debat dünyaya hansı mesajı verdi və nəticə nədən ibarət oldu? 

- Prezident İlham Əliyev yüksək mədəniyyət, heyrətamiz ağıl, aydın təfəkkür, fenomenal yaddaş, mükəmməl ingilis dilini bilmə bacarığı ilə öz şəxsiyyətini o qədər geniş miqyasda nümayiş etdirdi ki, bununla müqayisədə Paşinyan sadəcə nəzərlərdən itdi. Maraqsız, gülünc və hətta axmaq təsiri bağışladı. Amma İlham Əliyevi müzakirə apardığı Paşinyan o qədər də maraqlandırmırdı. O, dünya ermənilərini hədəf almışdı. Bəli, bu, dünya siyasi elitası qarşısında parlaq siyasi qələbə idi. Eyni zamanda təhsilin, zəkanın və vətənə sədaqətin qələbəsi, Azərbaycanın mövcud potensialına şübhə edənlərin hamısının üzərində qələbə idi.

-Bu müzakirə zamanı Azərbaycan Prezidentinin erməni baş nazirin yalanlarını  faktlarla ifşa etməsi düşmən ölkə rəhbərində soyuq düş effekti yaratdı. Əlbəttə, bu hal Azərbaycan ictimaiyyətini yüksək ovqata köklədi...

-Siyasətə bir fenomen olaraq fərqli təriflər verilir, amma mənə elə gəlir ki, bu ayrı-ayrı şəxsin və ya bir qrup insanın emosional vəziyyətinin rəsmi beynəlxalq sənədlərə və dövlətlər arasında diplomatik davranış qaydalarına keçməsi prosesidir. Bu mənada Münhen müzakirəsi heç kəsi laqeyd qoymadı, hər bir azərbaycanlıda qürur hissi oyatdı. Deyirlər ki, hər millət öz liderinə layiqdir. Əgər belədirsə, o zaman ağıllı, təhsilli, cəsarətli, öz maraqlarını (insanları) müdafiə edə bilən xalqımla fəxr edirəm və ona (insanlara) sonsuz sadiq olan Prezidentimlə fəxr edirəm!!!

-Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri baş tutdu. Səfərin əhəmiyyəti nədən ibarətdir? 
 
- Prezidentin Avropa ölkələrinə, xüsusilə, Avropa Birliyinə daxil olan İtaliyaya səfəri  Azərbaycan-İtaliya münasibətlərində yeni bir mərhələ, yeni bir səhifə açdı. Biz bunun əyani şahidi olduq. Bilirsiniz ki, İtaliya Avropanın ən aparıcı ölkələrindən, sütunlarından biridir. Onun iqtisadi gücü, mədəniyyəti, təsir gücü, əlaqələri danılmazdır. Bu mənada İtaliya ilə münasibətlərin inkişafı Azərbaycan üçün vacibdir. Bu, tarixi səfər idi. Səfərlə bağlı xüsusi bir məqamı diqqətə çatdırmaq lazımdır.

-Hansı məqamı?

 -Məlum səfərdən sonra İtaliya-Azərbaycan münasibətləri tamamilə yeni bir müstəviyə yüksəldi. Azərbaycan beynəlxalq əlaqələri inkişaf edir. Azərbaycan- İtaliya münasibətlərində əsas məqam  strateji əməkdaşlığın Avropa Birliyinə daxil olan ölkələrlə birgə beynəlxalq səviyyədə kordinasiya olunmasıdır. Bilirsiniz ki, Avropa Birliyinə daxil olan ölkələrlə əməkdaşlığa dair sənədlər imzalamışıq. Bu məqamda həmin ölkələrlə strateji əməkdaşlıq səviyyəsi bir addım da irəliləyir. Bir-birimizə beynəlxalq səviyyədə  dəstək, kömək və eyni mövqedən çıxış etmək məsələləri gündəmə gətirildi. Bu, faktiki olaraq Avropa Birliyi ilə gələcəkdə bağlanacaq müqaviləyə çox böyük təsir göstərəcək bir məsələdir. Ona görə ki, indiki məqamda Avropa Birliyinə daxil olan ölkələr Azərbaycanla münasibətləri bu səviyyədə qurmaq niyyətində və iqtidarındadırlarsa, Avropa Birliyi dərk etməlidir ki, bu münasibətləri Azərbaycanın milli maraqları çərçivəsində və qısa zaman kəsiyində təşkil edərlərsə, bu, Avropa Birliyi üçün də yaxşı olar. Yəqin, yadınızdadır,  cənab Prezident Azərbaycan- Avropa Birliyi ilə bağlı məsələlərə diqqət yetirəndə, problemlərdən danışdı. Ölkə başçısı qeyd etdi ki, bu məsələ bizi narahat edir. Bu mənada Avropa Birliyi ilə müqaviləni çox ciddi təhlil etmək məcburiyyətindəyik. Çünki biz Azərbaycanın milli maraqlarını qorumalıyıq. Bu baxımından Avropa Birliyinə çox ciddi təsir göstərmək imkanına malik olan , Avropa Birlinin sütununu təşkil edən bir ölkə ilə o cür yüksək səviyyədə, çoxşaxəli, əhatəli, hər iki ölkəyə ciddi təsir göstərəcək müqavilənin  imzalanması Avropa Birliyi və dünya ölkələrinə böyük əhəmiyyətli bir mesajdır. Ümumilikdə, Prezidentin İtaliya səfəri çox yüksək səviyyədə keçib və ciddi təhlilə ehtiyacı olan məsələdir. 

-Dağlıq Qarabağ münaqişəsinin həllinə dair BMT TŞ-nin 4 qətnaməsi var. Prezidentin Münhen debatı, o müzakirə zamanı həqiqətlərin dünyanın gözü qarşısına sərilməsi, Ermənistanın işğalçı mahiyyətinin növbəti dəfə tutarlı faktlarla ifşası, Prezidentin İtaliya səfəri, Azərbaycanın artan nüfuzu həmin qətnamələrin icrasını labüd edə bilərmi, yoxsa bunu əngəlləyən ciddi məqamlar var?

-Təəssüflər olsun ki, dünyanın bəlası olan ikili standartları hələ heç kim gündəmdən çıxarmayıb. Cənab Prezidentin fəaliyyəti,  genişlənən əlaqələrimiz, Azərbaycanın siyasi və hərbi çəkisinin artması, ölkəmizin  yeni mərhələyə yüksəlməsi ikili standartlara qarşı ciddi, məntiqli və düzgün  cavabdır. Bu məsələlərin bir anın içərisində həllini tapacağını gözləmək olmaz. Ancaq hər kəs görür ki, cənab Prezidentin çıxışlarından, görüşlərindən və səfərlərindən sonra ölkəmizə olan münasibət dəyişir. Bir dəfə demişəm ki, siyasət özü-özlüyündə hansısa bir münasibətin , hətta şəxsi və emosional münasibətlərin, hisslərin yavaş –yavaş möhkəmlənməsi nəticəsində beynəlxalq səviyyədə sənədlərin qəbul  olunmasına və icrasına çevrilir. Bax, siyasət budur. Bu gün biz o hissləri, o münasibət və əlaqələri yaradırıq. İtaliya da daxil olmaqla böyük dövlətlərlə münasibətləri formalaşdırırıq.  

-Bu münasibətlərin inkişafı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasına töhfə verəcəkmi?

-Əlbəttə, bütün bu əlaqələr hansısa səviyyədə  qəbul olunmuş sənədlərin icrasına və qəbul olunmamış, ancaq gələcəkdə qəbul olunacaq sənədlərin Azərbayanın milli maraqlarını əks etdirməsinə  xidmət edir. Bu, çox vacib məsələdir. Hətta insani səviyyədə, şəxsiyyətlərarası münasibətlər səviyyəsində,  hansısa bir şəxslə müasibətləri normal qurmaq gərəkir ki,  o insan hansısa bir məsələdə sizin mövqeyinizə hörmətlə yanaşsın, sizi dinləsin. Bu gün Azərbaycan elə bir siyasət aparır ki, onun sözünə, münasibətinə, fikrinə, əlaqələrinə avropada, dünyada ehtiyac yaranır, Azərbaycana qulaq asılır və ölkəmiz qəbul olunur. Hesab edirəm ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev düz deyir. Heç kim  BMT-nin qətnamalərini gündəmdən çıxarmayıb, çıxara da bilməz. Bu qətnamələr var, biz bu qətnamalərə münasibətləri, Azərbaycanın gücünü əlavə edirik. 

-Bəzən BMT hansısa bir məsələ ilə bağlı qətnamə qəbul edir, bütün aparıcı ölkələr o qətnamənin icrasını tələb edirlər və buna nail olurlar. Bəs,  Dağlıq Qarabağla və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətnamələr niyə illərdir, kağız üzərində  qalır? 

-Güclü qətnamə var, bir də gücsüz qətnamə var. Bilirsiniz ki, BMT-nin minlərlə qətnaməsi var. Hamı sual verir ki, necə olur, bu qətnamələrin bəziləri dərhal icra olunur, bəziləri isə icra olunmur. İcra olunan qətnamələr güclü qətnamələrdir. İcra olunmayan isə gücsüz qətnamələr kimi qəbul oluna bilər. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qəbul edilən qətnamə əvəllər gücsüz idi . Ona görə ki, vaxtilə arxasında gücsüz Azərbaycan var idi. İndiki məqamda Azərbaycan dövləti gücləndikcə, ölkəmizin beynəlxalq nüfuzu,  münasibəti yüksək səviyyəyə qalxdıqca,  bu qətnamələr də güclənir və onlar yeni gücə, təsirə malik olmağa başlayır. Hesab edirəm ki, həmin qətnamələrin icrasını mütləq görəcəyik. Ancaq bunun üçün  yeni sənədlər qəbul etdirmək lazımdır. Yəni, öz gücümüzü, münasibətlərimizi, əlaqələrimizi nə qədər çox gücləndirəcəyiksə, beynəlxalq səviyyədə yeni sənədlərin qəbul olunmasına və ya qəbul olunmuş sənədlərin icrasına bir o qədər tez nail olacağıq.