"Fəlsəfə deyir ki, bu virusdan ölməsək, bir gün azad olmaq şansımız var, amma ölsək o şansı da itirəcəyik"
Bütün hallarda insanlıq gözlənilmədən yaxalandığı bu təhlükədən xilas olacaq. Bizə düşən bir vəzifə var: bu dəfə həyəti həyata qurban vermək! Beş-on günlüyünə...
Koronovirus infeksiyasının əhatə dairəsi sürətlə genişlənir. Dünyanın ən inkişaf etmiş ölkələri bu virusun yayılma sürəti qarşısında aciz qalıb. Dövlətimiz bu pandemiyanın ölkə ərazisində daha çox yayılmasının qarşısının alınması üçün bütün gücü ilə çalışır, müxtəlif tədbirlər həyata keçirir, insanları narahat edəcək məsələlərin həlli üçün müvafiq iş planları hazırlayır.
Hazırkı vəziyyətdə vətəndaşlarımızın üzərinə də böyük vəzifə düşür. Ölkə ərazisində xəstəliyin geniş vüsət almaması üçün Operativ Qərargahın qərarlarına ciddi əməl etməliyik. Diqqətli və məsuliyyətli olsaq bu bəladan daha az itki ilə çıxa bilərik. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirus təhlükəsi ilə əlaqədar insanlara "Evdə qal, həyatları xilas et!" çağırışı ilə müraciət edib. Çalışın, evdə qalın, evdən çıxmayın.
Hazırda ailəsi ilə Ankarada yaşayan yazar Aqşin Yeniseylə gündəmin əsas mövzusu olan Koronavirus infeksiyası ilə mübarizə tədbirlərini müzakirə etdik.
- Azərbaycanda koronavirusla mübarizə üçün xüsusi karantin elan edilib. Bir çox obyektlər, iş yerləri, təhsil müəssisələri bağlanıb. Tətil müddəti uzadılıb. Bəs, hazırda Türkiyədə vəziyyət necədir? Dövlət hansı tədbirləri görür?
- Türkiyədə də bütün dünyada görülən qabaqlayıcı tədbirlər görülür. Əsas hədəf virusa yoluxmamaqdır. Polis avtomobilləri parklarda insanları evlərinə getməyə səsləyir. Küçələr, məscidlər bomboşdur. Ancaq bütün dünyada olduğu kimi burada da öz həyatı kimi bütün külli-aləmin həyatını heçə sayanlar, karantin qaydalarına əməl etməyənlər var. Tükiyədə, əslində, daha böyük yoluxma gözlənilirdi. Çünki karantin elan olanan günlərdə ölkəyə iyirmi mindən çox Həcc ziyarətçisi gəlmişdi ki, ən böyük yoluxma mənbəyi onlar hesab olunurdular. Görülən tədbirlər nəticəsində yoluxmanın miqyası gözlənilən rəqəmlərin altındadır. Amma təhlükə hələ sovuşmayıb.
- İnsanlara evdə qalmaq tövsiyyə edilir. Hətta "evdə qal" kampaniyası başladılıb. Siz necə əməl edirsiniz bu karantin qaydalarına? Yazarlar azad ruhlu olur, çətin deyil ki evdə qalmaq..?
- Mən, onsuz da, burada ev həyatı yaşayıram, işlərimi evdən görürəm, uşaqlara baxıram. Ünsiyyətcil, sülnəgi adam olmadığım üçün gəzib-tozan biri də deyiləm. Mənim problemim yoxdur. Böyük mənada baxsaq, dünyada şüur baxımından əkinçilik dövründən uzaqlaşmamış “evdar” deyə biləcəyimiz xalqlar var. Məsələn, bizim xalq da onlardandır. Yoluxmaların sayının bizdə az olmasının bir səbəbi də budur, evdarlığımız, bozbaşı pizzanın ayağına verməməyimiz. Əsas problem azadlığı anlayış kimi deyil, həyat tərzi kimi yaşayan insanların, xalqların problemidir. Fransız filosof Kleyir Marinin müsahibəsini oxuyuram, deyir ki, avropalı üçün eynən bizim Babək kimi qırx gün ev dustağı kimi yaşamaqdansa, bir gün azad insan kimi küçədə ölmək daha yaxşıdır. İtaliyada, İspaniyada, Fransada ölənlər həm də öz azadlıqlarının qurbanlarıdır. Onlar koronavirusa azadlıqlarını təhdid edən yad bir ünsür kimi baxırlar. Və onunla küçədə döyüşməyi üstün tuturlar. Amma bu işin etik, əxlaqi olmayan tərəfi özünlə bərabər, istəmədən başqalarını da yoxluxdurmaq ehtimalıdır. Bu etik olmayan ehtimala görə hər kəs öz azadlığından 30-40 gün güzəştə getməlidir deyə düşünürəm. Fəlsəfə deyir ki, bu virusdan ölməsək, bir gün azad olmaq şansımız var, amma ölsək o şansı da itirəcəyik.
-Evdə nə işlə məşğul olursunuz?
- Həmişəki kimi oxuyuram, yazıram, yemək bişirirəm, uşaqlara baxıram. Bildiyimiz evdar teyzə həyatı!
-Yaradıcılıq işləri necə gedir? Virus təşvişi fikirlərinizi cəmləməyə mane olmur ki?
- Əksinə, şair kimi tanınsam da, həmişə rasional düşüncələrə sitayiş etmişəm. Mövhumat, göydəndüşmə fikirlər mənim ancaq meyidimə yaxın gələ bilər. Pandemiyanın fonunda dünyanın davranışlarını izləyirəm, xalqların, Şərq və Qərb mədəniyyətlərinin ölümə, həyata münasibətilərini müşahidə edirəm. Şərqdə məhkumluğa, Qərbda azadlığa qaçışın gələcəkdəki nəticələrini araşdırıram. Bu pandemiya mənə görə, həm də Qiyamət anlayışının, dünyanın sonu duyğusunun insanlara necə təsir etdiyini izləmək və sağ qalsaq, gələcəkdəki əsərlərdə bundan istifadə etmək üçün bir fürsətdir. Hər nə qədər nəticələri faciəvi olsa da. Biz təsəvvürümüzdə bu pandemiyanın dəhşətini bir az böyütsək bir Məşhər mənzərəsi üzə çıxacaq. Bir yazıçının, şairin, rəssamın və s. yaradıcı tipin işi həm də bu günümüzdən çıxardığı mənəvi, psixoloji dərsləri gələcək nəsillərə ötürməkdir.
-Həyat yoldaşınız həkimdir. Evdə hansı karantin tədbirləri qoyub uşaqlar və sizin üçün?
- Xüsusi bir qorunma metodumuz yoxdur. Uşaqların, evin təmizlik rejimi gücləndirilib və bacardıqca küçəyə çıxmamaq qadağamız var. Hamı necə, biz də elə. Zatən pandemiyanın dünyaya verdiyi sosial mesaj da budur.
- Qidalanma rejiminizə necə duqqət edirsiniz. Sarımsaq yeməyən adamlar belə indi hər gün sarımsaq yeyir. Bəs siz?
- İmmuniteti gücləndirən qidalardan daha çox istifadə etmək lazımdır. Bu virusun insanda kəşf etdiyi zəif yer immunitet əksikliyidir. İmmuniteti güclü olan adamın yoluxmamaq, yoluxarsa xəstəliyi adi qrip kimi keçirmək şansı var. Məsələn, mən bu karantin günlərində öyrəndim ki, milli mətbəx deyib boynumuza mindirdiyimiz qazan dolusu yeməklərin immunitet sistemimiz üçün heç bir faydası yoxdur. İndiyə qədər heç bir milli- mənəvi dəyərimiz bozbaş qazanı qədər gözümdən düşməmişdi. Lülə-tikə kabablarla, pitiqablarındakı qoyun quyruqları ilə dar gün üçün yığdığımız piyli göbəklərin bu virus qarşısında heç bir gücünün olmaması məni dərindən sarsıtmışdır. Sən demə, qoynumuzda qarın deyil, ilan bəsləyirmişik. Ona görə bütün oxucularımıza deyirəm, milli mətbəxə bu günlərdə xəyanət edin, gününüzü göy-göyərti, mer-meyvə ilə keçirin. Müvəqqəti olaraq, dolmanı verin, düşməniniz yesin.
- Virusla bağlı müxtəlif iddialar var. Kimisi bioloji silahdır deyir, qəsdən yayıblar. Kimisə də qidalanmasının iyrənc olmasına görə Çini günahlandırır. Siz mütaliəli adamsınız. Bu virusun bu qədər yayılma təhlükəsi ilə bağlı nə fikirdəsiniz ?
- Bakterioloji silahlar mövcuddur. Amma bu virus bütün dünyaya yayılıb. Silahın hədəfi konkret düşmən olur. Əgər hədəf bütün dünyadırsa, bizim düşünmək üçün iki versiyamız var. Ya bu virusu yaradan mənbə dünyanı məhv etmək istəyən hansısa terrorçu qrupun əlinə keçib, ya da həmişə olduğu kimi, bu, bir epidemiyadır. Çünki dünya ilk dəfə deyil belə bir pandemiya ilə qarşılaşır. Ona görə bütün məsələlərdə olduğu kimi, mən bu məsələdə də konspiroloji təhliləri modern mövhumatçılıq hesab edirəm. Bioloji silahdırsa belə, bu sual ortada açıq qalır: kim kimə qarşı istifadə edib bu silahı və nə üçün?
- Proses nə qədər davam edəcək və dünyada nələr dəyişəcək?
- Mən də hamı kimi bu işin peşəkarlarının ağzını güdürəm. Bu yay başa çatacağını da deyirlər, bir il sürəcəyini də. Bütün hallarda insanlıq gözlənilmədən yaxalandığı bu təhlükədən xilas olacaq. Bizə düşən bir vəzifə var: bu dəfə həyəti həyata qurban vermək! Beş-on günlüyünə...