Qismət Rüstəmov: "Bütün ciddi uzmanlar açıqladılar ki, bu virus ailəsi elmə məlum idi, yeni olan sadəcə mutasiyaya uğramış variantıdır"
"Burda elmi olmayan cavablar axtarmaq əbəsdir, indiki açıq bilgi əsrində bu cür hazır, qəlib cavablardan qaçmaq lazımdır"
"Əgər tarixdə analoji vəziyyətlərə baxsaq, görürük ki, doğrudan bu cür qlobal xarakterli hallardan sonra cəmiyyətlərin həyatında nələrsə dəyişib, yaxud dəyişikliyə təkan olub"
Koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində bir aydır ölkədə xüsusi karantin rejimi elan edilib. Burada yeganə məqsəd dünyanın səssiz rejimdə fəaliyyət göstərməsinə səbəb olan koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısını almaq, vətəndaşlarımızın sağlamlığını qorumaqdır.
Bizdən tələb olunan isə özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum ünsiyyətdə olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etməkdir. Təəssüf edirəm ki, nə qədər ciddi rejim yaradılsa da, karantin rejimini pozanlara rast gəlmək olur.
Ən əsası isə, karantin qaydalarına tabe olmamaqla bağlı təbliğat aparanlar da az deyil. Bu qəbildən olan insanlar pandemiyanın guya yalan olduğuna dair təsəvvürlər yaratmağa çalışırlar. Sözsüz ki, koronavirus fəlakəti barədə yayılan şayiələr və sualların böyük bir qismi viruslar barədə bilgisizlikdən qaynaqlanır.
Maraqlı məqam odur ki, əvvəllər fövqəladə hadisə baş verdikdə hərə öz komasına çəkilsə də, ictimai-siyasi statusu olan şəxslər gündəmdə olmağa məcbur qalırdılar. Lakin indi vəzifəsindən, peşəsindən, kasıb və ya varlı olmasından asılı olmayaraq hamı “evdə qal” kampaniyasının dəstəkçisinə çevirilib. Yazarlar azad ruhlu olur, karantin rejimi yaradıcı adamlar üçün çətin olar deyə düşünsək də, söhbət elədiyimiz şəxslər əksini söylədilər. Sən demə, onlar elə 4 divar arxasında da yazacaq mövzu tapırlar.
Elə qəzetimizə müsahibə verən şair, tərcüməçi Qismət Rüstəmov üçün də koronavirus və karantin rejimi yaradıcılığına əngəl olmayıb.
- Qismət bəy, bu gün medianın və sosial şəbəkələrin gündəmində koronavirus pandemiyasıdır. Hər kəs öz sahəsinə uyğun fikir bildirir, müzakirələrə qoşulur. Ən pis halda lağlağıya çevirir. Sizin statuslarınıza rast gəlmirik nədənsə. Virusla bağlı düşüncələriniz maraqlıdır...
- Mən birbaşa pandemiya haqqında olmasa da, təlimlərarası ədəbiyyat kontekstindən məsələyə yanaşaraq, "Ədəbiyyat və virus" adlı bir esse yazdım. Məsələnin tibbi tərəfiylə bağlı peşakarların sözünə etimad etmək lazımdır, mənim maraq dairəmdə bu cür pandemiya dövrlərinin, yaxud ümumiyyətlə virus, sağalmaz xəstəlik mövzusunun sənət tarixində necə işlənməsidir. Bu pəncərədən baxanda, ədəbiyyatla pandemiya mövzusu arasında üç cür əlaqədən danışmaq olar: birincisi, müxtəlif dövrlərdə virusa yoluxmuş müəlliflərin həyatı; ikincisi, bədii əsərlərdə virus, xəstəlik mövzusunun necə işlənməsi; üçüncüsü, belə gözlənilməz hallarda sənətin rahatlaşdırıcı, terapevtik tərəfi. Hər üç bənd haqqında sözügedən yazıda geniş izahatlar var. Sualınıza gəlincə, mən konspiroloji versiyalara inanmıram, çünki bütün ciddi uzmanlar açıqladılar ki, bu virus ailəsi elmə məlum idi, yeni olan sadəcə mutasiyaya uğramış variantıdır. Burda elmi olmayan cavablar axtarmaq əbəsdir, indiki açıq bilgi əsrində bu cür hazır, qəlib cavablardan qaçmaq lazımdır.
- Ölkədə bir aydır karantin rejimi elan edilib. Hər kəsə evdəqal xəbərdarlığı edilib. İcazəsiz çıxanlar cərimələnir. Siz bu karantini necə keçirirsiniz?
- Mən demək olar ki, həmişəki rejimdə işləyirəm, yəni zatən işimin əksər hissəsi yazı masası arxasında keçir, indi isə buna daha çox zaman var. Yazıram, tərcümələr edirəm, bol-bol oxuyuram, baxmağı ertələdiyim filmlərə baxıram.
- Virusdan qorunmaq üçün tələb olunan qaydalara əməl edirsiniz, yoxsa siz də bir çoxları kimi "oyun" kimi baxırsınız bu pamdemiyaya?
- Mən elmin dediklərinə inanıram və riayət edirəm, pandemiyanın paradoksal da olsa, bir üstünlüyü oldu ki, elementar gigiyena qaydalarını dünyanın yadına saldı.
- Bu, bir siyasətdir. Dünya düzəni dəyişəcək. Heç nə əvvəlki kimi olmayacaq kimi iddialar səslənir. Siz kifayət qədər mütaliəli birisiniz. Sizcə, virusdan sonrakı dövrün həyat tərzində nələr dəyişə bilər?
- Əgər tarixdə analoji vəziyyətlərə baxsaq, görürük ki, doğrudan bu cür qlobal xarakterli hallardan sonra cəmiyyətlərin həyatında nələrsə dəyişib, yaxud dəyişikliyə təkan olub. Məsələn, orta əsrlərdəki pandemiyalarda kilsənin hakimi-mütləqliyi laxladı, şübhə altına düşdü. Bizim əsrdə nələr dəyişəcək bunu demək çətindir, hər halda nələrsə olacaq. Tutalım, ola bilsin ki, onsuz da son illərdə xeyli müzakirə olunan home-office, yaxud distant təhsil kimi məsələlərin mümkünlüyü daha çox ciddiyə alındı. Yaxud neqativ qütb kimi deyə bilərik ki, bəlkə də ancaq marketə getmək üçün icazə alan insanların psixologiyasında market təcriddən çıxmaqla eyniləşəcək deyə, istehlak hərisliyi çoxalacaq.
- Cəmiyyətdəki virus təşvişi yaradıcılığınıza mane olmur ki? Nə yazırsınız, nədən yazırsınız?
- Hazırda görkəmli ingilis-amerikan şairi Tomas Eliotun esselərini tərcümə edirəm, çağdaş Amerika şairlərini oxuyuram.
- Bir çoxları karantin rejimini evdə qalıb kitab oxumaq üçün bir fürsət kimi dəyərləndirir. Bu müddətdə siz hansı kitabları bitirmisiniz? Oxu zamanı daha çox hansı mövzulara üstünlük verirsiniz?
- Bu ərəfədə dissertasiya işimlə bağlı Cefri Yevgenidesin və Conatan Safran Foerin bütün kitablarını oxudum. Çağdaş Azərbaycan ədəbiyyatından Aqşin Yeniseyin "Tarix və tale", Rasim Qaracanın "Mənim hekayəmi yaz" kitablarını bitirdim, hələlik düşüncə eskizləri götürürəm, hər biri haqqında yazmağı düşünürəm.
- Cəmiyyətə və xüsusən də oxucularınıza mövcud vəziyyətlə bağlı tövsiyəniz...
- Özünüzün və övladlarınızın həyatında yaxşı kitablara və həqiqi elmə yer açın, yalnız onda yaşadığınız həyat boşa keçmiş olmayacaq.