"Döyüşün dağlıq ərazilərdə aparılacağını qabaqcadan nəzərə alıb dron müharibəsinə hazırlaşmaq ən mükəmməl qərardır"
"Bu müharibə təkcə bizim fiziki ərazilərimizin bərpa etməyəcək, eyni zamanda məğlubluq hissinin mənəviyyatımızda, əxlaqımızda irinləyən xoraları təmizləyəcək"
Azərbaycan torpaqlarının işğal altında olması, yurd həsrəti bizim hər zaman yaralı yerimiz olub. Neçə illərdir bütün Azərbaycan xalqı bu ağrı-acını öz çiyinlərində gəzdirib. Bu gün isə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində rahat nəfəs almağa başlamışıq. Azərbaycan əsgərinin qəhrəmanlıqları nəticəsində onlarla kənd və mühüm yüksəksiklər işğaldan azad olunub.
Hamı geri qaytarılan hər bir qarış torpağın uğurunu ürəkdən yaşayır. İllərdir pafos kimi dəyərləndirdiyimiz "Qafqazda ən güclü ordu Azərbaycan ordusudur” deyimi bu gün əsas şüarımıza çevrilib.
Sarsıdıcı zərbələr alan düşmən qüvvələri çaş-baş qalıb. Ordumuzla bacara bilmədiyinə görə düşmən Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektlərini iriçaplı silahlardan, artilleriya qurğularından intensiv atəşə tutaraq diqqəti yayındırmağa, vaxt qazanmağa çalışır. Qoşunların təmas xəttində yaşanan olaylar, ordunun döyüş əzmi, xalqın əhval-ruhiyyəsi isə artıq ermənilərin ətrafındakı həlqənin daralmasına işarədir.
Bu səbəbdən gözləntilərimiz həddindən artıq çoxdur. Müdafiə Nazirliyinə istinadən yayılan bütün informasiyalar da ordumuzun gücünün göstəricisidir. Əsgərlərimiz düşmənin mühüm strateji əhəmiyyət daşıyan atəş nöqtələrini dağıdıb, çox sayda canlı qüvvə və hərbi texnikasını məhv edib.
Cəbhə xəttində baş verən hərbi əməliyyatlarla bağlı fikirlərini "Sherg. az"la bölüşən şair Aqşin Yenisey də qarşıdakı günlərdə daha xoş xəbərlər alacağımıza inanır:
- Bu gün cəbhədə baş verənlərlə bağlı ən düzgün fikirləri dövlət başçısı özü, həm də daha geniş müstəvidə səsləndirir deyə bizə yalnız o fikirləri dəstəkləmək qalır. Mən indiyə kimi bütün yazılarımda, müsahibələrimdə Azərbaycanın gələcəyinin Qarabağ müharibəsindən asılı olduğunu bildirmişəm. Bu müharibə təkcə bizim fiziki ərazilərimizin bərpa etməyəcək, eyni zamanda məğlubluq hissinin mənəviyyatımızda, əxlaqımızda irinləyən xoraları təmizləyəcək. Bu müharibə bizi bir millət, bir cəmiyyət, bir mədəniyyət olaraq yenidən doğacaq. Bu müharibədən sonra dünyanın bizə münasibəti yaxşı mənada dəyişəcək. Sadəcə, bir balaca təpərli olmaq, daxildəki bütün cılız, şəxsi ziddiyyətləri sonraya saxlamaq lazımdır. Azərbaycan, nəhayət ki, illərdir gözlədiyi, arzuladığı tarixi fürsəti yaxalayıb, əlimizdən gələni etməliyik ki, bu fürsət tarixin, tariximizin özünə çevrilsin. Heç bir halda emosionallığa, bizi uçruma yuvarladan eyforiyalara yol vermək olmaz. Müharibənin öz qanunları, öz reallıqları var, müharibə gerçəkliklərini sülh dövrünün humanist emosiyalarına çevirməməliyik. İndi ölməyi bacarmasaq, heç vaxt yaşaya bilməyəcəyik.
- Ehtiyatda olan bir zabit kimi ordumuzun keçirdiyi əməliyyatlar, döyüş taktikasını necə dəyərləndirirsiniz?
-Deyəsən, Kutuzovun sözüdür, döyüşdən əvvəl nə qədər çox tər töksən, döyüşdə bir o qədər az qan tökərsən. Hiss olunur ki, Azərbaycan ordusu döyüşdən əvvəl kifayət qədər tər töküb. Üstəgəl, müasir müharibə texnologiyalarını da yaxşı mənimsəyib. Xüsusilə döyüşün dağlıq ərazilərdə aparılacağını qabaqcadan nəzərə alıb dron müharibəsinə hazırlaşmaq ən mükəmməl qərardır. Çox yaxşıdır ki, biz döyüşdən əvvəl təlimlərdə ancaq tank və topları göstərib düşmənin kafasında ancaq quru döyüşlərinə hazırlaşdığımız fikrini formalaşdırdıq. Məncə, erməni ordusu bizi yerdə gözləyirdi. Döyüşlərdən göstərilən kadrlar da onu deməyə əsas verir ki, düşmən müharibənin göydən gələcəyinə hazır deyilmiş. Müharibələr tarixinə baxsaq, taktiki üstünlük, bəzən müharibənin taleyi deməkdir. Bu gün bu üstünlük böyük fərqlə bizim ordunun tərəfindədir. Bu, qələbənin yarısıdır.
- Deyirsiniz, indi ölməyi bacarmasaq, heç vaxt yaşaya bilməyəcəyik. Xalqa baxsaq, ölməyə dünəndən hazırdır. Hər kəs döyüş ruhuna köklənib, amma beynəlxalq təzyiqlər var. Bu mərhələdən sonra geriyə yol varmı?
- Beynəlxalq təzyiqlər protokol gərəyi olmalıdır. Bəzi beynəlxalq qüvvələrin əksinə, bütün beynəlxalq qanunlar bizim haqlı olduğumuzu göstərir. Bu müharibə həm də ağıllı müharibədir. Yəni düşmən əvvəlcə siyasi-diplomatik meydanda məğlub edilib, hərbi məğlubiyyəti bunun döyüş meydanındakı davamıdır. Cənab Prezident həmişə rasional meyarlarla siyasət yürütdüyünü sübut edib. Əgər indiki məqamda döyüş əmri verilibsə, məncə, hər şey əvvəlcədən ölçülüb-biçilib. Ona görə də Azərbaycan dövləti bu gün bütün beynəlxalq təzyiqlərin qabağına milli iradə ilə çıxır.
- Əvvəlki illərdə təmas xəttində baş verən hər hansı gərginlik olanda sosial şəbəkələrdə aktivlik artır, feysbuk "döyüş meydanı"na çevrilirdi. Baş verən hər hadisə tez bir zamanda ölkə ictimaiyyətinə məlum olurdu. Bu dəfə isə müharibə başlayan gecədən etibarən sosial şəbəkələrə çıxış məhdudlaşdırıldı...
- Bu məhdudlaşdırma qərarı elə əvvəlki dövrlərdə sosial şəbəkələrdə baş verənlərin nəticəsi kimi qəbul olunub. Ölkədə xarici ölkələrin kəşfiyyat orqanlarının toruna düşmüş insanlardan ibarət sosial şəbəkələr var ki, bu şəbəkələr Azərbaycanda ola-ola açıq-aşkar kənar qüvvələrin maraqlarına xidmət edirlər. Onlara ötürülən video və şəkilləri paylaşmaqla təxribatlara əl atırlar. Türkiyə praktikasında da bu var, əgər Türkiyədə dövlət əhəmiyyətli bir hadisə baş verirsə, nəticə əldə olunana qədər sosial şəbəkələrin fəaliyyəti məhdudlaşdırılır. Bu gün Azərbaycan cəmiyyətində yaşanan ruh yüksəkliyi də bu məhdudlaşdırmanın nəticəsidir, məncə. Siyasi uğursuzluğunu dövlətə, millətə qarşı kinə, nifrətə çevirmiş xeyli zir-zibil var öz içimizdə. Bu məhdudlaşdırma, ən azı, sosial mühiti bir az təmiz saxladı.
- Son olaraq soruşum, İndi hamı torpaqlarımız işğaldan azad olunan kimi ilk ziyarət edəcəyi şəhərin, rayonun adını çəkir. Sizin könlünüzdən hara keçir?
- Hələ bu barədə düşünmürəm, qabaqda işimiz çox olacaq. Amma bu müqəddəs müharibə haqqında iki ildir yazmağa başladığım yarımçıq romanı ümid edirəm ki, o yerləri gəzə-gəzə tamamlayacağam.