Zəngilanlı müəllimdən təsirli müsahibə: “Ora çatanda saçımdan qırov sallanırdı”

Xatırlayıram, müəllimimiz uşaqlıq xatirələrindən söz açanda Zəngilanın adını dilə gətirib qəribə hisslərlə özünü ifadə edirdi. Biz də heç vaxt görmədiyimiz, bir gün  gedəcəyik dediyimiz Zəngilan haqqında xatirələri maraqla dinləyirdik. Axı Zəngilan 27 ildən artıqdır ki, işğal altında idi. Bəli, "idi". Artıq Azərbaycanın rəşadətli Ordusu Zəngilan rayonunu işğaldan azad edib. 30 ilə yaxındır ki, doğma torpağa qayıtmaq eşqilə yaşayan insanların yurdlarına geri dönəcəyi gün çox yaxındadır. 


Oktyabrın 21-də  işğaldan azad edilən ərazilər arasında Zəngilan rayonun Baharlı kəndi də var idi. Xəbəri eşidən kimi ağlıma "o" gəldi... Mən də digərləri kimi çox sevindim, təbrik etdim. İşğaldan azad edilmiş torpağı haqqında danışan birinin fəxr, qürur, sevinc hissini sözlərlə ifadə etmək mənim üçün çətindir. Onun sözlərini ifadə etmək yerinə, öz dilindən eşitməyi tərcih etdim və onlara yola düşdüm. 



Sizi çox intizarda saxlamayacağam. Müsahibim 238 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, uşaqlığı Zəngilan rayonunda keçən Firuzə Bədəlovadır.

Firuzə müəllim torpağının işğaldan azad olunma xəbərini eşidəndə necə sevinc hissləri keçirdib bunu mən deyə bilmərəm, özü dilə gətirsin.

Hədsiz sevinc içərisində olan müəllimimlə söhbətə başladıq.

-Həsrətlə gözlədiyiniz gün yetişdi. Şad xəbər alanda özünüzü necə hiss etdiniz, hansı hissləri yaşadınız?

- Zəngilan 1993-cü ildə olunmuşdu. Ermənilər hər tərəfdən ərazini blokadaya salmış və soyuq oktyabr ayında Zəngilan sakinləri yurd-yuvalarından didərgin düşmüşdü. Bir neçə gün əvvəl işğaldan azad olunma xəbərini eşidəndə keçirtdiyim hisslərimi sözlərlə ifadə edə bilmərəm. Onu deyə bilərəm ki, oturub doyunca hönkür-hönkür ağladım. Budəfəki göz yaşlarım "sevinc göz yaşları" idi.
Bir anlıq düşündüm ki, mən gəzdiyim cığırlardan bir daha keçəcəm. Yenə bulaqlarımızdan  su içmə və o gözəllikləri görmə şansım olacaq..." 

-Zəngilandakı yurdunuzu, ocağınızı necə təsvir edirsiniz?

- Bizim evimiz Bəsit çayının yaxınlığında yerləşirdi. Gecələr  çayın şırıltısını eşidərək yatardım, səhərlər onun səsinə oyanardım. Hər səhər gözümü açanda gördüyüm dağlar, təpələr, Bəsit çayının səsini  heç vaxt unutmamışam. Hərdən xəyal edirdim ki, kaş  quş olub, qanadlanıb o yerləri görmək imkanım olardı. Bu gün çox şükürlər olsun, doğma torpaqlarımız işğaldan azad edilir. Bütün bunlar üçün Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Allahdan  şəhidlərimizə rəhmət ,  ailələrinə səbr diləyirəm! Onların ruhu şad olacaq ki, uğrunda canlarından keçdiyi torpaqlar artıq azadlığına qovuşur.

-Bir az da rayon sakinlərinin ruhundan, xarakerindən danışaq... 

- Zəngilan sakinləri qonaqpərvər, əməyə məhəbbəti olan insanlardır. Camaatımız çox zəhmətkeş idi: əkinlə, tütünçülüklə məşğul olurdular. Xatırlayıram, ipəkqurdu istehsal edirdilər. Hamı 40 gün  ərzində onu hazırlayır və müqabilində ailəsini dolandırırdı.  Qızıl ehtiyatlarına görə Kəlbəcərdən sonra ölkəmizdə ikinci yerdə olan rayon Zəngilandır. Zəngilanlılar Azərbaycanın müxtəlif yerlərində məskunlaşıblar. Lakin yenə də öz zəhmətləri ilə  həyat şəraitlərini qura biliblər. 
Baharlıda yalnız ibtidai sinif məktəbi vardı.  Orta məktəbi Mincivan qəsəbəsində bitirmişəm. Orada iki məktəb yerləşirdi. Zəngilan qərbdə Ermənistan, cənubda İranla həmsərhəddir. Yadıma gəlir ki, qəsəbədə müxtəlif millətli insanlar mehriban şəraitdə  yaşayırdı, onların arasında heç bir inciklik yox idi.

-Uşaqlığınız Zəngilanda keçib. Hansı xatirənizi bizimlə bölüşmək istərdiniz?

-  Zəngilanın sərt iqlimi var, qışı soyuq keçirdi. Mən saat 8-də məktəbdə olmalı idim.  Mincivan qəsəbəsinə getmək üçün 6 km yol qət edirdim. Hamı bir yerdə toplaşıb gedirdik. Bəzən uşaqlar dərsə getmirdi, o zaman müəllimlərlə birgə yol alırdım.  Elə vaxt çıxmalıydıq ki,  saat 8-də məktəbə çata bilək.  Qış aylarında hava qaranlıq olurdu, saat 7-də işıqlanmırdı.

Məni maraq bürüdü...

-Müəllim, bəs qaranlıqda necə gedirdiniz?

- O vaxtlar hər şəraitə uyğunlaşa bilirdik. Uzun şişlər götürürdük, ucuna parça dolayırdıq. Axşamdan onu neftə batırırdıq, evin qapısında hazır saxlayırdıq. Səhər durub ona od vururduq ki, canavar işığa gəlməsin. Biz o yolu gedirdik, lakin dərsə vaxtında çatırdıq. Heç vaxt dərsdən qalmırdım, gecikmirdim. Gedib sinfə çatanda saçımdan qırov sallanırdı.
 
-27 il sonra doğma torpağınıza ilk dəfə addım atacığınız gün nə etməyi düşünürsünüz?

- Səmimi deyirəm ki, doğma yurduma ilk addımımı atanda dizlərimi yerə qoyub  torpağı öpəcəm. Əziz yurdumun torpağından götürüb  anamın qəbri üzərinə tökəcəm. O qadın vətən deyə-deyə dünyadan köçdü. Mənfur düşmənlər qəbiristanlığı dağıtmayıbsa, atamın qəbrini ziyarət edəcəm.
Qarış-qarış gəzdiyim, bağlarında meyvə yığdığım yerlər... Bir video izləmişdim, oradan bəlli olur ki, salamat ev qalmayıb. Çox güman ki, bizim evimiz də dağıdılıb. Nə qədər dağılsa da, nəyin harada yerləşdiyinə, hər cığırına bələdəm.

-Artıq hər 29 oktyabr tarixində Zəngilanın işğalından filan qədər müddət ötür deməyəcəyik. Yəqin ki,  kəndinizin işğaldan azad olunduğu tarix sizin üçün əvəzolunmaz olacaq...

- Təbii ki, o tarix unudulmaz olaraq yaddaşıma yazılıb. Kəndlərin azad olunma tarixləri əzbərimdədir. Gün o gün olsun ki, bütün ərazilərimizi işğaldan azad edək və o zaman çox yaxındadır.

-Sonda əlavə etmək istədiyiniz başqa sözünüz var?

- Son olaraq sənə təşəkkür edirəm. Fəxr edirəm ki, mənim yetişdiyim şagird bu gün qarşımda əyləşib məndən Zəngilan sakini kimi müsahibə alır. Bundan gözəl nə sevinc ola bilər?! Bu gün bütün Azərbaycan xalqı sevinir. Azərbaycanın əzəli torpaqlarının tamamilə işğaldan azad olunacağı günü hər kəs səbirsizliklə gözləyir.  Prezident İlham Əliyev demişkən, qələbə bayrağımızı Azadlıq meydanından aparıb Şuşada dalğalandıracağıq!

"İnşaallah" deyib söhbətə nöqtə qoyuruq. 

Söhbətləşdi: Aygün Tahirqızı