"Təəssüf ki, olmadı..."

Cavanşir Quliyev: "Mən həmişə demişəm ki, Azərbaycana lazımamsa hər saniyə, hər an qayıtmağa hazıram"

"Xəstəliyimin uzun bir adı var, yadda da qalmır"

"Mən istirahət nədir, bilmirəm. Dəniz, qum, günəş... Ömrümdə belə şeyləri istirahət saymamışam. Bunu vaxt itkisi hesab etmişəm"


Belə insanlar çox azdı: hamının sevdiyi, hamının hörmət etdiyi, hər kəsin görmək istədiyi, əlini sıxmaq, kəlmə kəsmək, söhbət etmək istədiyi... Bəxtimiz onda gətirib ki,  media nümayəndəsiyik və çoxları üçün əlçatmaz olanlara əlimiz çata bilir. Aralıq dənizindəki adada – Quzey Kıprıs Türk Cümhuriyyətində yaşayan, orada Yaxın Doğu Universitetinin Səhnə sənətləri fakültəsinin dekanı vəzifəsini daşıyan, professor - sevimli bəstəkarımız, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevlə həmsöhbət olmaq asan məsələ deyil. Nədən danışdıq, bir azdan məlum olacaq. Söhbətə keçməmiş, deyim, birincisi, “sevimli” sözündən əvvəl “görkəmli” yazmışdım.

Dəyişdim. Cavanşir Quliyevin görkəmli bəstəkar olması sirr deyil ki! İstədim onun məhz sevilən bəstəkar, sevilən insan olduğunu vurğulayım. Cavanşir bəy Bakıya gələcəyini sosial şəbəkə üzərindən bildirmişdi. Dillər əzbəri mahnısında deyilən kimi; “əli çatan, ünü yetən” Vətənə gəlirdi. Bu xəbərə bəyənmə işarəsi qoyub, xoş sözlər, arzular yazanların sayı milyonu keçdi.

Bu, uzun illər mühacirətdə yaşamış Vətən oğlunun gəlişinə insanların sevincini göstərirdi. İkincisi, Cavanşir Quliyev ziyalı simasını qoruyub saxlamağı bacarmış az sayda şəxslərdəndir. Əsl ictimai xadimdir.

Gündəlik planlaşdırmada baş redaktorumuz Cavanşir Quliyevi deyim, necə xatırladı; “yadınızdadı, “Şərq”in 5 illik yubileyində (2001-ci ilin noyabrı), çıxış üçün birinci Cavanşir bəyə söz verdik. Yubileyə gələnlərin hamısı dəyərli ziyalılarımız, dostlarımız idi.

Amma Cavanşir bəy kimi “qızıl orta” ola biləcək başqa birisi “tapılmadı”. Çünki Cavanşir bəyə heç kim etiraz etməyəcəkdi, o hamı tərəfindən əsl ziyalı kimi qəbul olunurdu”. Akif müəllimin xatırlatması mənim də yadıma saldı ki, Cavanşir bəyi çıxış üçün dəvət edəndə, simasında təəccüb hissi gözümüzdən qaçmamışdı; niyə məhz mən?! Bu da onun böyüklüyünün, təvazökarlığının bir nümunəsi idi. 

Sonra Cavanşir Quliyev getdi. Azərbaycanı tərk etdi. Bilmirəm, (səhvə yol vermək fikrim yoxdur) ötən illər ərzində Cavanşir bəy neçə dəfə Bakıya qayıdıb, ümumiyyətlə qayıdıbmı, özündən də soruşmadım. Budəfəki səfəri isə necə deyərlər, “məhsuldar” oldu. 2 medalla təltif edildi. “Diaspor fəaliyyətində xidmətə görə” və “Dədəd Qorqud” medalları. Dostlarıyla görüşdü, sosial şəbəkədə fotolar paylaşıldı, tv çəkilişlərində oldu...  Həm də... Hansısa ağır xəstəliyə tutulması xəbəri də yayıldı. Doğrusu, onun artıq Bakını tərk etdiyini bilmirdim. Baş redaktorumuz tapşırığı ilə zəngləşib səhhəti ilə maraqlanmalıydım. Ağlıma ilk gələn “Bakı həsrəti”  adı altında paylaşılan fotolarda onunla üz-üzə əyləşmiş dəyərli ziyalımız Eldəniz Quliyev oldu. Fotoda başqa ziyalılar, sənətkarlarımız da var. Amma Eldəniz müəllimə zəng etdim. “Cavanşir getdi”, deyəndə, əlbəttə təəssüfləndim. Əlüstü səhhətini də soruşdum, “yaxşıdı. Xəstəlik xəbəri də yayılıb, təhlükəli bir şey yoxdu”, dedi. Bir az arxayınlaşdıq. Cavanşir bəyin Kipr nömrəsi varımızdı, ora zəng etdim. Qısa danışdıq. Beynəlxalq çıxış imkanı məhdud olduğundan.

- Cavanşir bəy, necəsiniz, səhhətiniz necədi?

- Yaxşıyam... (Görünür, xəstəliyi ilə bağlı yayılmış şayiələrdən xəbərdardı. Ona görə arxayın salmağa çalışdı) Bilmirəm, bu nə məsələdi, yayılıb, guya, ağır xəstəliyə tutulmuşam. Məndən müsahibə alanda jurnalist xanıma demişdim ki, xəstəliyin sonu şərti mənfidir.

Xanım da “şərti” sözünü yazmayıb, bilərəkdən, bəlkə də bilməyərək, amma nəticə bu oldu ki, mənim ağır xəstəliyə tutulmağım, həyatımın sonu olduğu təsəvvürür yarandı. Və xəbər bu şəkildə yayıldı. Oxuyanlar da qorxuya düşdü. Təəssüf edirəm.. .

- Eldəniz müəllimdən sizi soruşanda mənə də dedi “niyə narahatsınız, Cavanşir bəy yaxşıdı, səhhəti normaldı. Bu nə xəbərdi yayılıb belə...”. 

- Düzdü, xəstəliyim oldu. Ötən il. İndi də var. Bu çox qəribə, çox nadir hallarda görünən xəstəlikdir. 

- Adı nədi?

- İnanın, həkim mənə xəstəliyimin adını deyəndə, təkrar-təkrar soruşdum; nə?.. Uzun bir adı var. Yadda da qalmır. Autoimmun xəstəliyi. Bu, immunitet yanlışlığı xəstəliyidir. İmmunitet səhv çalışmağa başlayır. Qarşısı alınmayanda orqanları yavaş-yavaş məhv edir. Bütün hallarda son ölümdür. Amma geci-tezi var. Həkim də proqnoz verəndə xəstəliyin sonunun şərti mənfi olduğunu deyib. 

- Amma müalicə alırsınız...

- Bəli. Uzunmüddətli müalicə tələb edən xəstəlikdir. Bir dərmandı, onu hər gün qəbul etməliyəm.

- Cavanşir bəy, bəs niyə Kiprə geri döndünüz?

- Qalmalıydım ki?!

- ... (Sakit qaldım)

- ...Bilmirəm, niyə hamı elə hesab edirdi ki, mən birdəfəlik gəlmişəm?... (Elə intonasiya ilə dedi ki, belə anladım, həm özünə verir bu sualı, həm də mənə)

- ... Cavanşir bəy, şəxsən özümün niyə belə düşündüyünü deyim. Sizin bir paylaşımınız olmuşdu, işlədiyiniz universitet tərəfindən sizə təşəkkürnamə təqdim olunmuşdu. Onu paylaşmışdınız feysbukda... 

- Hansı?.. Mən belə paylaşım etməmişəm...

- (Yenə duruxdum, nəsə anlaşılmazlıq vardı) ... Həm də  yazmışdınız ki, “dönmək fikrim var”. Sonra da “gəlirəm...”. 

- Mən məzuniyyətə gəlmişdim. Məzuniyyətim bitdi və getdim... 

- Nə bilim, vallah... Biz elə bildik, birdəfəlik qayıtmısınız...

- Demişdim, üzümə yaxşı baxsalar, qalacam.

- Baxmadılar ki?

- Təəssüf ki, olmadı.

- Sizin bu qədər dostlarınız, sizi sevənlər var... Dostlarınız yaxşı baxmadı, yoxsa qeyri-dostlar?  

- ...Mən həmişə müsahibələrimdə demişəm ki, hər saniyə, hər an qayıtmağa hazıram... 

- Buna görə yəqin elə anlaşılıb...

- Amma bir şərtlə!

- ...

- Mən orda lazımamsa!.. Mənim yerimdə siz olun, lazım olmadığınız yerdə qalarsınız?.. 

- Heç olmasa, istirahət edə bildiniz?

- Mən istirahət nədir, bilmirəm. Dəniz, qum, günəş... Ömrümdə belə şeyləri istirahət saymamışam. Bunu vaxt itkisi hesab etmişəm. İstirahət necə olmalıdır? Bəzən ürəyin açılır, bəzən kədərlənirsən... İnsanın sevinən vaxtı var, kədərlənən vaxtı var. 

- Şəkiyə necə, getdiniz?

- Getdim, bəli.

- Cavanşir bəy, bir söz deyim, yəqin inciməzsiniz. Sonuncu çəkilən fotolarda sizi Nursultan Nazarbayevə, Oljas Süleymenova oxşadıram... 

- Zatən türkük...

- Təxmin etmişdim ki, belə deyəcəksiz... 

- Əlbəttə. Onlara oxşamağım təbiidi. 

- Sizə can sağlığı arzulayırıq. Var olun, Cavanşir bəy.

- Siz də sağ olun. Salamat qalın...  

Söhbətləşdi: Məlahət Rzayeva