Qrim ustası:“Qazinin qolunun qopmasını göstərmək ağırdı”

"Tanrının ritmi" filminin çəkiliş meydançasından çəkilən foto gündəmə çevrilib.
Döyüş gedən məkanda qazinin qolunun qopub düşməsi mənzərəsi yaradılıb.
Çox inandırıcı göründüyü üçün sosial şəbəkə istifadəçiləri fotonun canlı döyüşlərdə çəkildiyini zənn edib. Lakin bu qrim ustasının əl işidir. 
"Sherg.az" həmin qrim ustası ilə həmsöhbət olub. 
Qrimyor İlkanə Müşviq qızı  trendə çevrilən fotonun əsas mahiyyətini, eləcə də şəxsi təcrübələrini bizimlə bölüşüb.

- Qazi Elvin Rəsulovun fotosu sosial şəbəkədə müzakirə olunur. Ümumiyyətlə, görüntünün mahiyyəti nədən ibarətdir?

 - Əsas məqsədimiz yaşadığımız dəhşətləri, həmçinin qələbəmizi dünyaya çatdırmaqdır. "SFX Makeup" ( xüsusi effektli makyajlar - yaralar, çapıqlar, yanıqlar və s. ) edərkən çətinlik çəkmirəm, hətta zövq alıram. Lakin qazimizin qolunu hazırlayarkən dərin sarsıntı keçirdim. Bir insanın qolunun qopmasını göstərmək ağırdı, üstəlik canlı şahid olan qazinin üzərində işləmək məni mənəvi cəhətdən incitmişdi.

- Qrimyorlar görünməyən tərəfdədilər, amma onların böyük öhdəlikləri var...

-  Bəli, kadr arxasında olsaq da, setin lazımlı adamıyıq. Bizsiz olmaz. ( gülür )


- Əl işləriniz kifayət qədər təbiidir. Xüsusi, təlim və ya kurs keçmisiz? Bu işlə neçə vaxtdır məşğulsuz?

- 4 ildir, sənətdəyəm. Azərbaycan Rəssamlıq Akademiyasının məzunuyam. Daha sonra "make up" kursunu başa vurdum. Gördüm ki, makyajdan çox qrimə həvəsim var. Əl qabiliyyətim var idi, təhsil aldıqdan sonra qrimin dərinliklərinə getdim. Müəllimim İran azərbaycanlısı Reza Fallahiandır. Ustadımın yeganə azərbaycanlı tələbəsi mənəm. İşimi sevirəm.

- Daha çox kimlərlə işləyirsiz?

- Əsasən filmlərdə çalışıram, lakin daimi komanda ilə işləmirəm. Reklam, klip, film sifarişi gələndə götürürəm.

- Bəzən kimsə əlinə ketçup tökür, dostuna göndərib deyir ki, "əlimi kəsmişəm". Siz qrimyorsuz, yara izi yaratmaq əlinizdə heç nədir. Kimisə qorxutmaqdan ötrü sənətinizdən yararlanmısız?

- Heç vaxt belə şey etməmişəm. Amma sifarişlər götürmüşəm. Sırf dostları ilə zarafat etmək məqsədilə qrim istəyən çox insan müraciət edir.

- İşiniz əyləncəli, bir o qədər də çətin görünür...

- Əyləncəlidir, işini bilən qrimyor üçün çətin deyil. Ən pis halda yorğunluq olur. İşə qarşı sevgi yorğunluğu üstələyir.

- Yəqin kaprizli sifarişçilərə də rast gəlirsiz.

- Ən çox gənclərdə müşahidə etmişəm. Öhdəsindən gəlməyi bacarıram.

- Bəs, qrim sənətinə maraq göstərən sosial şəbəkədə aktiv olan gəncləri necə, izləyirsiz?

- Sosial şəbəkələrə vaxt ayıra bilmirəm. İzlədiklərim isə xarici, Amerikanın, Hollivudun qrim ustalarıdır. Nəsə öyrənmək üçün vaxtım olanda izləyirəm.

-Xarici ölkələrdəki qrim sənəti ilə Azərbaycandakı qrim sənəti  arasında hansı fərqlər var?

- Xaricdə qrimin peşəkar təhsili var, bizdə isə yoxdur. Qrim sənəti ilə bağlı universitet və Akademiya səviyyəsində təhsil verilməsini istərdim.

- Ölkəmizdə yetəri qədər peşəkar qrimyor varmı? 

- Var, amma sayları çox deyil.

- Adlarını çəkmək istərdiz?

- Yox..

- Bugünədək yaratdığınız ən çox yadda qalan obraz hansı olub? 

- Belə baxıram ən yadda qalan iş qazimizlə oldu.

- Qazi Elvin Rəsulovun fotosu ilə bağlı təfərrüatları da öyrənmək istərdim. Feysbukda həmin fotonun "Tanrının ritmi" film setində çəkildiyini vurğulamısız. Film barədə nə deyə bilərsiz?

- Dəqiq məlumatımız yoxdur, güman ki, il sonunadək nümayiş olunar. Film müharibə haqqındadır. Qaraheybətdə poliqonda və Qəbələdə çəkilişlərimiz olub. Filmdə iştirakçılar arasında qazilər də yer alıb. Onların real müharibədə yaşadıqları anlar canladırılıb.