İmdad Əlizadə: "29 il, 3 ay, 15 gündən sonra doğma yurduma ayaq basdım"
"Nə atam mühasirədən çıxıb gələndə, nə də oğlum olanda belə sevinmişdim"
"Ürəyimdə ümid var, atamın 100 səhifəlik dəftərini Laçında axtaracam və tapacam"
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Dünyada ən nadir ağac sayılan qırmızı dəmirağac meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri və s. məhz burdadır. Laçın dedikdə, onu bir dəfə görən insanın gözünün qabağında insanı heyran edən gözəl bir mənzərə canlanır. 1 dekabr 2020-ci ildə Ermənistan işğalından azad olunan Laçın rayonuna çəkiliş üçün səfərlər təşkil edilir. "Şərq" qəzeti illər sonra çəkiliş əsnasında doğma yurduna baş çəkən Oğuldərə kənd sakini olan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə ilə həmsöhbət olub. O, 29 illik həsrətdən sonra doğma Laçın torpağına ayaq basıb. İ.Əlizadə, anası, bacısı və qardaşları uzun illərdən sonra doğulub boya-başa çatdıqları Oğuldərə kəndinə gediblər. Ermənistan silahlı qüvvələri kəndi işğal edəndə onun 12 yaşı olub. Atası Əli Əliyev isə 54 gün mühasirədə qalanlardan biri olub.
O, həmin illəri belə xatırlayır...
"Xocalı soyqırımından sonra Laçının Oğuldərə kəndində narahatlıq artmışdı. Çünki həmin dönəmdə erməni quldurları, terrorçuları azərbaycanlıların yaşayış məntəqələrinə tez-tez hücumlar təşkil edirdilər. Oğuldərə kəndi həmin dövrdə ermənilərin hücum etdiyi yaşayış məntəqələrindən uzaqda yerləşsə də, təsir göstərirdi. Mayın 8-də Şuşa işğal olunanda narahatlıq birə-beş artmışdı.
Oğuldərə sakinləri kəndi tərk etmirdilər. Gündəlik qayğıları ilə məşğul idilər. May ayında kəndlərdə işlər artır. İnsanların əli işdən soyumuşdu. Mayın 14-də Oğuldərə sakini Baxşey Ağayev öz evinin əşyalarını, eləcə də ailəsini kənddən çıxarmaq üçün Bakıdan iki yük avtomobili gətirmişdi. Artıq düşmən Laçının mərkəzini işğal etmişdi, yol bağlanmışdı, faktiki yarımmühasirəyə düşmüşdük. İndi bizim bir çıxış qapımız vardı - Kəlbəcər-Ömər aşırımı-Göygöl yolu. Maşında mənə də yer olmadı, qaldım, kəndin müxtəlif yerlərində nənəmi axtardım, tapmadım, qaranlıq düşəndə evə qayıtdım. Az sonra nənəm də gəldi, "çay yuxarı"ya getdiyini, orada böyük bir qayanın arxasında gizləndiyini, maşının yola düşməsinə arxayın olandan sonra çıxıb gəldiyini söylədi. Kövrəlmişdi, amma heç vaxt gözyaşı axıtdığını görmədiyim bu mərd qadın yenə də toxtaq idi, ağlamırdı, olanları qəbul etmək istəmirdi, deyirdi ki, gavırlar (kafirlər) bura gəlib çıxa bilməzlər, burada heç vaxt erməni olmayıb.
... İki gün kənddə qaldım. Qohumlardan Məhəmməd müəllim ailəsini çıxartmaqdan ötrü maşın gətirmişdi. Anam mənim də getməyimi istədi. Mən təsərrüfat işlərindən ötrü qalmağa can atırdım. Həmin maşının kabinəsində sürücüdən başqa 3 nəfər var idi. Mən dizüstündə gəldim. Ömər aşırımı may ayının axırında qarla örtülü, yollar da buz idi".
Müsahibim deyir ki, o, bir müddət tanımadığı, bilmədiyi qonaqpərvər qohum ailəsinin evində qalıb: "Çox utanırdım. Evin bir küncündə əyləşirdim. Bir-iki dəfə istisna olmaqla heç vaxt başqa yerdə qalmamışdım. 10 gün orda, 1 həftə də Bərdənin digər kəndində Valeh əmigildə qaldım. Sonra dayımgilə - Tərtərə gəldim. 15 gün keçdi, bacı-qardaşımı gördüm. Ailəmiz pərəm-pərəm olmuşdu.
İ.Əlizadə söyləyir ki, yayı Murov dağının ətəklərində keçiriblər:
"Yayda Azərbaycan Ordusu uğurlu əməliyyatlarla Ağdərə rayonunu, Laçının şimal kəndlərini, Oğuldərəni işğaldan qurtardı, oktyabrda evimizə qayıtdıq. 6 ay kəndimizdə yaşadıq. Sonrası isə çox ağırdır. Payız idi, çadırlarımıza qar yağmışdı. Murovun ətəklərinə yay boyu yağış yağırdı. 9 nəfərlik ailənin həm yataq, həm qonaq, həm də mətbəxi bir çadırda məskunkaşmışdıq. İki gündən bir sel olurdu. Sel yuyub aparmasın deyə böyük daşlar var idi, onu üstünə çıxırdıq. Yayı birtəhər başa vurduq. Oktyabrın 1-də kəndimizə getdik. O vaxt təmas xətti bir neçə kilometr aralıda idi. Martın sonlarına yaxın qonşu kəndlərdən məlumat gəlirdi ki, Laçın cəbhəsindəki erməniləri dəf etmək üçün ordu Kəlbəcər istiqamətində gedir. Martın 31-də səhər görüləcək işləri etmişdik. Bu vaxt kəndimizə 2 nəfər gəldi. Dedilər ki, Laçının şimal kəndləri istiqamətində hücumlar intensivləşib, kəndi təcili tərk etməliyik. Bu, çox ağır xəbər idi. Qocaları, yataq xəstələrini çıxarmaq üçün maşın yox idi. Yalnız Kamal dayının oğlunun avtomobili vardı, o da qonşu kəndə getmişdi.
Biz Kəlbəcərdə baş verənlərdən xəbərsiz idik. Kamal dayının maşını gəldi çıxdı. Sonra yalnız qocalar və uşaqlar mindirildi. Mənim 13 yaşım var idi, böyük uşaq hesab olundum. Oğuldərəlilərə deyildi ki, Bəylik kəndinə gedəcəksiz. Anamla qardaşım Babək və digər qohumlarımız ayaqla getdi. Mən atama təsərrüfatda kömək etməkdən ötrü qalacaqdım, amma atamın təkidilə anamgilə gedib çatdım. Piyada Ağ duz dağını aşdıq, Kəlbəcərə gəldik. Bizim kənd Güləbird tərəfdən gedəndə Oğuldərə ilə ərazisi bitir. Laçından Kəlbəcərə gedən yol orduyla dolu idi. Əsrli kəndindən bir nəfər gəlib anasını axtarırdı. O dedi ki, Kəlbəcərin kəndləri boşalıb, Bəylikdə də bir adam yox idi. Baxış bəyin yiyəsiz qalmış evində gecələdik".
İ.Əlizadə mühasirəyə düşmələrindən söz açıb: “Səhər açıldı. Məlum oldu ki, ermənilər tuneli işğal edib. Tunel Kəlbəcər rayonunu iki hissəyə bölür. Tunelin aşağısından Tərtər çayı axır. Bizim keçəcəyimiz yolu ermənilər bağlamışdı, mühasirəyə düşmüşdük. Atamgildən isə məlumatımız yox idi. Bir qədər gözləyəndən sonra kəndçilərdən Kamal İsgəndərov gəldi qohumlarına dedi ki, yalnız atları, silahları götürün. Kimdə varsa, çörək götürsün. Qalan hər şeyi atın.
Silah səsləri yaxından eşidilirdi. Camaat bir-birinə qarışmışdı. Yol da yox idi. Oğuldərədən çıxanda bir atımız vardı. Xurcunda geyim götürmüşdük. Vəziyyət elə oldu ki, Bəylikdə həmin geyimləri də atası olduq. Çörək ehtiyatımız da yox idi. İki gecə üç gün piyada yol getdik. Çox əzablı yol idi. Dağlarla qalxıb, az qala Ermənistanla sərhədi fırlanraq yol tapıb mühasirədən çıxmışdıq. Bu qədər yolu piyada qət etmək adama inandırıcı gəlməz.
Murov dağ silsiləsini qalxanda sulu qar yağırdı. Bir yük avtomobili gəldi apardı. Hərbçilər ancaq qadınları və uşaqları mindirirdilər.
Elə bildik ki, bizi Göygöl rayonuna aparacaqlar. Ermənilər sürətlə gəlirdilər, təxliyyə etmək lazım idi. İnsanlar bir-birini çağırır. Ana minib uşaq aşağıda qalıb. Mənim ayağımın biri maşının içində, digəri isə qadının üzərində idi. Avtomobil bizi "perevala" gətirdi, sonra düşdük. Ömər aşırımına tərəf iki sıra avtomobil dayanmışdı. Avtomobillərin heç biri hərəkət etmirdi. Amma işıqları yanırdı. İki yerdə yandırılan təkər vardı. Ömər aşırımını qalxanlar dayanıb isinir, sonra yoluna davam edirdi. Xeyli yol gəldik. Avtomobillərin təkərinin yanında alma tapdım. 4-5 nəfərin arasında böldüm. Bir neçə aşırımı qalxdıq, ardınca yeni avtomobil gəldi. Yenə də qadınıları, qocaları, uşaqları mindirirdilər. Camaata demişdilər ki, heç kim yatmasın, bir-birinizi yatmağa qoymayın. Yatmaq ölmək deməkdir. Anam məni oyadırmış, sonra görürmüş ki, qardaşım Babək yatıb.
Murovun hər iki üzündə yol evi tikilisi vardı. Yol tikintisində iştirak edən fəhlələrin qalması üçün yer idi. Qapıda hərbçilər dayanmışdı. Adamları içəri yığırdılar. Yarım saat vaxt verirdilər, sonra başqa dəstəni yığırdılar. Bir otaq var idi ki, ayağını şaxta vuranlar, vəziyyəti pis olanlar ora keçirdi. Yadımdadır ki, sobanın ətrafında oturdum. Yuxuya getmişdim, anam məni oyatdı, təzədən yola davam etdik. Hava işıqlanmışdı. Günorta 2-3 olardı, Ömər aşırımını aşdıq. Çox çətin, ağır şərait idi. Məcbur qalıb evini tərk etmək bərbad durumdur. Düşmənimiz isə çox qəddardır.
- Evinizdən sizə xatirə nəsnə qalıbmı?
- Bəzi fotolar var. 1992-ci ildə evimizin əşyalarını salamat çıxarmışdıq, Tərtərə dayımgilə, mal qoyunu isə Murov ətəyinə gətirmişdik. Həmin əşyaları işğaldan qurtarandan sonra təzədən geri qaytardıq. 1993-cü ilin martın 31-də elə bir vəziyyətə düşdük ki, canımızı düşmən caynağından güclə qurtardıq. 28 il ərzində daim qanayan yara idi. Heç biri yaddan çıxmır. Torpaqların işğaldan azad olunması yaranı qaysaqlandırır.
- Azərbaycan Ordusu Laçını müharibəsiz geri qaytara bildi...
- Laçın və Kəlbəcərin ərazisi çətin relyefdə yerləşir, dağlıq ərazidir. Kəlbəcər rayonu təbii qaladır, keçilməz yollardır. Belə bir rayonların hücumsuz azad olunması böyük nailiyyətdir. Çünki çox itkilər verəcəkdik.
(Müsahibim söyləyir ki, ən böyük arzusu işğalda olan Laçını bircə dəfə belə olsa görmək idi)
- Bunu xəyal etmədiyim gün yox idi. 2017-ci ilin iyulun 2-də atam dünyasını dəyişəndən sonra sanki Laçın mənim üçün ikinci dəfə işğal olunmuşdu. Hətta daha dözülməz hal almışdı. Atamın simasında Laçın yaşayırdı.
Axşam oğlum Turquta nağıl danışırdım. Hamısı belə başlayırdı. “Biri var idi, biri yox idi. Sənin ata-baba yurdun olan Oğuldərə kəndi vardı. Mən balaca olanda o kənddə yaşayırdım”. Ədəbiyyatdakı bütün nağılları belə başlayırdım. Kənddəki hadisələri nağılvari danışırdım.
- Cismani olmasa da, ruhən doğma yurdunuza baş çəkirdiz...
- Hətta ağlıma Oğuldərəyə getmək fikri gəlmişdi. Kəlbəcəri, Oğuldərəni yaxşı tanıyan bir neçə nəfərlə də görüşmüşdüm. Yolları öyrənirdim. Bilirsiz, dünyanın inkişaf etmiş sivil ölkələrində ölüm hökmü, yaxud ağır xəstəliyə tutulan adamın son arzusunu yerinə yetirirlər. Qərara gəldim ki, nə vaxtsa xəstəliyə tutulsam, Oğuldərəyə getmək üçün istifadə etməliyəm. BMT, ATƏT-in Minsk qrupu ölkələrinə müraciət ünvanlamağı planlaşdırırdım. Bütün sxemini beynimdə cızmışdım. Laçına getmək, Oğuldərəni görmək ən böyük arzum idi. Ən böyük istəyimi Oğuldərəni görərək reallaşdırdım.
- 12 yaşında vətənindən didərgin düşən İmdad Əlizadə illər sonra əziz torpağına ayaq basdı. Təəssüratlarınız maraqlıdır...
- Səfərdən bir gecə əvvəl oyaq qaldım. Həyəcanımı boğa bilmirdim. 1992-ci ilin avqustunda Murovda yaşayanda atam demişdi ki, “səni bir yerə aparacam”. Kəndimizə gedəcəyimizi öyrənəndə sevincimdən uçurdum.. 12 yaşındakı hissləri indi yenidən yaşayırdım. Səfərdə 35 nəfər iştirak edirdi. 3 ünvanda çəkiliş etdik. Əvvəllər gəlib-gedən olmuşdu, foto, video görmüşdüm. Amma çox ağır idi. Maşından düşdük, qohumlarla görüşdük, sonrakı 10 dəqiqəni indi də xatırlamıram.
(İ.Əlizadə Oğuldərədə yerləşən evləri ilə 29 il sonra ilk görüşünü belə təsvir etdi)
- Atamın müəllim maaşıyla tikdiyi 2 mərtəbəli ev dağılmışdı. Yuxarı mərtəbəsi uçmuşdu. Atam 1993-cü ildə Laçından çıxanda evimizlə vidalaşması dəhşətli epizoddur. Atam “54 gün mühasirədə” kitabında bunu vurğulayıb. Yazır ki, “bir cüt corab, ayaqqabı tapıb torbaya saldım. Otaqların qapısını açıq qoydum. Gözyaşlarımla divarları, birinci mərtəbədəki pilləkəni islatdım. Bağışla məni, ata yurdu, səni qoruya bilmədim, getməyə məcburam. Adamın ağlına gəlməz, 29 il, 3 ay, 15 gündən sonra kəndimizdə idim. Ağlamaq istəmədim. Divarları öpdüm. Atamın vidalaşdığı yerdə diz çökdüm. Gözün aydın, ata yurdu! Ruhun şad olsun, ata, biz evimizə qaytımışıq!”.
- Uçuq-sökük evdə gözünüz ilk nəyi axtarırdı?
- Evimizdə atamın kəndimizin tarixi ilə bağlı üç 100 vərəqli dəftərdən ibarət əlyazması var idi. Onu tapa bilmədim. Axtarmağa vaxtımız çox olmadı. Növbəti səfərdə onu axtaracam. Əsas axtardığım əşya vacib məlumatlı dəyərli dəftərlər idi. Həm də atamın əl yazması... Bilirəm, qar, yağış yağıb. Amma ürəyimdə bir ümid var, tapacam.
- Səfər necə təşkil edilmişdi?
- Qlobal Media qrupunun təşkilatçılığı ilə olan səfərdə 35 nəfər iştirak edirdi. Üç ünvanda - Kəlbəcərin Çaykənd kəndində (19 nəfərin mühasirəyə düşdüyü yer), Laçının Oğuldərə kəndində (mühasirədə qaldıqları ərazi) və Güləbird kəndində (mühasirəni yardıqları yer) olduq, çəkilişlər apardıq. İki sənədli film çəkildi. Biri jurnalist dostumuz Ayaz Mirzəyevin senarisi əsasındadır, digərini isə AzTV çəkir. 29 ildən sonra 19 nəfərin bir hissəsi ilk dəfə döyüşə girdikləri yerdə görüşdülər. Səhnələr canlandırıldı. Laçının Qorçu kəndində gecələdik. Səhər Oğuldərəyə getdik. Vaxtilə insan qaynayan məkan yanmış, xarabalığa çevrilmişdi. Qohumlardan mal-qara aparan var. Kənddə it hürürdü. İt hürmək yaşayış var mənasına gəlir. Atamın mühasirədə qaldığı yerə işğaldan əvvəl maşın gedirdi. İndi yollar bərbad idi, piyada getdik. Həm yaşlı adamlar, həm şəhərdə yaşayan jurnalist dostlarımız rahatlıqla gəldilər. Atamın sığındığı yeri gördüm. Evin üstü dağılıb, çürüyüb. İçəridə kitablar, jurnallar vardı. Böyük hissəsi yağışdan, qardan çürüyüb. Bir hissəsini tapa bildim. Atam sağlığında kitablardan danışırdı. Mühasirədə qalanlardan Əşfər İlyasov dedi ki, bu kitabları Əli müəllimin tapşırığıyla gətirib. Mühasirədə gün keçsin deyə kitab oxuyurlarmış.
- Atanız Əli müəllim 54 günlük mühasirə dönəmindən nələr danışırdı?
- Mühasirə həyatı ağır idi. Kəlbəcər rayonunun Çakənd kəndi istiqamətində. İstəyirdilər ki, aprelin 3-də mühasirəni yarsınlar. Kəlbəcərin ortasından Tərtər çayı axır. Tərtər çayı yaz aylarında çox sulu olur. Çay daşır, keçilməz olur. Atamgil çalışıblar ki, körpü tərəfdən keçsinlər. Xeyli adam var idi. Bələdçi deyib ki, körpü Azərbaycan Ordusunun nəzarətindədir. Sən demə, gecə ermənilər işğal edib. Yuxarıdan azərbaycanlıların gəldiyini görəndə pusqu qururlar, atəş açırlar.
- Siz bilirdizmi, atanız mühasirədədir?
- 54 gün ərzində atamdan heç bir xəbər ala bilmədik. Mühasirədən, əsirlikdən qayıdan adamlar haqda eşidirdik. Anam və dayılarım atamı camaatdan soraqlanırdı. 54 gün ərzində bir nəfər belə demədi ki, Əli müəllimi görmüşük. Sonra atam sağ-salamat gəlib çıxmışdı. Atamgilin seçdiyi marşrut yolu ağlasığmaz idi. Laçını keçib, Güləbirddə mühasirədən çıxıblar. 1 ildən çox idi ki, həmin ərazilər ermənilərin işğalındaydı. Mühasirədən çıxdıqları yer ilə mühasirəyə düşdükləri məkan arasında təxminən 150 km məsafə var. Atam 19 nəfərin komandiri olub. Bir nəfər rəhbər kimi atamı seçmişdilər. Həm ali təhsilli idi, həm rus dilini bilirdi, həm də ehtiyatda olan zabit idi. Sonuncu gün səhər ermənilər izlərinə düşüb. Yaxınlarına gəlib çatıb. Axırda üzlərini əks istiqamətə çevirib dağları, kolları atəşə tutub gediblər. Onlar çıxıb getdikdən sonra mühasirədən tam çıxa biliblər.
- “Böyük köç” üçün siz də yəqin səbirsizlənirsiz..
- Bütün məcburi köçkünlərin ən böyük arzusu doğma yurda qayıdışdır, o cümlədən bizim də. Laçında, Kəlbəcərdə işlər görülür, infrastruktur qurulur, elektrik stansiyası tikilir. İllərdi ayaq dəyməyən ərazilərə yollar çəkilir. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Nailiyyətlər Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunub. Prezident İlham Əliyev, şəhidlər və qazilərimiz mənim ən böyük arzumu reallaşdırıblar. Dövlətimiz üçün tarixi uğurdur. I Qarabağ müharibəsində Məcnunov Xəqani Vaqif oğlu, Məmmədov Pənah Balay oğlu, Nəcəfov İbadət Nəcəf oğlu itkin düşüb, hələ də xəbər yoxdur. II Qarabağ müharibəsində Şahgündüz Cabbarov şəhid olub. Onların hesabına işğaldan azad olunan ərazilərdə həyat işartıları yaranır. Oğuldərədə xeyli adam yaşayır. Ora yaylağa gedən qohumlar artıq geri qayıtmaq istəmirlər. Çadırda yaşayırlar. Qarabağlılar doğma yurduna qayıtmaq üçün gün sayır. Qayıdış prosesi insanların güman etdiyindən də asan olacaq. Qarabağın gözəlliyi başqadır. Dünyada tayı-bərabəri yoxdur.
- 90-cı illərdə Laçında da ermənilərə rast gəlmək olurdu?
- Laçın şəhəri, bir neçə yaşayış məntəqəsi rus sülhməramlıların nəzarətindədir. Laçın qərbdən Ermənistanla həmsərhəddir. İndi sülhməramlılar nəzarət edir. Laçın dəhlizinə alternativ yol var. Bu, yaşayış mərkəzlərindən aralıdır. Azərbaycan vətəndaşı olan ermənilər Ermənistana getmək üçün yeni yoldan dəhliz kimi istifadə edəcəklər. Güləbirddən Laçının şimal kəndlərinə getmək üçün onların yoxlanışından keçməyimiz insanlarda qıcıq yaradır. Lakin bu, müvəqqəti çətinlikdir. Bir müddət keçəndən sonra həllini tapacaq. Hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Qarabağda yaşayan erməniləri harasa göndərmək niyyətində də deyilik. Məsələnin həll yolu Azərbaycan vətəndaşlığını qəbul etmələri, konstitusiya qanunlarına uyğun yaşamaqlarıdır. Laçın rayonunda isə ermənilər kompakt şəkildə yaşamayıb. Sovet dövründə Laçında 50-dən bir qədər artıq erməni əsilli rayon sakini olub. Onlar da azərbaycanlıların ailə qurduğu, ya da işləmək üçün Laçına gələn ermənilər idi. Laçın rayonu ərazisində kompakt şəkildə yaşayan ermənilər olmayıb. Laçında ermənilərlə azərbaycanlıların birgə yaşaması müzakirə predmeti deyil.
...
Müsahibim fikirlərini o qədər ürəkdən ifadə edirdi ki, söhbətimiz çox axıcı idi. İ.Əlizadə oğluna Oğuldərə haqqında uydurduğu nağıllardan da söz açır: “Oğlum Turqut “hörümçək adam”ın nağılını danışmağımı istəyirdi. Axı belə bir nağıl yoxdur. Ona görə təxəyyülümdə Oğuldərəyə uyğunlaşdıraraq “Spaydermen” nağılı düzüb qoşurdum. “Uşaq idik, həyətdə oynayırdıq. Qayalıqda çayın qırağında bir nəfərin tullandığını gördük. O, adının “Spaydermen” olduğunu söylədi. Dedi ki, kəndbəkənd gəzərək uşaqlarla oynayır..”.
Həmkarım Günəş Mərd söhbət əsnasında “Elə başa düşdüm ki, belə nağıl uydurmaq sizin özünüzün də xoşunuza gəlir”- dedikdən sonra üçümüz də birlikdə gülürük.
(Az keçmir ki, İ.Əlizadə fikirlərinə davam edir)
- Oğuldərədən didərgin düşmək dərdi sözün əsl mənasında qəddimi əymişdi. Həqiqi xoşbəxtlik necə imiş?! 29 il, 3 ay, 15 gündən sonra doğma yurduma ayaq basdım. İnsan ömrü üçün çox uzun müddətdir. Bu müddət ərzində həyatımda bir çox dəyişikliklər baş verib. Ali məktəbi bitirmişəm, əsgərliyə getmişəm, ailə qurmuşam, övladlarım dünyaya gəlib. Nə atam mühasirədən çıxıb gələndə, nə də oğlum olanda belə sevinmişdim. Oğuldərədə bir dənə belə foto çəkməmişəm. Heç nə yadıma düşmürdü. Adam həmin anı yalnız yaddaşa köçürmək istəyir”.
- Uşaqlığınızı xatırladacaq nə ilə qarşılaşdız?
- Kəndin ortasında gedəndə bitkini ayaqladım. Uşaq vaxtı da elə bir hadisə yaşanmışdı. İndiyədək o qoxunu duymamışdım. 30 il əvvəlki qoxunu hiss etdim. Oğuldərəni xəyalımda necə bərpa edirdimsə, reallıqda həmin işlər görülür. Bütün insanlar ömürlərini doğulduqları yerdə başa vurmurlar. Dərd odur ki, insanı məcbur torpağından çıxarırlar. Adama ömrünün sonuna kimi rahatlıq vermir. Ola bilsin, kimsə özünə şərait, iş qurur. Lakin mənəvi yük adamın çiynindən qalxmır.
- “O gün olsun, Qarabağda...” arzusu ilə yanıb tutuşurduq, həsrətə son qoyuldu...
- Azərbaycanın bütün bölgələrində hər yerdə toy, şənlik olanda belə hamı deyir ki, “o gün olsun Qarabağda qeyd edək”. Bizim evdə ölçü vahidi “Oğuldərədə belə idi” kimidir. Hər şey fırlanıb köçkünlüyün üzərinə gəlib çıxır. Belə bir şəraitdə adam necə xoşbxət olsun?! Fələstinli məcburi köçkünlərdən müsahibə alınırdı, 80-90 yaşında adam idi. 50 ildir qaçqın düşüb, yaxud heç oranı görməyib, amma Fələstinə qayıtmaq düşüncəsini elə arzulayırdı ki. Necə ümidlə danışırdı... Hər yurdundan didərgin düşən adamın arzusu gerçəkləşmir. Şükür, bizdə reallaşdı. O gün - bu gündür! Biz artıq Qarabağ torpağındayıq!
Söhbətimizi qürur hissi ilə sonlandırırıq...
Aygün Tahir, Günəş Mərd