«Onu Moskva göndərib. Bu yaxınlarda isə Rusiya vətəndaşlığından çıxarıldı. Bunun təsadüfi addım olmadığını düşünürəm»
«Kreml Vardanyanla bağlı nəsə olduqda, məsuliyyəti üzərinə götürməyəcək»
« Yaxın vaxtlarda onunla bağlı ciddi proseslərin baş verməsi mümkündür”
“O istədiyi zaman Qarabağda təxribata əl ata və insanları küçəyə çıxara bilər. Biz isə buna hazır olmalıyıq”
Xarici İşlər Nazirliyində ilin yekunlarına dair mətbuat konfransı keçirilib.
Tədbirdə xarici işlər naziri Ceyhun Bayramov hesabatla çıxış edib.
XİN rəhbəri hesabat zamanı cari ildə baş verən siyasi hadisələrlə bağlı açıqlamalar verib.
Verilən açıqlamalarla bağlı “Sherg.az” olaraq siyasi şərhçi Kənan Novruzovla söhbətləşdik.
- C.Bayramov “3+3” formatının faydalı olduğunu bildirib. Bu platforma işləyəcəkmi?
- Məlum format hələ qurulmayıb. Sadəcə olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan lideri İlham Əliyev "3+3" platformasının yaradılması ilə bağlı ideya irəli sürdülər. Bu formata region ölkələri olan Azərbaycan, Gürcüstan, Ermənistan və regiona qonşu olan dövlətlər Türkiyə, Rusiya, İranın vahid platformada olmasını nəzərdə tutan layihədir. Sözügedən platformanın reallaşması regional təhlükəsizlik, sabitlik və sülhü təmin edə bilər. Digər tərəfdən kənar təhdidlərin də qarşısı alına bilər. Yəni xüsusilə Qərbin regiona müdaxiləsinə imkan verilməz. Əgər perspektivdə "3+3" formatı reallaşarsa, regionda Avropa İttifaqına bərabər bir qurum yarana bilər. Həmçinin bu altılıq arasında biri-biri ilə yola getməyən ölkələr var. Məsələn Ermənistanla-Azərbaycan, Gürcüstanla-Rusiya arasında münaqişələr mövcuddur. Eləcə də rəsmi Ankara, Tehran və Moskva arasında da dalğalanmalar müşahidə edilir. Bu nöqteyi nəzərdən platformanın yaradılması region üçün çox önəmlidir. Lakin formatla bağlı Gürcüstanın tərəddüdləri var. Çünki onun ərazilər Rusiya tərəfindən işğal olunub. Bu səbəblə də rəsmi Tiflis "Altılıq" platformasına qoşulmaq istəmir. İran tərəfindən isə məsələ ilə bağlı heç bir müsbət siqnal verilmir. Ona görə ki, "3+3" yaradılması həm də Zəngəzur dəhlizinin açılmasına kömək edəcək. Rəsmi Tehran da bunu istəmir. Rəsmi Bakı-İrəvan arasındakı müharibə vəziyyəti də "Altılıq" platformasının formalaşmasını sual altında qoyur. Ümumiyyətlə, sözügedən platformanın yaradılması üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmalıdır. Bu müqavilənin imzalanması "3+3" formatı üçün təməl rolunu oynaya bilər.
- Rusiya Qarabağın “statusu” ilə bağlı məsələnin gələcək nəsillərə qalmasının təklif etməklə nəyə çalışır?
-“Rusiya Xarici işlər naziri Sergey Lavrov bu sözləri xeyli əvvəl də səsləndirmişdi. Əslində o "Stausla” bağlı məsələ gələcək nəsillərə qalsın" söyləməklə "regiondakı düyün açılmır, "minalar" hələ də qalır və gələcək nəsilə kimi bölgədəki gərginlik mühiti davam etməlidir" demək istəyir. Yəni Kreml bu vəziyyətdən istifadə edib, öz maraqlarını təmin etməyə çalışır. Azərbaycan tərəfi buna razı ola bilməz və olmadı. Nəticədə isə Qarabağın “statusu”ndan söhbət gedə bilməz. Bu məsələni artıq həll etmişik və göstərmişik ki, heç bir “status” yoxdur. Ümumiyyətlə, bütün məsələləri mövcud nəslin həll etdiyini dəfələrlə sübut etmişik.
-Biz Amerikanı özümüzə həqiqətən də tərəfdaş kimi qəbul edə bilərikmi? Ağ ev Azərbaycanla nəyə əsasən əməkdaşlıq edir?
-Ceyhun Bayramov da açıq şəkildə dedi ki, biz heç bir platformaya etiraz etmirik. Mən də məsələyə heç bir vasitəçilikdən imtina etməməliyik kontekstindən yanaşıram. Çünki bu imtina Ermənistanın əlini gücləndirə bilər. İrəvana "kozır" verə bilmərik. Ümumiyyətlə, ABŞ-ın da digər dövlətlər kimi Cənubi Qafqazda maraqları var. Azərbaycan Vətən müharibəsindən sonra regionda yeni reallıq yaratmaqla, global siyasi oyunçuya çevrildi. Bu Vaşinqton Bakının maraqlarını nəzərə almadan regionla bağlı maraqlarını təmin edə bilməz deməkdir. Yəni bu o demək deyil ki, Azərbaycan Amerikadan asılıdır. Yeri gəldikdə ABŞ bizimlə dil tapmağa çalışır. Digər tərəfdən bu il ABŞ prezidenti Cozef Bayden İlham Əliyevə məktub ünvanlayıb. Sözügedən məktubda isə mühüm məqamlara toxunulub. ABŞ dövlət katibi Entoni Blinken bu məsələdə xüsusi fəallıq göstərir. Əgər rəsmi Vaşinqton Azərbaycanla dost olmaq istəyirsə, yekun sülh müqaviləsi ilə bağlı səmimi addımlar atmalıdır.
-Ermənistanın razılaşmaları ertələməkdə məqsədi nədir? Bu yubatma antiterror əməliyyatlarının başlanmasına səbəb ola bilərmi?
-Ermənistan baş naziri Nikol Paşinyan Ukrayna-Rusiya müharibəsinin bitməsini gözləyir. Çünki savaşın nəticəsi birbaşa Cənubi Qafqaza da təsir göstərəcək. Paşinyan düşünür ki, Rusiya müharibədə qalib gələrsə, sülh müqaviləsinə ehtiyac olmayacaq. İkinci tərəfdən Paşinyan, bəlkə də, müqavilənin imzalanmasını istəyir. Səsləndirdiyi bəyanatlar da bunu göstərir. Amma sual yaranır ki, o tamamilə müstəqildirmi? Xeyir, ona təsir edəcək xeyli qüvvə mövcuddur. Rusiya, erməni lobbisi, diaspor və Ermənistan daxilindəki müxalifət Paşinyanın əl-qolunu bağlayır. Yekun sülh müqaviləsi imzalanarsa, Paşinyan hakimiyyətinə qarşı ciddi təhdidlər yarana bilər. Ancaq o mütləq siyasi iradə göstərməlidir. Göstərməsə, daha çox məngənədə sıxılacaq. Antiterror əməliyyatların gəldikdə, bu hər an üçün realdır. Xüsusən nəzərə almaq lazımdır ki, sülh müqaviləsinin imzalanması bir tərəfə, Ermənistan tərəfi təxribatları da səngitmir. Bu təxribatlar isə təkcə İrəvandan idarə edilmir. Ortada Rusiya, Qərb və.s faktorlar var. Lakin bizə təxribatın kimin törətdiyinin fərqi yoxdur. Qarşımızda Paşinyan hakimiyyəti var və söhbətimizi də onunla aparacağıq. O, sabotaj cəhdlərinə son qoymasa, işimizi özümüz görməli olacağıq. Yəni "dəmir yumruq" bir daha qalxacaq.
- XİN başçısı “Azərbaycana qərəzli mövqeyi olanların vasitəçiliyini qəbul etməyəcəyik” deməklə kimləri nəzərdə tutur?
- Əslində C.Bayromovun kimləri nəzərdə tutduğu çox aydındır. Burada Fransa və hətta Rusiyanın özü belə ola bilər. Müəyyən mənada Minsk qrupunun fəaliyyəti dövründə kimlərin qərəzli olduğunu yaxşı gördük. Doğrudur, artıq reallıqlar dəyişib. Dediyim kimi Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq və regional siyasi aktora çevrilib. Bu isə bəzi dövlətlərin gözlərini açdı. Onların əksəriyyəti bizim maraqlarımızla hesablaşmalı oldu. Fransa isə hələ də bizim maraqlarımızla barışmır. Çünki orada erməni lobbisinin ciddi fəaliyyəti var. Rəsmi Parisin vasitəçiliyinə qaldıqda, bizə qərəzli mövqe ortaya qoyaraq vaxtı uzadanlara ehtiyacımız yoxdur. Biz Minsk qrupunun timsalında da səriştəsiz və qərəzli vasitəçilərdən imtina etməyə qadir olduğumuzu gördük.
- Rəsmi Bakı Vardanyanı Azərbaycan ərazisindən çıxarmaq üçün hansı addımları atmalıdır? Ümumiyyətlə Vardanyanın Qarabağa göndərilməsi vəziyyəti hansı istiqamətdə dəyişəcək?
-Ruben Vardanyan məsələsi çox ciddi problemdir. O Moskva tərəfindən göndərilib. Bu yaxınlarda isə Rusiya vətəndaşlığından çıxarıldı. Bunun təsadüfi addım olmadığını düşünürəm. Ümumiyyətlə, Kreml Vardanyanla bağlı nəsə olduqda, məsuliyyəti üzərinə götürməyəcək. Yaxın vaxtlarda onunla bağlı ciddi proseslərin baş verməsi mümkündür. O istədiyi zaman Qarabağda təxribata əl ata və insanları küçəyə çıxara bilər. Biz isə buna hazır olmalıyıq. Digər tərəfdən Vardanyan get-gedə Paşinyan üçün də təhdidə çevrilir. O siyasi səhnəyə daxil olduqdan sonra Araik Arutyunan bir növ geridə qaldı. “Vardanyan kartı” həmçinin Kremlin Paşinyana xəbərdarlığdır ki, "mənim dediyimlə hərəkət etməsən, Vardanyanı hakimiyətdə oturdacam". Bunun vaxtında önünə keçmək üçün Vardanyanı beynəlxalq axtarışa verə bilərik. Onun terrorçu kimi tanınması ilə bağlı müvafiq instansiyalara müraciət etməliyik.
Söhbətləşdi: Nihat Müzəffər