“Namizədliyimi 36 saylı Xətai-Suraxanı seçki dairəsindən verəcəm” İqbal Ağazadə 


“İqtidar düşərgəsində, yaxud müxalifətdə cəmiyyət üçün, parlament üçün daha faydalı adamlar namizəd olarsa, həmin dairələrdə razılaşmalar reallaşa bilər”

  Ölkədə fəaliyyət göstərən əksər partiyalar növbədənkənar parlament seçkilərinə hazırlıq prosesinə start veriblər. Mərkəzi Seçki Komissiyası (MSK) daha 5 partiyanın - Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının seçkilərdə səlahiyyətli nümayəndələrini qeydə alıb. 

Bundan əvvəl 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınmışdı. Səlahiyyətli nümayəndələrini qeydiyyata salmış partiyalar namizədlərini və dairələri müəyyənləşdirirlər. "Şərq"in suallarını cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə yaxın günlərdə namizədlərin və dairələrin müəyyən olunacağını söyləyib. 

 - İqbal bəy, Ümid Partiyasının növbədənkənar seçki hazırlığı necə gedir? Namizədləri müəyyənləşdirə bilirsimiz? 

 - Seçkilərə qatılmaq üçün Partiyamıza müraciət edənlər var. İdarə Heyəti onlarla bağlı təhlil aparır. Nizamnaməyə görə, bir-iki günə yekun qərar veriləcək. Orada dairələr göstərilib və bölüşdürülüb ki, kim hansı dairədən namizəd olmağı istəyir. Partiya götür-qoy edir. Nəzərə alaq ki, bəzi dairələrin dislokasiyasında dəyişiklik olub. Ona görə partiyada hələ müəyyən olunmamış dairələr var. Amma əksər dairələr müəyyənləşib. Hesab edirəm ki, Ümid Partiyası bu sahədə digər siyasi partiyalar arasında ən hazırlıq partiyadır. 

 - Siz də namizədliyinizi irəli sürəcəksinizmi? Əvvəlki dairənizdə dəyişiklik varmı? 

 - Bəli, namizədliyimi verəcəm. Amma əvvəlki dairəmdə dəyişiklik olub. Əvvəlki parlament seçkisində namizədliyimi 35 saylı Xətai üçüncü seçki dairəsindən sürmüşdüm. İndi Xətai üçüncü dairəsində əvvəlki məntəqələr olduğu kimi saxlanılıb, bir neçə məntəqə isə Suraxanı dairəsindən əlavə olunub. Ona görə də mənim dairəm hazırda 36 saylı Xətai-Suraxanı seçki dairəsi sayılır. 

 - Yeni formalaşan Milli Məclisdə hansı dəyişikliklərə ehtiyac var? Məsələn, parlamentin strukturu, say tərkibi dəyişməlidirmi? 

 - Parlamentin say tərkibi, struktur dəyişikliyi üçün mütləq referendum olmalıdır. Yəni bunun üçün seçki sistemi dəyişməlidir. Referendum olmadan bunları bəyan etmək qeyri-mümkündür. 

 - Kimlər parlamentdə təmsil olunmalıdır? Xüsusən, "gənc-yaşlı" söhbətinə münasibətiniz necədir?  

 - Parlamentdə yaş söhbətini doğru saymıram. Əgər qanunvericilikdə yaş senzi nəzərdə tutulmayıbsa, o zaman yaş həddi əhəmiyyət daşımır. Seçici kimə, hansı namizədə səs verirsə, o da seçilir. Yəni yaşından asılı olmadan deputatlığa namizədliyini irəli sürmüş şəxsi ona səs verən seçicilər seçir. Məsələ bu qədər sadədir. İlhamə xanım (mərhum xalq artisti İlhamə Quliyeva - red) demişkən, "yaşın nə fərqi var ki?". Qanunverici orqanda xalqın seçdiyi adamlar olmalıdır. 

 - Partiyalar namizədlərini müəyyənləşdirərkən bəzi kriteriyalara diqqət yetirə bilərmi? 

 - Əlbəttə, mümkündür. Partiyalar özləri namizəd kimi irəli sürdüklərin şəxslərin gənc nəslin nümayəndəsi olmasına diqqət yetirə bilərlər. Partiyalar özləri götür-qoy edirlər ki, hansı namizədlə seçici qarşısına çıxacaqlar, necə çıxacaqlar. Bu, artıq başqa məsələdir. Məncə, partiyalar bu məsələdə müəyyən kriteriyaları gözləyirlər. Həmin kriteriyalara uyğun da namizədləri ortaya çıxarırlar. 

 - Proporsinal seçki sisteminin tətbiq olunmasının tərəfdarısızmı? 

 - Hesab edirəm ki, parlamentdə say tərkibinin artırılmasından daha çox proporsional seçki sisteminin tətbiqi, daha doğrusu bərpası daha labüddür. 

 - Niyə görə bunu vacib hesab edirsiz? 

 - Ona görə zəruri hesab olunur ki, siyasi institutların cəmiyyətdəki rolu və imkanları genişləndikcə, partiyalar ayrı-ayrı dövlətlərdən ölkəmizə ixrac etmək istənilən ideologiyaların qarşısını daha yaxşı alır. Majoritar sistemdə isə bunu həyata keçirmək çətin olur. Çünki majoritar seçki sistemində vətəndaş liderləri formalaşır ki, bu vətəndaş liderləri də bəzən xarici ölkələrin maraqlarını müdafiə etməyə meyilli olurlar. Amma siyasi institutlar kollegial orqandır. Kollegial orqanda adətən çox nadir hallarda xarici dövlətlərin maraqlarının müdafiəsinə razılıq verilir. 

 - Seçkidə tərəfdaş partiyalarınız varmı, yaxud olacaqmı? 

 - Hələlik belə bir məsələ yoxdur. Amma hər halda mümkündür. Məsələn, bizim nəzərimizə əsasən, iqtidar düşərgəsində, yaxud müxalifətdə cəmiyyət üçün, parlament üçün daha faydalı adamlar namizəd olarsa, həmin dairələrdə razılaşmalar reallaşa bilər. Lakin hələlik gündəmdə deyil.