“Camaatın arzulamadığı şəxslər parlamentdə əyləşiblər” -Mütəllim Rəhimliylə SÖHBƏT

“Bəzi gənclərin ruhu 70 yaşlı qocaların ruhundan daha yaşlıdır”

Elələri oldu ki, xalqla çox uzaq məsafə saxladılar və özlərini "üstün elita" kimi aparmağa başladılar

Mütəllim Rəhimli: “Çox istərdik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində keçirilən seçkilərdə demokratik ab-hava və ruh özünü göstərsin”



  Siyasi partiyaların növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi davam etməkdədir. Mərkəzi Seçki Komissiyası tərəfindən səlahiyyətli nümayəndələri təsdiqlənmiş partiyalar artıq öz namizədlərini və dairələrini müəyyənləşdirməyə başlayıblar. Son məlumata görə, Mərkəzi Seçki Komissiyası (MSK) ümumilikdə 14 partiyanın səlahiyyətli nümayəndələrini qeydiyyata alıb. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib ki, 155 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 71-i təsdiqlənib, onlardan 43 nəfərə imza vərəqi verilib. Əksər partiyalar seçki marafonuna qatılmağa hazırlıq görsələr də, bəzi partiyalar seçkidə iştirakla bağlı yekun qərarlarını verməyiblər. Seçkilərə qatılıb-qatılmamaq məsələsində tərəddüd içində olan siyasi təşkilatlardan biri Ədalət Partiyasıdır. 

"Sherg.az"ın suallarını cavablandıran partiyanın sədr müavini Mütəllim Rəhimli deyib ki, növbədənkənar parlament seçkisində iştirak edib-etməməklə bağlı müzakirələr davam edir. Məlumat üçün bildirək ki, Ədalət Partiyasının sədri sabiq baş prokuror və ədliyyə naziri İlyas İsmayılovdur. 

 - Mütəllim müəllim, Ədalət Partiyası növbədənkənar seçkilərə hazırlaşırmı?
 - Əslində, hər partiya seçkilərə qatılmalıdır, çünki siyasi partiyaların vəzifəsi bundan ibarətdir. Ədalət Partiyası da xeyli vaxtdır seçkilərə qatılmaqla bağlı müzakirələrə başlayıb. Hətta müəyyən dairələrdə namizədlərimizi də müəyyən etmişik. Amma bizim üçün iki əsas məsələ vacibdir. Birinci məsələ seçkilərə hansı formada qatılmaqla bağlıdır. Seçki Məcəlləsinə görə, bizdə sadəcə majoritar sistem tətbiq olunur. Qanuna mövcud majoritar seçki sistemini mürəkkəbləşdirən əlavə bənd də daxil edilib. Həmin müddəaya görə, siyasi təşkilatlar partiya kimi seçkilərə qatılsalar da, sonda majoritara yönəlir. Bununla belə, partiya kimi seçkidə iştirak çox böyük enerji, fiziki güc və maliyyə tələb olunur. Böyük həmcli sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunduqdan sonra protokoldan çıxarışlar da dairə seçki komissiyalarına verilir. Bunun üçün səlahiyyətli nümayəndə bütün rayonları gəzməlidir. Amma nəhayətdə partiya üzvləri də seçki prosesində digər fərdi namizədlərlə eyni statusa malik olurlar. Yəni seçkilərə partiya olaraq qatılmağın xüsusi üstünlüyü yoxdur. Digər yandan, partiya kimi seçkiyə qatılmaq üçün namizədlərin ən azı üçdə ikisi dairələr üzrə qeydiyyata alınmalıdır. Bu da kifayət qədər yüksək göstəricidir. Əgər namizədlərin üçdə ikisi qeydiyyata alınmasa, o halda namizədlər fərdi qaydada seçkidə iştirak edə bilərlər. Hər iki iştirak formasının yekun hüquqi nəticəsi eynidir. 

 - Seçkilərə partiya halında qatılacaqsınız? 
 -  Düşünürük ki, əlavə resurslar cəlb edərək enerji tükəndirməyə ehtiyac yoxdur. O baxımdan partiya üzvlərinin fərdi qaydada seçkidə iştirakının tərəfdarıyıq. Amma yekun qərar verilməyib, müzakirələr hələ davam etməkdədir. Seçkilərə qatılaq, yoxsa yox? Seçkilərin demokratik keçirilməsi məsələsi burada daha mühüm rol oynayır. Həftə ərzində partiyanın rəhbər heyəti bir daha yığışacaq. Siyasi Şura bununla bağlı yekun qərar verəcək. Əgər seçkilərdə iştirak qərarı alınsa, partiya üzvlərimiz fərdi qaydada dairələrdən namizədliklərini irəli sürə bilərlər. 

 - Yəni iclasda seçki qərarı alınsa belə, partiya kimi yox, fərdi qaydada qatılacaqsınız?   
 - Bəli, düşüncəmiz o yöndədir ki, üzvlərimiz partiya şəklində yox, fərdi halda seçkilərdə iştirak etsinlər. Qeyd etdiyim kimi, partiyanın prosesdə iştirak proseduru mürəkkəbdir, ancaq nəticələr digərləri ilə eynidir. 

 - Seçki sisteminin dəyişməsi və proporsional sistemin tətbiqi bu kimi problemləri aradan qaldıra bilərmi? 
 - Ümumiyyətlə, cəmiyyətin dünyada və regionda baş verən siyasi proseslərə hazırlanması üçün Azərbaycanda da siyasi institutlaşmanı inkişaf etdirmək lazımdır. Siyasi institutlaşma inkişaf etməzsə, kənar təsirlər Azərbaycan cəmiyyətinə daha çox nüfuz edəcək. Nəticədə insanların şüurunu fərqli istiqamətlərə yönəldə bilirlər. Siyasi institutlaşmanın inkişafı üçün proporsional seçki sisteminin tətbiqi zəruridir. Uzun zamandır cəmiyyətin özündə də, siyasi partiyalarda da bu fikir cəmlənməkdədir. Belə olarsa, yalnız Azərbaycanın milli maraqlarına söykənən siyasi partiyaların təbliği ilə ictimai şüuru yetkinləşdirmək, inkişaf etdirmək mümkündür. Əks halda Azərbaycanın ictimai şüuruna kənar təsirlərin yolu açıq qalacaq. Bu da arzuolunmaz haldır. 

 - Müasir çağırışlara cavab verən parlament necə formalaşmalıdır? 
 - Budəfəki parlament seçkilərinin növbədənkənar elan olunması COP29-la bağlı idi və bu, hardasa başadüşülən idi. Ancaq bu məsələdə də müəyyən suallar ortaya qoymaq mümkündür. Hər dəfə parlament buraxılan zaman "yeni çağırışlar, yeni çağırışlar" arqumentləri gündəmə gətirilir. Amma nəhayətdə camaatın arzulamadığı şəxslər parlamentdə əyləşiblər. 2020-ci ildə növbədənkənar seçkilərlə formalaşan ötən parlamentdə elə deputatlar var idi ki, bir dəfə olsun ağızlarını açıb danışmayıblar, seçicilərinin maraqlarını ifadə etməyiblər. Deməli, "yeni çağırışların" belə adamlara dəxli yoxdur. Budəfəki növbədənkənar parlament seçkilərində yeni situasiya torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpa olunmasıdır. Çox istərdik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şəraitində keçirilən seçkilərdə demokratik ab-hava və ruh özünü göstərsin. 

 - Parlament seçkiləri ərəfəsində müzakirə olunan "gənc-yaşlı namizəd" söhbətinə münasibətiniz necədir? 
 - Zaman-zaman belə arqumentlərin şahidi oluruq ki, deyirlər "filankəslər, gənclər xaricdə təhsil alıblar, əcnəbi dil bilirlər, onları vəzifəyə qoymaq lazımdır". Ancaq çoxsaylı təcrübələr göstərdi ki, bu tip gənclərin bəzilərini yüksək səlahiyyətli vəzifələrə təyin etdikdə etimadı doğrultmadılar, bacarıqsız olduqlarını ortaya qoydular. Elələri də oldu ki, xalqla çox uzaq məsafə saxladılar və özlərini "üstün elita" kimi aparmağa başladılar. Bəzi gənclərin ruhu 70 yaşlı qocaların ruhundan daha yaşlıdır. Onlar düşüncələri və hərəkətləri ilə bunu sərgilədilər. Belə gəncləri Milli Məclisdə dəfələrlə görmüşük. Hüquqi sistemdən, siyasi proseslərdən və idarəetmədən heç bir anlayışları yoxdur. Ümumiyyətlə, dövlət idarəçiliyində yaş faktoru yox, bacarıq faktoru önəmlidir. Proseslərə və hadisələrə yanaşmaq metodologiyası mühümdür. Məsələn, yaşı kifayət qədər çox olan elə adam var ki, 25-30 yaşlı gənclərdən daha enerjili, çalışqandır. İdarəetmədə gəncləşməni süni aparmaq olmaz. Bu prosesi "istixanalarda yetişən tərəvəz" kimi həyata keçirmək lazım deyil.