Dini təhsildə dövlət nəzarəti gücləndirilməlidir

Dövlətin nəzarətindən kənarda harada dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir
 
 
Dünən Milli Məclisin iclası keçirilib. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Öncə Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirəyə çıxarılıb. Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov plenar iclasda məlumatı təqdim edib. Müzakirələrdən sonra Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul olunub.
Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, bu gün ölkəmizdə cinayətkarlığa qarşı effektiv mübarizə təşkil olunub, cinayətkarlığın səviyyəsi artmır. Deputat bildirib ki, insan alveri sahəsində DİN xüsusi diqqəti profilaktik tədbirlərə və maarifləndirmə işlərinə yönəldib: “Buna görə təşəkkür edirəm. Bu iş ölkəmizdə düzgün qurulub. Xüsusilə dünyada müharibə bölgəsindən xarici ölkələrə üz tutmuş qadınlar cinsi istismara məruz qalır. Azərbaycanda bu sahədə vəziyyət nəzarətdədir”.
 
"İnanclarına görə insanlar dini təhsil ala bilər, amma..."
 
Millət vəkili Fazil Mustafa dövlət nəzarətindən kənarda dini təhsillə bağlı məsələlərin insan alveri cinayəti kimi qiymətləndirilməsini təklif edib: “Azərbaycanda insan alverinə qarşı mübarizədə DİN tərəfindən çox ciddi intensiv fəaliyyət həyata keçirilir”. Deputat bildirib ki, insan alveri ilə bağlı sahə artıq kibercinayətkarlıq səviyyəsində artıb, buna nəzarət mexanizmi də xeyli çətinləşib: “Hesab edirəm ki, Azərbaycanda əsasən bunun öhdəsindən gəlinə bilir”. Komitə sədri qeyd edib ki, dövlətin nəzarətindən kənarda harada dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir: “İnanclarına görə insanlar dini təhsil ala bilər, amma bunu mütləq dövlətin nəzarəti altında olan müəssisələrdə edə bilər. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir, bunun üçün müraciət olunsa, bu cür cinayətlər də insan alveri kimi qiymətləndirilməlidir”. Deputat həmçinin deyib ki, Azərbaycanda məktəblərdə buraxılış sinifləri aprel, may aylarından imtahanları verib bitirib: “Amma biz dərsi iyunun 15-nə kimi uzatmışıq. Kim bundan sonra dərsə gedər? Uşaqları xaricdə təhsilə, xaricdə dini təhsilə yönəltməmək üçün bu məsələlərə diqqət etməliyik”.
 
"Bu hücumlar casus şəbəkələrinə muzdlu xidmətdir"
 
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, Vətən müharibəsində canından keçən 66 polis, yaralanan 346 nəfər şəxs, yüksək mükafatlar alan 1400 nəfər hərbi qulluqçu və “Vətən Müharibəsi Qəhrəmanı” ali titulunu qazanan 4 nəfər döyüşçü təkcə daxili işlər orqanlarının deyil, bütövlükdə millətimizin qürur mənbəyidir. O qeyd edib ki, Qarabağda yeni Vətən quruculuğunda milli polisimiz Prezidentin xüsusi təyinatlı silahdaşlarıdır: "Azad torpaqlarda təkcə mina, ictimai asayiş, təhlükəsizlik deyil, həm də quruculuğun və inkişafın keşiyində güc orqanları birlikdə dayanır. Ona görə də polisimiz xalqı qoruduğu kimi, cəmiyyətimiz, partiyalarımız, mediamız və vətəndaşlarımız da polisi qorumalıdır. Xaricdən yayımlanan bir ovuc milli və sosial simalarını itirən  terror mediası - Azad Söz, Osmanqızı və sair tərəfindən hər gün daxili işlər orqanlarına edilən hücumlar casus şəbəkələrinə muzdlu xidmətdir, 21-ci əsrin köləliyidir və dövlətimizi Qələbə gündəliyindən zərrə qədər daşındıra bilməz".
 
"Ölümlə nəticələnən plastik cərrahiyyə əməliyyatı aparan şəxslə bağlı heç bir addım atılmır"
 
Millət vəkili Səyyad Aran (Salahlı) deyib ki, plastik cərrahiyyə nəticəsində ölən adamlar var, uşaqları yetim qalıb: "Ülviyyə Qurbanova adlı plastik cərrahın 9-cu sinif təhsili var. Bu adam indi gizli kosmetoloq, üz cərrahı kimi fəaliyyət göstərir. Bu xanım adam öldürüb, lakin onunla bağlı heç bir addım atılmır. Deputat bildirib ki, ölən şəxsin valideynləri ona müraciət edib, Ülviyyə Qurbanovanın cəzalandırılmasını istəyirlər: “İndi kimsə hansısa defektini düzəltmək istəyirsə, yenə gedəcək düşəcək bunun əlinə, həmin adamı da öldürəcək. Yaxşı haldır ki, Azərbaycanda Səhiyyə Nazirliyi plastik cərrahların siyahısını dərc etdi, amma bu, geniş yayılmalıdır. Plastik cərrahların toplandığı bir mərkəz yaratmaq olmazmı ki, hamı plastik əməliyyat üçün hara getməli olduğunu bilsin?”. Deputat əlavə edib ki, rayonlarda xəstəxana direktorları rayona göndərilən həkimlərin istəyi ilə onları geri qaytarır: “Bu nə demokratiyadır? Həkim mütləq təyinat üzrə göndərildiyi yerdə işləməlidir. Deyirlər, gələn həkimə hava düşmədi. Belə şey olar?! Mütləq şəkildə təyinat məcburi olmalıdır”.
 
Deputat istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif edib
 
Deputat Qüdrət Həsənquliyev deyib ki, bizdə istilik təchizatı sahəsi özəlləşdirilməlidir, beynəlxalq təcrübə də göstərir ki, özəlləşməyə getmədən bu sahədə uğura nail olmaq çətin olur. O bildirib ki, bizdə istiliyin verilməsi konkret günlə müəyyənləşir: “Amma istilik havanın temperaturundan asılı olaraq verilməlidir. Bu həm də xeyli mənada ziyan vurur. İstilik verilən evlərin çoxu 9 mərtəbə panel evlərdir. Havanın soyuması ilə o evlər dərhal soyuyur. Növbəti təklifim ondan ibarətdir ki, vətəndaşlarla imzalanan müqavilələrin nümunəvi forması bu qanuna əlavə olunmalıdır”.