Göyçay rayonunda “Kiçik addımlar-böyük nəticələr” adlı layihə həyata keçirilib

09 iyul 2026-cı ildə Göyçay rayonunda Gənclər evində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi “Kiçik addımlar-böyük nəticələr” adlı layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

QHT.az bildirir ki, tədbirdə ictimai birliyin sədri Sveta Rəfiyeva qeyd edib ki, ölkəmizin 4 rayonunda keçiriləcək layihəmizin əsas ideyası insanlarda davamlı sağlam həyat tərzini formalaşdırmaq, bunu onların gündəlik tələbatına çevirmək, insanların öz sağlamlıqlarına məsuliyyətlərini artırmaq və beləliklə sağlam həyat tərzini yaşam tərzinə çevirmək də insanlara yardımçı olmaqdır.

Tədbir zamanı ictimai birliyin sədri Sveta Rəfiyeva iştirakçılara sağlam həyat tərzi haqqında geniş məlumat verib və bildirib ki, gələcəyin tibbi xəstəliklərin müalicəsinə yox, xəstəliklərin inkişaf riskinin azaldılmasına yönəldilib. Buna görə də sağlam həyat tərzinin təbliği məqsədi ilə maarifləndirməyə böyük ehtiyac var.

Tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında testlər verilmiş, bu testlərin cavabları əsasında hər bir iştirakçısına xüsusi yanaşılıb. Tədbir qarşılıqlı dialoq şəkildə keçib. İştirakçılar tədbirdə çox fəal iştirak etmiş və bu istiqamətdə tədbirlərin tez-tez keçirilməsini xahiş ediblər. Daha çox insanın maariflənməsi məqsədi ilə tədbirin sonunda tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında yaddaş vərəqələri paylanılıb.

Qeyd edək ki, layihə çərçivəsində növbəti tədbir Yevlax rayonlarında keçiriləcək.