İstisu yenə şöhrətini qaytaracaq


Hidayət Elvüsal: "Oranı tanıyan, mineral sulara bələd olan alimlər işə cəlb olunmalıdır"

"İstərdim ki, İstisuya qarşı da ölçülü davranılsın, sadə insanlar ora gedib müalicə ala bilsin. İstisu hamı üçün əlçatan olsun"

...İstisuda sanatoriyanın həyətində baş həkim onları görən kimi gülümsünüb:
- Bilirəm, - dedi, - niyə gəlmisiniz. Vurğun şeirinin ilahi gücü sizi çəkib
gətirib, şair aşağıdakı binada, on birinci otaqda qalır...
Səməd Vurğun eyvanda tək idi, kresloda oturmuşdu. Onları gülərüzlə

qarşıladı. Hiss olunurdu ki, təklikdən darıxıb, qonaqlarına oturmağa yer göstərdi.
Təklifini bir neçə dəfə təkrar elədi. Səfər də, Paşa da, qapının ağzında çəkinəcəkli dayanan çavan sürücü də ilahi vurğunluqla Vurğuna baxırdılar. Sürücünün qəribə, heyrətli baxışları sanki dilə gəlib deyirdi: Budumu şöhrəti düz-dünyanı tutan Səməd Vurğun?!. 

Şair həkimə yaxın yoldaşı kimi ərkyana müraciət edirdi:

- Dostların gətirdiyi dağ çiçəklərini dağların qoynunda qoymayın solmağa...”

Bu sətirlər araşdırmaçı-publisist, hərbi jurnalist Şəmistan Nəzirlinin “Yaddaşlarda yaşayan Vurğun” kitabındandır. Dahi şairimiz Səməd Vurğun 1955-ci ilin iyulunda Kəlbəcərin İstisu sanatoriyasında müalicə alıb. Görünür, kimsə şairə oranı məsləhət görübmüş. Kitabda həmçinin S.Vurğunun Dədə Şəmşirlə görüşü barədə də xatirəyə də yer verilib. Oxucumuz Səməd Vurğunun Kəlbəcərə - İstisuya səfərini niyə xatırlatdığımızı təxmin etdi, yəqin. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki nitqində Kəlbəcər, İstisu, orada görüləcək işlər barədə də danışdı: "İstisu sanatoriyası sovet vaxtında çox məşhur idi. Həm Azərbaycan sakinləri, həm sovet ittifaqının müxtəlif yerlərindən ora gələnlər çox idi. Amma biz Mehriban xanımla İstisuda olanda dəhşətli mənzərəni gördük. Sanatoriya, su mənbələri tamamilə dağıdılıb. Mən demişəm bu vəhşi qəbilə hər yerə burnunu soxub, o cümlədən oraya. Keçmiş sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni, müasir otel inşa edilsin. İndi təqribən 150-160 yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun istehsalına da başlamalıyıq. Bu göstəriş də verildi. İndi ilkin təmaslar olub və hesab edirəm ki, bu il hər iki vacib və böyük rəmzi məna daşıyan layihələrin təməli qoyula bilər". Prezident qeyd etdi ki, İstisuda yenə də beynəlxalq səviyyəli kurort yaranacaq: "Çünki Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Əminəm, çox vaxt keçməyəcək ki, İstisu yenə də öz şöhrətini qaytaracaq".

Cənab Prezidentin hər sözünün arxasında durduğuna şübhə yoxdur. Prezident bunu daim əməliylə təsdiq edir. Müzəffər ordumuzun, igid əsgərlərimizin şücaəti sayəsində erməni işğalından azad edilmiş Qarabağda həyatın hər gün necə dirçəldiyi göz önündədir. Kəlbəcər də, onun şəfalı bulaqları, suyu da qısa zamanda yenidən xalqın istifadəsinə veriləcək. Cənab Prezident tapşırıqlarını verib artıq. İstisunun bundan sonrakı ömrünün necə olacağını “Şərq”ə əslən Kəlbəcərdən olan peşəkar jurnalist, yazıçı, Azərbaycan oxucusunun həm də “Səhər” qəzetindən tanıdığı Hidayət Elvüsal anlatdı: 
- İstisu sanatoriyası sovet illərində ümumittifaq statusu almışdı. Cənab Prezidentin xatırlatdığı kimi ora sovet ittifaqınını hər yerindən gəlidilər, xarici ölkələrdən də həmçinin. İstisunun şöhrəti hər yerə yayılmışdı. Çünki həqiqətən də İstisu fövqəladə gücə - müalicə gücünə malikdir. Övladı olmayanlar İstisuda vanna qəbul edirdi, bu möcüzəvi sudan içirdi, övlad sahibi olurdu. İstisuyun bir neçə növü var. Eləsi var ki, dəridəki qüsurları aradan qaldırır. Eləsi də var, daxilə qəbul edilir və daxili orqanları müalicə edir. Yəni həm zahirə, həm də batinə təsir gücü var. Mərhum şairimiz Məmməd Aslan İstisuya gələrdi, ayaqlarını salardı suya, ayağında nə ki qabar var, hamısı tökülüb gedərdi. Deməli, bu suyun möcüzəsi budur ki, üstdə olan ölü hüceyrələri tökür, diri, yaşayan hüceyrələrsə yerində qalır. Diri hüceyrələri məhv olmur. İstisuyun qəribəliyi həm də bu idi ki, 5 dəqiqə soyuq su gəlirdi, ardınca isti su. İsti su ilə soyuq su belə növbələşirdi. Amma bir vaxt akademik Mirəli Qaşqay ora gəlib, bəlkə də nəsə ixtira etmək, suyun tərkibini, mənbəyini müəyyən etmək üçün bir buruq inşa etdirdi orda. O buruq inşa ediləndən su yoxa çıxdı, itib getdi. İsti su ilə soyuq suyun növbələşməsi də pozuldu. Bilirsiz, təbiətə heç vaxt əmr etmək olmaz. Gərək təbiətin təbiətini pozmayasan. Təbii olan, təbii olaraq da qalsın, saxlansın. 

H.Elvüsal İstisuyun öz əvvəlki şöhrətini qaytaracağına inandığını dedi: 

- Amma hesab edirəm ki, İstisu sanatoriyasıyla bağlı işlərdə mütləq mütəxəssislər iştirak etməlidir. Oranı tanıyan, mineral sulara bələd olan alimlər işə cəlb olunmalıdır. Bəzən düşünürəm ki, insanlar nahaq yerə yerin altındakı faydalı qazıntıları çıxarırlar. Məsələn, daş kömürü mən Yerin qara ciyəri hesab edirəm. Bəlkə də daş kömürü çıxarmaqla insanlar Yerin qara ciyərini sökürlər, dağıdırlar. Məlum məsələdir, hər bir nemət insan üçündür. Amma gərək qaydasında, bir ölçü daxilində olsun. İstərdim ki, İstisuya qarşı da ölçülü davranılsın, sadə insanlar ora gedib müalicə ala bilsin. İstisu hamı üçün əlçatan olsun. Allah-təala bu neməti bizə bəxş edibsə, ondan insanların faydalanmasına şərait yaradılmalıdır.