Qəhrəman oğullarımız unudulmayacaq

"Qəsəbələrdə küçələrimizə şəhidlərin adı verilməlidir"

Ədalət Verdiyev: "Bu tədbirlərdə iştirak edən yeniyetmələr, gənclər, lap kiçik yaşlı uşaqlar şəhidliyin necə uca məqam olduğunu anlayır, dərk edir, Vətəni müdafiə etməyin hər bir vətəndaşın birinci vəzifəsi olduğunu öyrənir"

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

   Xalqımız şəhidlərin, qəhrəman oğulların xatirəsini daim əziz tutur, Vətənin  müdafiəsində dayanan, sinəsini düşmənə sipər edənləri hər zaman ehtiramla yad edir. Bu ənənə nəsildən-nəslə ötürülür, xalqımızın qəhrəmanlıq dastanlarında, ədəbi nümunələrdə, mahnılarda tərənnüm edilir. Gənclərimiz də Vətəni sevməyi valideynlərindən öyrənir, qəhrəmanlıq ruhunun daşıyıcısına çevrilirlər.  Gənclərin vətənpərvər ruhda yetişməsində şəhidlərin xatirəsinə həsr olunan tədbirlərin keçirilməsi də böyük əhəmiyyət daşıyır. Müşahidə edildikdə bəlli olur ki, bu cür tədbirlərdə gənclər, yeniyetmələrlə yanaşı, azyaşlı uşaqlar da iştirak edir. Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, Birinci Qarabağ müharibəsi şəhidləri Emin Musayev, Adil Əliyev və Əli Həsənovun xatirəsinə dünən anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Mərasimdə çıxış edənlər şəhidlərimizin şərəfli ömür və döyüş yolundan, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əhəmiyyətindən danışıblar. Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Anım mərasimində şəhidlərimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib. Mərasimdə azyaşlı uşaqlar tərəfindən də Vətənə sevgi şeirləri ifa edilib. Oxşar məzmunlu tədbirlərin istər paytaxtda, istərsə də regionlarda, qəsəbələrdə müntəzəm keçirildiyini xatırlatmaq, bəlkə də artıqdır. Lakin bunu bir daha vurğulamaq istərdik ki, şəhidlərin, igid əsgərlərimizin xatirəsi bütün ölkə boyu daim qeyd edilir, ruhlarına ehtiram göstərilir. Bu səpkili tədbirlər rəngarəngliyi ilə seçiləndə xüsusilə yaddaqalan olur. 

Bir neçə gün əvvəl Qobustan rayonunda Qobustan Gənclər Evi və Qobustan rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Qalib Gənclərimizin “Zəfər Velo” yürüşü keçirildi. Qeyd edildiyi kimi tədbirin məqsədi Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq Rəşadətli Ordumuzun qazandığı Böyük Zəfərin başlanğıcı “Aprel döyüşləri” qəhrəmanlarını yad etmək və vətənpərvər gənclərimizin dövlətçilik naminə birliyini nümayiş etdirmək idi. Tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sağlam və vətənpərvərlik ruhu yüksək olan gənclərin yetişdirilməsi üçün aparılan gənclər siyasətindən danışılıb, eyni zamanda “Aprel döyüşləri” qəhrəmanları yad edilib və Qobustan gənclərinin yüksək  vətənpərvərlik ruhu müsbət qiymətləndirilib. Qobustan Gənclər evinin qarşısında “Velo yürüş"ün qırmızı lenti şəhidlərin valideynləri tərəfindən kəsilib və yürüşə start verilib. "Velo yürüş"ün marşrut xətti üzrə gənc idmançılar öncə Qobustan rayon Şəhidlər Xiyabanını, daha sonra şəhid Hacıyev Sərxan Eldar oğlunun xatirəsinə inşa edilmiş bulağı, şəhid Nadirov Fədail Fərhad oğlu adına əbədiləşdirilən şəhər mərkəzində yerləşən parkı və Vətən Müharibəsi Qəhrəmanı Elyar Arif oğlu Vəliyevin xatirəsinə inşa edilmiş bulağı ziyarət ediblər. "Velo yürüş"də ümumilikdə 30 velosiped sürən gənc iştirak edib. 

Bu cür tədbirlərin keçirilməsinin gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində xüsusi önəmi olduğunu vurğulayan hərbi ekspert, ehtiyatda olan zabit Ədalət Verdiyev “Şərq”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan xalqının şəhidlərini və qəhrəman oğullarını yaddan çıxarması mümkün deyil: 

- Vətənə sevgi, torpağa məhəbbət, Vətən uğrunda şəhidlik zirvəsinə ucalmağı ən ali məqam sayan xalqımızın şəhidləri, Vətən uğrunda canını verənləri, sağlamlığından keçənləri unutması, əlbəttə, qeyri-mümkündür. Vətən sevgisi hər bir övlada ana südü, ata öyüdüylə ötürülür. Amma məsələnin digər tərəfi şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsidir ki, bununla həm də gənclərin nümunəvi vətəndaş kimi yetişməsinə önəmli töhfə verilir. Bu tədbirlərdə iştirak edən yeniyetmələr, gənclər, lap kiçik yaşlı uşaqlar şəhidliyin necə uca məqam olduğunu anlayır, dərk edir, Vətəni müdafiə etməyin hər bir vətəndaşın birinci vəzifəsi olduğunu öyrənir. Təkcə tədbirlərlə də işimiz yekunlaşmamalıdır. Mən təkliflər səsləndirmişəm ki, şəhidlərimizin adları əbədiləşdirilməlidir. Nə qədər yeni qəsəbələr var ki, orada saysız-hesabsız adsız küçələr mövcuddur. Təcili yardıma zəng edəndə vətəndaş küçə adı, dəqiq ünvan deyə bilmir. Bu küçələrə şəhidlərimizin adı verilsə, bu həm şəhidlərin əziz ruhuna daha bir ehtiram əlaməti olar, həm də əhali şəhidə necə sayğı göstərildiyinə bir daha əmin olar. Şəhidin adını daşıyan, şəhidin xatirə lövhəsi olan küçədə yaşamaq, şəhidlə eyni məhəllənin “sakini” olmaq gənclərimizə daha yüksək stimul, daha yüksək ruh verər. Hesab edirəm ki, bu cür tədbirlər fasiləsiz keçirilməlidir. Cənab Prezidentin göstərişi ilə hər bir rayon icra hakimiyyətində şəhidlər, müharibə qaziləri, müharibə veteranları ilə bağlı ayrıca şöbə yaradıldı. Bu şöbələrin fəaliyyəti ondan ibarət olmalıdır ki, hər bir şəhid, qazi ailəsi barədə məlumatlara malik olsunlar, şəhidin doğum və şəhidlik tarixini qeyd etsinlər, bu tarixlərdə ailələrə səfər edib, onları yad etsinlər, xüsusi anım mərasimləri keçirsinlər. Və o ailələrin problemləri ilə maraqlansınlar, həllinə çalışsınlar. Dövlətimiz üzərinə düşəni onsuz da edir. Yerlərdə də dövlət orqanları şəhid ailələrini, qaziləri diqqətdən kənarda qoymamalıdır. Daim onlarla maraqlanmalı, sosial vəziyyətlərindən xəbərdar olmalıdırlar.

Ə.Verdiyev bildirdi ki, bu gün bayrağımız Şuşada, eləcə də işğaldan azad edilmiş digər ərazilərimizdə dalğalanırsa, bunun əsas səbəblərindən biri də əsgər valideynlərinin dik dayanmasıdır: 

- Müharibədə əsgər əsgərə qalib gələ bilər. Əsas bir xalqın digər xalq üzərində qələbə çalmasıdır. Biz Böyük qələbəmizi həm də dik dayanan əsgər analarının, şəhid valideynlərinin, igid əsgərlər yetişdirmiş ata-anaların, təqaüdünü son manatadək ordumuza bağışlayan rəşid babaların hesabına qazandıq. Şəhid valideynlərin “qürurluyam, çünki oğlum Vətən uğrunda şəhid olub”, deyərək vüqarla dayanan ata-anaların hesabına biz bu gün qələbədən danışırıq. Şəhidlərimizlə yanaşı, bu valideynlər də hər bir gəncimizə əsl nümunədir, əvəzsiz örnəkdir