Siyasi elitada baş verənlərdən aydınlaşır ki, Ermənistan 2020-ci il üçtərəfli bəyanatında əks olunmuş və sonrakı bəyanatlarla möhkəmləndirilmiş öhdəlikləri yerinə yetirmir. Onlar kommunikasiyaların açılmasını, sərhədlərin müəyyənləşməsi prosesini yubadır.
Birinci Qarabağ müharibəsində əsir düşmüş minlərlə azərbaycanlının taleyi və kütləvi məzarlıqlar haqda məlumat ötürməkdən, vaxtilə işğal altında saxladığı ərazilərin minalanması xəritələrini verməkdən imtinalarını vurğulayırlar. UNESCO-nun Ermənistandakı Azərbaycan tarixi irsinin monitorinqini sabotaj edir, Zəngəzur dəhlizi məsələsini uzadır və s.
Ermənistan sərhədlərin delimitasiyası və sülh müqaviləsinə dair Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları pozduğu aydın sezilir.
Prezident İlham Əliyev də Azərbaycanın hər zaman öhdəliklərə sadiq qaldığını dəfələrlə diqqətə çatdırıb:
" Aprelin sonuna qədər görüşə hazır olduğumuzla bağlı Avropa İttifaqı Şurasının prezidentinin iştirakı ilə söz vermişdiksə, biz buna sadiq idik. Lakin, biz eyni məsuliyyəti Ermənistan tərəfindən də görməliyik".
Aİ Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə aprelin 6-da Brüsseldəki razılaşmaya görə, aprelin 29-na qədər hər iki tərəf sülh müqaviləsinin bağlanması və sərhədlərin delimitasiyasına dair işçi qrup yaratmalı, müvafiq görüşlər keçirilməli idi. Lakin Azərbaycan işçi qrupunu vaxtında yaratsa da, Ermınistan tərəfindən real hərəkətlilik yoxdur.
Ermənistan sərhədlərin delimitasiyasına görə, ilk görüşün iki ölkənin sərhədində keçirilməsi barədə təklif irəli sürmüşdü, Azırbaycan da bu təklifi dəstəkləmişdi. Amma Ermənistan artıq aprelin 29-na razılaşdırılmış görüşü ləğv etdi, daha sonra isə 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi barədə razılaşmanı icrasını gerçəkləşdirmədi.
Öz öhdəliklərini addımbaşı pozan Ermənistanın addımları məsuliyyətsizlik və sabotajdır. Bütün razılaşmaları pozan Ermənistanın XİN- başçısı gözlənilmədən Rusiyanın TASS agentliyinə sərhədlərin delimitasiyası və sülh danışıqlarına dair görüşün Moskvada keçirilmədinə hazır olduqlarını açıqlayır.
Ermənistanın riyakar siyasəti nəticəsində İrəvan həm KTMT-də “küskün” vəziyyətdədir, həm Rusiyanın, həm Brüsselin gözündə prinsipsiz, öhdəlikləri pozan, etimad doğurmayan tərəf kimi qəbul olunur.
Bu, bir daha göstərir ki, Ermənistan müstəqil dövlət deyil, Rusiya Federasiyasının koloniyası, regionda “Kalininqrad”dır.
Vədlərini yerinə yetirməyən Ermənistanın yürütdüyü qeyri-konstruktiv siyasət barədə "Sherg.az"a danışan siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, bölgənin gələcəyi ilə bağlı Qərb və Rusiya olmaqla iki masada müzakirələr və razılaşmalar var:
"Ermənistanı çıxılmaz vəziyyətə salan hər iki masadakı razılaşmaların Azərbaycanın gündəliyinə uyğun gəlməsidir. Hansı tərəfin vasitəçilik etdiyi razılaşmaların icrasından asılı olmayaraq, nəticədə Bakının istədiyi kimi sərhədlər müəyyənləşməli, kommunikasiya açılmalı, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına əl çəkəyəcəyi sülh sazişi imzalanmalıdır.
Qərb masasında sülh sazişinin daha tez icrası istənilir. Rusiya masasında isə Moskva müəyyən maraqlarının nəzərə alınmasına çalışdığı üçün prosesi bir qədər uzada bilər.
Lakin nəticə etibarilə hər kəsin çıxdığı qapı eynidir. Ermənistan da bu perspektivin qarşısını almağın çətinliyini başa düşür. Amma mümkün qədər istəklərinin də nəzərə alınmasına səy göstərir. Prosesi uzatmağı da bundan qaynaqlanır".
Analitikin fikirlərinə əsasən, rəsmi İrəvan istəyir ki, sərhədlərin müəyyənləşməsi SSRİ dövründəki xəritələrlə yox, SSRİ dağılanda mövcud olan xətlərlə həyata keçirilsin:
"Həm anklavları, həm də otlaq və əkin sahəsi adı ilə Ermənistan SSR-yə verilən əraziləri qaytarmasın. Sülh sazişi imzalanmadan kommunikasiyanın açılmasını, müqaviləni isə müzakirə mərhələsində saxlamağa çalışır. Hazırda Ermənistanın prosesi uzatması üçün müəyyən şəraitin yarandığını da deyə bilərik.
Çünki Ukrayna müharibəsindən sonra Qərb və Rusiya Cənubi Qafqazda da açıq yarışa başlayır və hər iki tərəf təşəbbüskarlığa can atır. Hər iki tərəfdəki razılaşma Azərbaycanın maraqlarına cavab verdiyinə görə, Bakı üçün kimin iştirakından daha çox, nəticəyə gəlinməsi əsasdır. İki cəbhə oyunu Ermənistanın üzərindən qurur. İrəvana bir masada istədiyini almayanda, o biri masaya qaçmağa imkan yaradır.
Lakin Qərb və Rusiya üçün bölgədə əsas amil Azərbaycandır. Belə demək mümkünsə, hər iki tərəfin istəyi bölgədə təsir gücünü artırmaq və Azərbaycanı qazanmaqdırsa, Ermənistan bu hədəfə çatmaq üçün istifadə olunan alətdir. Bakının prosesin uzanmasına imkan vermək niyyəti yoxdur, aydın görünür. Həm Qərbdə, həm də Rusiya durumu anlayır.
Fikrimcə, İrəvanın prosesi uzatmaq oyunu hərbi gərginliyin ön plana çıxmasına şərait yarada bilər. Növbəti gərginlik isə Ermənistan üçün heç də müsbət nəticələr vəd etmir".