O gün gəldi: Yaxın günlərdə zəngilanlı ailələr doğma yurdlarına köçürüləcək



İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"


  Azərbaycan dövləti üçün prioritet məsələ işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsidir. Ölkə rəhbərliyi Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Hazırda işğaldan azad olunan ərazilərdə görülən önəmli fundamental işlər Azərbaycanın bu istiqamətdəki gücünü bir daha göstərir. Məsələ eyni zamanda Azərbaycan ictimaiyyətinin və cəmiyyətinin də daim diqqətindədir.
  Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə gedir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.

  Prezident İlham Əliyevin növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair  müəyyənləşdirdiyi 5 milli prioritetin bir bəndi məhz işğaldan azad olunmuş ərazilərə Böyük qayıdış planının reallaşması prosesidir. Bu gün həmin ərazilərdə həyata keçirilən işlər deməyə əsas verir ki, 2022-ci il Azərbaycan tarixinə böyük qayıdış ili kimi düşə bilər. Çünki dövlət başçısının bu yaxınlarda Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, “Böyük Qayıdış”a gedən yol uzaq deyil və bu tarixi yola ilk çıxan Ağalı kəndinin sakinləridir.
  Yaxın zamanlarda Azərbaycan işğaldan azad etdiyi torpaqlarda ilk məskunlaşma prosesinə start verəcək. Zəngilan rayonunun Ağalı kəndlərində inşa edilən ilk “ağıllı kənd”ə əhalinin köçürülməsi üçün hər şey hazırdır.  Yaxın günlərdə Ağalı kəndinin sakinləri öz kəndlərinə köçüb, orada yaşayacaqlar.

  Hazırda Ağalı kəndində təmir-bərpa işlərində çalışan Zəngilan rayonunun Ağalı kənd sakini Vəliyəddin Paşayevin sözlərinə görə, ilkin olaraq 41 ailənin köçürülməsi iyul ayının 19-20-də gerçəkləşəcək. Ailə üzvlərimiz gedib analiz verəcək, testdən keçəcəklər. Bu prosedurlar da köç prosesi üçün nəzərdə tutulub. Artıq köç prosesinə hazırlıqlar görülür.
  İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə köçəcək ailələrdən biri də Ceyhun və Nərmin Həsənovlardır. Həmin günü səbirsizliklə gözləyən keçmiş məcburi köçkün ailəsi artıq bütün əşyalarını yığıb, köçün başlayacağı saatı gözləyirlər.
  Ceyhun Həsənov Zəngilan Rayon İcra Hakimiyyətində şöbə müdiri işləyir. Həyat yoldaşı Nərmin Həsənova isə Ağalı kəndində fəaliyyətə başlayacaq yeni məktəbin direktorudur. Yeni ailə quran cütlük bundan sonrakı həyatlarını doğma Ağalı kəndində davam etdirəcəklər.

  AzVision.az -a danışan C.Həsənov tarix yaxınlaşdıqca keçirdikləri hissləri sözlə ifadə etməyin çətin olduğunu vurğulayıb. Deyib ki, ancaq tarixi anı yaşayanlar nə hiss etdiklərini bilər:” Ağalı kəndindən çıxanda 8 yaşım var idi. Beynimdə ancaq uşaqlıq xatirələri, evimiz, küçəmiz qalıb. Torpaqlarımız işğaldan azad olunandan sonra kəndimizə getmişdik. Sevinirəm ki, 30 ildən sonra dədə-baba yurduna qayıdırıq. Evimizin yerində salınan kənd əvvəlkindən də möhtəşəmdir və Qafqazda analoqu yoxdur. Ora qayıtdıqdan sonra vəzifəmizi layiqincə yerinə yetirməyə çalışacağıq. Bizə bu sevinci yaşadan Ali Baş Komandana, igid ordumuza minnətdaram. Allah qazilərimizə can sağlığı versin, şəhidlərimizə rəhmət etsin".

  Həsənovlar ailəsi Ağalı kəndində 30 nömrəli evdə qalacaq. Amma ailə yaşayacaqları evi hələ görməyib: "Nömrəsini bilirik, amma evimizi köç zamanı görəcəyik. İmkan daxilində kənd təsərrüfatı ilə də məşğul olmaq niyyətindəyəm".

  Millət vəkili Ceyhun Məmmədov isə deyib ki, keçmiş qaçqın və məcburi köçkünlər həmişə öz yurd-yuvalarına qayıdacaqları günü gözləyiblər. Artıq həmin o gün gəlib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz torpaqlarımızı erməni işğalından azad edib: “30 ilə yaxın erməni tapdağında qalmış tarixi torpaqlarımızda müasir innovasiyaların tətbiqi ilə quruculuq işləri icra edilir. “Ağıllı şəhər” və “Ağıllı kənd” layihəsi də ölkəmizdə ilk dəfə olaraq işğaldan azad edilən ərazilərimizdə böyük uğurla tətbiq edilib. 
 “Ağalıda “Ağıllı kənd” layihəsi ilə müasir evlər tikilib. Həmin kəndin sakinlərinin o evlərdə yaşaması üçün bölgü aparılıb. Yaxın günlərdə zəngilanlı ailələrin ora köçürülməsi nəzərdə tutulur. Bu isə artıq "Böyük Qayıdış"ın başlanğıcı hesab edilir”. 
  Millət vəkili hesab edir ki, Zəngilan rayonu Ağalı kəndində insanların qayıdışı, orada bütün zəruri imkanlarla təmin edilmiş evlərdə yaşaması dövlətimizin diqqətinin bariz nümunəsidir: “Böyük Qayıdış" sözsüz ki, insanların azad edilmiş ərazilərdə məskunlaşması ilə kifayətlənmir. Məskunlaşma ilə yanaşı burada məktəblər, bağçalar, xəstəxanalar tikilir, insanların məşğulluğunu təmin etmək üçün də mühüm addımlar atılır. “Ağıllı kənd” layihələrində əsas hədəf və məqsəd o olub ki, ora qayıdan insanlar işlə təmin olunsun. 

Bu prinsip artıq nəzərə alınıb. Bütün bunlar isə öz ata-baba yurduna qayıdan insanların məşğulluğuna, sosial təminatına yönələn addımlardır”.